“Fincantieri” müdafiə portfelini avtonom sistemlərlə genişləndirir

2026/04/1776785927.jpg
Oxunub: 482     19:37     21 Aprel 2026    
“Fincantieri” ABŞ-dəki törəmə şirkəti “Fincantieri Marine Group”un “Saildrone” tərəfindən hazırlanmış “Spectre” adlı yeni sinfinə məxsus yüksək sürətli insansız dəniz platforması istehsal edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, elan Merilend ştatında keçirilən “Navy League Sea-Air-Space” sərgisi zamanı edilib.

Sözügedən əməkdaşlıqla “Fincantieri”nin avtonom dəniz sistemlərində rolunun genişləndirilməsi və pilotsuz platformaların şirkətin müdafiə portfelinə inteqrasiya edilməsi hədəflənir.

Şirkətin verdiyi məlumata görə, “Spectre” xüsusilə sualtı qayıqlara qarşı müdafiə müharibəsi fokuslu olmaqla çoxtapşırıqlı dəniz əməliyyatları üçün hazırlanıb.

Şirkətin məlumatına görə, təxminən 52 metr uzunluğunda olan platformanın subasımı qabiliyyəti 250 ton civarındadır və maksimal sürəti 30 knotadək çatır.

Gəminin inşası Viskonsin ştatındakı “Fincantieri Marine Group” gəmiqayırma zavodlarında mövcud infrastruktur və işçi qüvvəsindən istifadə edilərək həyata keçiriləcək.

Proqramın şirkətin qabaqcıl gəmilərin seriyalı istehsalındakı təcrübəsinə əsaslandığı bildirilib.

Rəsmilər platformanın bir sıra tapşırıqları dəstəkləmək üçün hazırlandığını və əməliyyat tələblərinə bağlı olaraq müxtəlif faydalı yüklər və sistemlərlə uyğunlaşdırıla biləcəyini bildiriblər.

“Fincantieri”nin baş direktoru Pierroberto Folqiero da layihənin şirkətin inteqrasiya edilmiş dəniz sistemləri sahəsində böyümə və müttəfiq donanmaların inkişaf edən əməliyyat ehtiyaclarını dəstəkləmə strategiyasını əks etdirdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fincantieri   Avtonom-sistem  


Bizi "telegram"da izləyin