MKE gücünü artırır: 155 mm sursat istehsalında böyük sıçrayış

2026/04/1776785882.jpg
Oxunub: 454     19:33     21 Aprel 2026    
“Makine ve Kimya Endüstrisi”nin (MKE) baş direktoru İlhami Keleş qurumun istehsal gücü, texnologiya yatırımları və ixrac hədəfləri ilə bağlı geniş qiymətləndirmələr apararaq, şirkətin çoxşaxəli transformasiya prosesindən keçdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, MKE baş direktoru İlhami Keleş davam edən investisiyalar tamamlandıqdan sonra MKE-nin həm güc, həm də texnoloji qabiliyyət baxımından yeni səviyyəyə çatacağını vurğulayıb.

1,5 milyard dollarlıq investisiya prosesi davam edir

MKE-nin hazırda 10 müxtəlif zavodda, 8 ayrı məkanda istehsal fəaliyyətini davam etdirdiyini bildirən İlhami Keleş mövcud infrastrukturun modernləşdirilməsi və yeni nəsil təhdidlərə uyğun sistemlərin hazırlanması məqsədilə geniş investisiyalar həyata keçirildiyini qeyd edib.

Keleş bu proseslə bağlı aşağıdakı məlumatları paylaşıb: “Hazırda “Makine Kimya”nın bu istiqamətdə 1,5 milyard dollarlıq investisiya prosesi davam edir. Bu il üçün nəzərdə tutulan 818 milyon dollarlıq investisiya davam edir”.

İnvestisiyalar çərçivəsində istehsal infrastrukturunun modernləşdirildiyini bildirən Keleş MKE-nin eyni zamanda Türkiyənin ən böyük maşın alıcılarından birinə çevrildiyini və 351 ədəd yeni dəzgahın inventara daxil edildiyini söyləyib.

Ucdan-uca istehsal qabiliyyəti ön plana çıxır

MKE-nin ən mühüm üstünlüklərindən birinin istehsal prosesinin tamamını bir dam altında həyata keçirə bilməsi olduğunu vurğulayan Keleş belə deyib: “Partlayıcının ən son xammalından sursatın son vəziyyətinə qədər, onları atan silahların poladından son məhsuluna qədər bütün prosesi bir dam altında həyata keçirə bilən dünyadakı nadir şirkətlərdən biriyik”.

Bu çərçivədə o, sursatın kimyası, mexaniki sistemlər və silah istehsalının inteqrasiya edilmiş şəkildə aparıldığına diqqət çəkilib.

155 mm sursatda güc artımı

Artan qlobal tələbat doğrultusunda xüsusilə artilleriya sursatına yönəlimiş investisiyaların sürətləndiyini bildirən Keleş 155 mm sursat istehsalında 5400 faiz nisbətində güc artımının hədəfləndiyini açıqlayıb.

Sözügedən investisiyaların böyük hissəsinin 2026-cı ilin son rübündə tamamlanması, qalan hissəsinin isə məhdud ölçüdə 2027-ci ilə keçməsi gözlənilir.

TOLGA sistemi ixrac fokusundadır

MKE-nin hazırladığı TOLGA Yaxın Hava Hücumundan Müdafiə Sisteminə beynəlxalq marağın artdığını bildirən Keleş xüsusilə Orta Şərq və Baltik ölkələrindən güclü tələbat gəldiyini qeyd edib.

Keleş proseslə bağlı belə qiymətləndirmə aparıb: “Xüsusilə son inkişaflardan sonra Körfəz ölkələrindən çox sürətli tələblər gəlməyə başladı. Anbarda olsa, dərhal göndəriləcək səviyyədə tələblər var”.

Misir, Səudiyyə Ərəbistanı və Qətərlə yanaşı, dörd müxtəlif ölkə ilə danışıqların davam etdiyini bildirən Keleş Baltik ölkələrinin də artan təhlükəsizlik narahatlıqları səbəbindən sistemə maraq göstərdiyini çatdırıb.

TOLGA-ya lazer və mikrodalğa qabiliyyəti əlavə olunur

TOLGA sisteminin yeni komponentlərlə inkişaf etdirildiyini açıqlayan Keleş lazer və mikrodalğa əsaslı həllərin sistemə inteqrasiya edildiyini bildirib: “TOLGA ailəsinə yeni üzvlər qatılır. Lazer və mikrodalğa qabiliyyətlərini əlavə edirik. Bundan başqa, raket və önləyici sistemlərlə çox təbəqəli quruluş yaradırıq”.

Sistemin süni zəka dəstəkli komanda-idarəetmə infrastrukturu və AESA radarlarla inteqrasiya edilmiş şəkildə işlədiyi bildirilərkən, yeni qabiliyyətlərin SAHA EXPO-da nümayiş etdiriləcəyi qeyd olunub.

Dəniz platformalarına inteqrasiya başladı

TOLGA sisteminin yalnız quru platformaları ilə məhdudlaşmadığını bildirən Keleş dəniz platformalarına inteqrasiya işlərinin də başladığını açıqlayıb.

Bu çərçivədə 20 mm silah sistemlərinin gəmilərə inteqrasiya edildiyini bildirən Keleş aşağıdakı məlumatı verib: “Gəmilərin kamikadze insansız dəniz platformalarına və pilotsuz uçuş aparatı təhdidlərinə qarşı qorunması üçün dəniz platformalarına qüllə sistemləri yerləşdiririk”.

“Beykoz” gəmisində atış sınaqlarının başlayacağı bildirilərkən, sistemin gələcəkdə mülki gəmilərdə də istifadə edilə biləcəyi qiymətləndirilir.

İxracatda hədəf 500-600 milyon dollar

MKE-nin ixrac fəaliyyətlərində prioritetin Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları olduğunu vurğulayan Keleş buna baxmayaraq 2026-cı il üçün mühüm ixrac hədəfi olduğunu bildirib: “Bu il üçün 500-600 milyon dollar səviyyəsində ixrac hədəfləyirik”.

Keleş ixracın Silahlı Qüvvələrin ehtiyaclarının qarşılanmasından sonra ayrılan gücə bağlı olaraq formalaşdığını qeyd edib.

Yeni bir MKE ortaya çıxacaq

Keleş davam edən transformasiya prosesinin tamamlanması ilə birlikdə MKE-nin həm istehsal, həm də texnologiya baxımından yeni mərhələyə keçəcəyini bildirərək sözlərini belə yekunlaşdırıb: “Struktur, rəqəmsal və texnoloji transformasiyasını tamamlamış, insan resursunu gücləndirmiş tamamilə yeni bir “Makine Kimya” ortaya çıxacaq”.

Son illərdə dövriyyəsini əhəmiyyətli ölçüdə artıran MKE-nin mövcud 1,4 milyard dollarlıq səviyyəni 3 milyard dolların üzərinə çıxarma hədəfi ilə irəlilədiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Türkiyə  


Bizi "telegram"da izləyin