Kosmosa buraxılan yerli texnologiya ilə hədəf “kvant interneti” - VİDEO

2026/04/1776786831.jpg
Oxunub: 748     19:52     21 Aprel 2026    
Türkiyə şirkətlərinin kosmosa yönəlmiş texnologiya inkişaf etdirmə işləri sürət kəsmədən davam edir.

Ordu.az xəbər verir ki, ötən ay ABŞ-də “SpaceX”in “Transporter-16” missiyası çərçivəsində ASELSAN və “Fergani Uzay”ın yeni peykləri uğurla kosmosa buraxılıb.

Eyni missiya çərçivəsində kosmosa buraxılan texnologiyalar arasında Türkiyə şirkəti “Qubitrium” tərəfindən hazırlanan “QubitCore” da yer alıb. Kosmos əsaslı kvant rabitə missiyaları üçün hazırlanan bu texnologiya kub peykə uyğun kvant açar paylama sistemi kimi fəaliyyət göstərir.

Kvant fizikasına əsaslanan, qırılması çətin, sürətli və təhlükəsiz rabitə infrastrukturu yaratmağı hədəfləyən şirkət fəaliyyətini İstanbuldakı mərkəzində davam etdirir.

“Qubitrium”un təsisçisi doktor Kadir Durak AA müxbirinə açıqlamasında kvant sahəsindəki fəaliyyətlərinin 2008-ci ilə uzandığını, şirkətin isə 2020-ci ildə qurulduğunu bildirib: “Komandamız çox gənc komandadır. Hazırda 24 nəfərik. Niderlandda bir filialımız var. Komandanın yarısı universitetdən tələbələrimdir. Akademik fəaliyyət apararkən istədiyimiz qabiliyyətlərə malik insanlar yetişmiş olur. Onlarla yolumuza davam edirik”.

Kvant qavrama və kvant rabitəsi sahələrində məhsullar hazırladıqlarını deyən Durak paylanmış kvant hesablama sahəsinə yönəlmiş həllər üzərində də işlədiklərini bildirib.

“Starlink” layihəsinin kvant versiyasını yaratmağa çalışırıq

Durak kosmosda çalışan bir məhsulun kommersiya baxımından təqdim edilə bilməsi üçün kosmos keçmişinin mühüm olduğunu vurğulayaraq, bu çərçivədə texnologiyalarını kosmosa göndərərək lazım olan istinad bazasını formalaşdırdıqlarını söyləyib.

Növbəti mərhələdə kvant interneti ilə qavrama, rabitə və paylanmış kvant hesablama sahələrində inteqrə edilmiş quruluş yaratmağı hədəflədiklərini bildirən Durak qeyd edib: “Bunun üçün kosmosda dolaşıqlıq mənbəyinə ehtiyacınız var. Bizim etdiyimiz iş kosmosda dolaşıqlıq mənbələrini işlədərək Yerə fotonları, yəni işıq hissəciklərini ötürməkdir”.

Dünya üzrə çox sayda kvant texnologiyası şirkətinin olduğunu bildirən Durak bunları qeyd edib:

“Biz fərqli olaraq çəki, həcm və elektrik gücü ehtiyacı baxımından kvant texnologiyasını minimallaşdırıb kommersiya baxımından daha aşağı xərclə kosmosa göndərilə bilən hala gətiririk. Uzunmüddətli perspektivdə şəbəkə quraraq kvant internetini reallaşdırmağı hədəfləyirik. Qlobal kvant internetini qura bilməyin yolu kub peyk texnologiyasından istifadə etməkdir. “Starlink” layihəsinin kvant versiyasını yaratmağa çalışırıq. Kvant internetinin qurula bilməsi üçün lazım olan texnologiyaları hazırlayıb kommersiyalaşdırırıq”.

Durak yaxın zamanda yeni layihəyə başladıqlarını bildirib: “Kosmos əsaslı kvant yaddaşı hazırlayırıq. Bunu da yenə bir buraxılışla taclandırmaq istəyirik. AR-GE prosesinin sonunda “QubitCore” kimi kommersiya məhsuluna çevirməyi hədəfləyirik”.

“Miniatürləşdirib modulyar quruluşda çoxsaylı modulu birləşdirib kosmosa göndərdik”

Durak Niderlandın Dövlət Araşdırma İnstitutu ilə əməkdaşlıqlarına da toxunub. “Müxtəlif araşdırma institutları bunu əlçatan görür və bu texnologiyanı bizdən satın alırlar. Öz faydalı yüklərini, kvant işlərini hazırlayıb buraxırlar. Bundan sonra da yenə kosmosa faydalı yük buraxmaq hədəflərimiz var, amma biz özümüzü davamlı peyk buraxan şirkət kimi deyil, peyk buraxdıran və bunun üçün kvant modullarını təmin edən şirkət kimi görürük”, - deyə o qeyd edib.

Ötən ay kosmosa buraxılan “QubitCore”un 30 müxtəlif alt moduldən ibarət olduğuna diqqət çəkən Durak sözlərini belə davam etdirib: “QubitCore”da 8 ədəd tək foton detektoru var. Normalda bir tək foton detektoru kifayət qədər böyük moduldur və çəkisi 1 kiloqramdan çoxdur. Bizim ümumi modul isə həmin çəkidədir. Hər bir detektoru baş barmaq ölçüsünə endirdik. Miniatürləşdirib modulyar quruluşda çoxsaylı modulu birləşdirib kosmosa göndərdik və hazırda hamısını sınaqdan keçiririk. Buraxılışı xərc baxımından səmərəli hala gətirmədikcə kvant interneti reallaşmayacaq. Kommersiya nümunələrinə fokuslandıqda texnologiyamızla dünya üzrə bu sahədə önə çıxırıq”.

Durak Prezident yanında Müdafiə Sənayesi Komitəsi başda olmaqla bəzi müdafiə şirkətləri ilə əməkdaşlıq etdiklərini bildirib: “NATO da kvant texnologiyasına maraq göstərdi və dərin texnologiyalar üçün DIANA adlı proqram başladıb. Biz də NATO-nun dəstəklədiyi şirkətlərdən biriyik”.

Müdafiə sənayesindən telekommunikasiyaya qədər çoxsaylı sektorla əməkdaşlıq

Türkiyədə kvant texnologiyalarına yönəlmiş marağın artdığını vurğulayan Durak müdafiə, telekommunikasiya, enerji və maliyyə kimi müxtəlif sektorlara yönəlmiş həllər hazırladıqlarını bildirib.

“Yaxın zamanda “Türk Telekom”la bir razılaşmamız oldu. Kvant həllərini tətbiq etmək istəyən və 6G üzərində çalışan AR-GE komandaları ilə əməkdaşlıqlarımız davam edir. Təhlükəsiz rabitə şəbəkələri üzərində məhsul hazırlama yönümlü işlər aparırıq”, - deyə o vurğulayıb.

NATO tədbiri çərçivəsində pilotsuz uçuş aparatları ilə kvant rabitəsi nümayişi həyata keçirdiklərini bildirən Durak sözlərini belə tamamlayıb: “Pilotsuz uçuş aparatları ilə dolaşıqlıq paylanması etdik. Bu çərçivədə sürü pilotsuz uçuş aparatları ilə sahədə istifadə oluna biləcək texnologiya hazırlamağa fokuslanırıq. Pilotsuz uçuş aparatlarının istifadəsində fasiləsiz rabitə lazımdır. Rabitə kəsildikdə pilotsuz uçuş aparatı nəzarətdən çıxa bilir. Bunun qarşısını almaq üçün hazırda fiber həllərdən istifadə olunur, lakin bu ideal üsul deyil. Kvant rabitəsi ilə bu problemi aşmaq mümkündür. Müdafiə sahəsində həyata keçirdiyimiz kvant LİDAR layihəsi də bu ehtiyaca həll təqdim edir”.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kosmos   Türkiyə   Qubitrium  


Bizi "telegram"da izləyin