Rumıniya İsrail şirkətinə sərt xəbərdarlıq edib

2026/04/fdsfs-1776840601.jpg
Oxunub: 367     10:50     22 Aprel 2026    
Rumıniyanın müdafiə naziri Radu Miruta tədarükləri üçüncü dəfə gecikdirilən “Watchkeeper X” pilotsuz uçuş aparatı proqramı çərçivəsində “Elbit Systems” şirkətinin baş icraçı direktoru Bezhalel Maçlisə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, Rumıniya Milli Müdafiə Nazirliyi ilə israilli müdafiə şirkəti “Elbit Systems” arasında həyata keçirilən “Watchkeeper X” taktiki pilotsuz uçuş aparatı proqramındakı tıxanma diplomatik böhran səviyyəsinə çatıb.

“Defense Romania”nın yaydığı xəbərə görə, 2026-cı il aprelin 17-si cümə günü Buxarestdə baş tutan kritik zirvədə Rumıniyanın müdafiə naziri Radu Miruta “Elbit Systems”in baş icraçı direktoru Bezhalel Maçlisə ən sərt xəbərdarlığını edib: /”Əgər tədarüklər dərhal başlamasa, 1,89 milyard Ley (təxminən 410 milyon dollar) dəyərindəki müqavilə birtərəfli qaydada ləğv ediləcək”.

2023-cü ildə imzalanan müqaviləyə əsasən ilk üç taktiki sistemin 2025-ci ilin iyununda təhvil verilməsi lazım idi. Lakin İsrailin bölgədəki hərbi əməliyyatları səbəb göstərilərək tədarük tarixləri əvvəlcə 2025-ci ilin oktyabrına keçirildi. “Elbit Systems”in 2026-cı ilin martında baş verən “Lion’s Roar” əməliyyatını əsas gətirərək üçüncü dəfə fors-major tələb etməsi Rumıniya tərəfindən qəti şəkildə rədd edilib. Nazirlik gecikmənin əməliyyatdan xeyli əvvəl başladığını və hüquqi azadolma sərhədlərinin aşıldığını vurğulayıb.

Proses dayanma nöqtəsinə çatdıqdan sonra Rumıniya Milli Müdafiə Nazirliyi gecikmə cəriməsi olaraq “Elbit”ə bu günədək 265.552.469 Ley (təxminən 60 milyon dollar) məbləğində cərimə hesablayıb. Bu maliyyə yükü proqramın iqtisadi davamlılığını təhdid edərkən Rumıniya Müdafiə Nazirliyi aprelin sonunda keçiriləcək texniki qəbul sınaqlarının uğursuz olması halında ləğv maddəsini aktivləşdirəcəyini bildirib. Rumıniyanın prioriteti artıq kağız üzərindəki razılaşmalar deyil, sahədə aktiv şəkildə istifadə ediləcək müşahidə və zərbə qabiliyyətinə malik fiziki sistemlərə çatmaqdır.

Tənqidlərin hədəfində olan Bezhalel Machlis isə Rumıniyadakı yerli sənaye izinə diqqət çəkərək gərginliyi azaltmağa çalışıb. “Elbit” Rumıniyanın onlar üçün Avropa pilotsuz uçuş aparatı mərkəzi olduğunu, ölkədə 7 fabrikdə 1.000-dən çox əməkdaşa sahib olduqlarını xatırladıb. Machlis istehsal prosesinin son mərhələdə olduğunu bildirərək tədarüklərin 2026-cı ilin ortalarına qədər tamamlanacağı öhdəliyini yenidən təkrarlayıb.

“Watchkeeper X” Rumıniya ordusunun kəşfiyyat və zərbə arxitekturasında “Taktik-Operativ pilotsuz uçuş aparatı” kimi əsas rol oynayacaq. Lakin nazirlik bu strateji əhəmiyyətin təchizatçını tender qanunlarından və müqavilə intizamından azad etməyəcəyi mövzusunda qətiyyətlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   İsrail  


Bizi "telegram"da izləyin