Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Amerikalı rəsmilər Rusiyanın paytaxtına hələ ötən ilin sonlarında, atəşkəslə bağlı müzakirələrin yeni sürət aldığı dövrdə səfər edib, ikinci səfəri isə yanvar ayında ediblər.
Səkkiz dəfə Moskvada olmuş Uitkof dəfələrlə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Buna baxmayaraq, nə o, nə də Kuşner heç vaxt rəsmi statusla Kiyevə səfər etməyib.
“Moskvaya getmək, amma Kiyevə gəlməmək hörmətsizlikdir, bu sadəcə hörmətsiz münasibətdir. Mən başa düşürəm ki, bizdə logistika çətindir... Əgər onlar [Kiyevə gəlmək] istəmirlərsə, başqa ölkələrdə görüşə bilərik”, - deyə Ukrayna mediası Zelenskinin sözlərini sitat gətirib.
Eyni zamanda Zelenski etiraf edib ki, ABŞ-nin diqqəti indi Yaxın Şərqə yönəlib. “Bununla belə... bizim üçün hər bir halda amerikalılarla əməkdaşlığı davam etdirmək vacibdir”, - deyə o əlavə edib.
Keçmiş daşınmaz əmlak maqnatı Stiv Uitkof Donald Trampın xüsusi nümayəndəsidir, Cared Kuşner isə ABŞ prezidentinin kürəkənidir. Hələ aprelin əvvəlində Zelenski bildirmişdi ki, onlar Ukraynaya səfər etməyi planlaşdırırdılar, lakin səfər ABŞ və İsrailin İrana qarşı başladığı müharibə səbəbindən ləğv edilib.
Rusiya, ABŞ və Ukrayna arasında son üçtərəfli sammit fevralın ortalarında keçirilmişdi. Bundan iki həftə sonra ABŞ və İsrail İrana zərbələr endirməyə başlayıb, bundan sonra beynəlxalq ictimaiyyətin diqqəti Ukrayna münaqişəsindən yayınıb.
Sevinc Əliyeva
Ordu.az