Slovakiya sifariş etdiyi F-16-ların hamısını təhvil aldı

2026/04/1776789436.jpg
Oxunub: 583     20:35     21 Aprel 2026    
Slovakiya sifariş etdiyi F-16 “Block 70” döyüş təyyarələrinin hamısını təhvil aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, “Lockheed Martin” son təyyarəni ABŞ-dəki hava bazasında Slovakiyaya təhvil verdiyini açıqlayıb.

Slovak hərbi rəsmiləri Tusondakı təlim prosesinin əhəmiyyətinə diqqət çəkərək qeyd edib: “Müasir təyyarələrə sahib olmaq təkbaşına kifayət deyil, bu sistemləri təsirli şəkildə istifadə etməyi də bilmək lazımdır. Təlim tamamlandıqdan sonra bütün döyüş təyyarələri mərhələli şəkildə Slovakiyaya köçürüləcək”.

Slovakiya 2018-ci il dekabrda tək və iki oturacaqlı C/D konfiqurasiyasında ümumilikdə 14 ədəd F-16V “Block 70” döyüş təyyarəsi üçün 1,58 milyard avro dəyərində müqavilə imzalamışdı.

“MiQ-29”ları əvəz edir

ABŞ istehsalı yeni təyyarələr Slovakiya Hərbi Hava Qüvvələrinin inventarında olan və 2023-cü ildə Ukraynaya verilən köhnə MiQ-29-ların yerini alacaq. Razılaşma çərçivəsində yalnız təyyarə təhvili deyil, eyni zamanda 22 pilot ilə 160 zabit və yer heyətinin təlimi də yer alıb.

Bu tipdə ilk iki təyyarə 2024-cü il yanvarda rəsmi olaraq Slovakiya Hərbi Hava Qüvvələrinə təhvil verilmiş, lakin uçuş təlimi üçün ABŞ-də saxlanılmışdı. Sözügedən təyyarələr 2024-cü il iyulda Slovakiyaya çatıb və “Sliaç” Hava Bazasındakı 81-ci Hava Qanadına bağlı 1-ci Qırıcı Eskadrilyasına ayrılıb.

2025-ci il dekabrın sonunda “Lockheed Martin” Slovakiya üçün istehsal edilən 14 ədəd F-16 “Block 70” təyyarəsinin istehsalının tamamlandığını açıqlamışdı.

Baxım infrastrukturu və yeni alış planı

Proqram çərçivəsində baxım və təmir sahəsində də mühüm addım atılıb. Slovak şirkəti “Letecké opravovne Trenčín” ilə Norveçin “Kongsberg Aviation Maintenance Services” şirkəti arasında Slovakiyada F-16 baxımı və təmirinə yönəlmiş razılaşma imzalanıb.

Bu əməkdaşlıq sayəsində təyyarələrin baxım və təmir fəaliyyəti Slovakiya Müdafiə Nazirliyinə məxsus Trençindəki LOTN müəssisəsində həyata keçiriləcək. Sözügedən müəssisə daha əvvəl L-39 “Albatros” təlim təyyarələri, L-410 “Turbolet” nəqliyyat təyyarələri və Mi-8 helikopterlərinin baxımında ixtisaslaşmışdı.

Digər tərəfdən Slovakiya 2026-cı il fevralın əvvəlində ABŞ ilə əlavə dörd ədəd F-16 döyüş təyyarəsinin tədarükü üçün danışıqlara başlayıb. Hökumət bu tələbi hava məkanının tam suverenliklə qorunmasını təmin etmək məqsədi ilə əsaslandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   F-16  


Bizi "telegram"da izləyin