SAHA 2026-da 300-dən çox yeni məhsulun təqdimatı keçiriləcək

2026/04/1776777758.jpg
Oxunub: 821     17:21     21 Aprel 2026    
SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisində quru-dəniz-hava-kosmos və insansız sistemlər sahəsində 300-dən çox yeni məhsulun təqdimatının keçiriləcəyi gözlənilir.

Ordu.az-ın məlumatına görə, SAHA 2026 mayın 5-9-da İstanbul Sərgi Mərkəzində beşinci dəfə qapılarını açmağa hazırlaşır.

Əsas mesajı “Texnologiyaya hökm et, gələcəyi formalaşdır” vizyonu ilə müəyyən edilən sərgi sərmayə, biznesin inkişafı və kommersiyalaşdırma yönümlü strateji platforma kimi qurulur.

Kiçik və orta sahibkarlıq subyektlərinə (KOBİ) müdafiə, aviasiya və kosmos sənayelərində qlobal ekosistemə giriş qapısı açmaq üçün təşkil edilən SAHA 2026 ötən müddətdə sektorun beynəlxalq səviyyədə nüfuzlu tədbirləri sırasına daxil olub.


2018-ci ildən etibarən müdafiə, aviasiya və kosmos sənayesi üçün mühüm görüş nöqtəsinə çevrilən tədbir hər keçən il sərhədlərini genişləndirir. Belə ki, SAHA 2026 milli müdafiə sənayesinin istehsal gücünü, AR-GE imkanlarını və ixrac potensialını dünyaya tanıdan vitrindən daha irəli keçib. Tədbir müdafiə, aviasiya, dənizçilik, kosmos, kibertəhlükəsizlik və süni zəka kimi gələcəyin texnologiyalarını da əhatə edən geniş spektrdə beynəlxalq əməkdaşlıqlara zəmin yaradır.

İlk dəfə 2018-ci ildə 12 ölkədən 183 şirkət (152 yerli, 31 xarici) ilə 2 min 600 kvadratmetrlik sahədə keçirilən tədbirdə 600-dən çox B2B görüş baş tutub və 13 mindən çox ziyarətçi qəbul edilib.

Tədbir 2021-ci ildə 30 ölkəyə yayılan iştirakla 40 min kvadratmetrlik sahədə keçirilib. İştirakçı sayı 600-ü keçib, ümumi ziyarətçi sayı isə 25 mini ötüb.

2022-ci ildə tədbirin miqyası və beynəlmiləlləşmə tempi aydın şəkildə hiss olunub. Həmin il 109 ölkədən 957 şirkət (567 yerli, 390 xarici) tədbirdə iştirak edib. 60 min kvadratmetrlik sahədə 80 mindən çox ziyarətçi qəbul olunub. Bunun 40 mini sektor peşəkarlarından ibarət olub. 268 rəsmi və 112 kommersiya nümayəndə heyəti qatılıb, ümumi dəyəri 1 milyard dolları aşan 114 imza atılıb.

SAHA 2024-cü ildə həm həcm, həm də keyfiyyət baxımından zirvə nöqtəsinə çatıb. 121 ölkədən 1478 iştirakçı şirkət 80 mini qapalı, 10 mini açıq olmaqla ümumilikdə 90 min kvadratmetr sahədə stend açıb. Ümumi ziyarətçi sayı 101 min 337, peşəkar ziyarətçi sayı isə 25 min 944 olaraq qeydə alınıb. Tədbirdə 22 min 467 planlı B2B görüş keçirilib. 488 rəsmi və 178 kommersiya nümayəndə heyəti üzvü qəbul olunub. 27 nazir, 6 müdafiə sənayesi rəhbəri və 6 baş qərargah rəisi sərgini ziyarət edib. Ümumilikdə 208 məhsul təqdimatı keçirilib və 6,2 milyard dollar dəyərində 133 imza atılıb.

Müdafiə və texnologiyanın böyüyən SAHA-sı

SAHA hər keçən il Türkiyə şirkətlərinin beynəlxalq müdafiə sənayesi təchizat zəncirinə daha güclü inteqrasiyasına töhfə verir. Xaricdən gələn iri müdafiə sənayesi şirkətləri Türkiyə istehsalçıları ilə ortaq layihələr, təchizat müqavilələri və texnologiya paylaşımı kimi mövzularda masa arxasına əyləşirlər. Bunun sayəsində həm Türkiyənin ixrac qabiliyyəti artır, həm də yerli şirkətlər qlobal bazarda görünürlük qazanır.

Sərgi eyni zamanda yerli-milli texnologiyaların nümayiş etdirildiyi innovasiya mərkəzinə çevrilib. Müdafiə sənayesində rəqəmsallaşma, süni zəka dəstəkli sistemlər, yeni nəsil sursat texnologiyaları, insansız quru-hava-dəniz vasitələri, avtonom sistemlər və radioelektron mübarizə həlləri kimi sahələrdə hazırlanan məhsullar SAHA-da ilk dəfə nümayiş olunur.

Sərginin 2026-cı il mərhələsi üçün də intensiv hazırlıq aparılır. SAHA 2026, 400 min kvadratmetr sahədə 120-dən çox ölkədən 1700-dən artıq iştirakçı şirkətlə qapılarını açacaq. Tədbir boyu 25 mindən çox planlı B2B görüşün keçirilməsi və 200 mindən artıq ziyarətçiyə çatılması gözlənilir. Bu hədəflər SAHA üçün yeni rekordlara işarə edir.

Müdafiə sənayesi ekosistemi qərarvericilərlə görüşəcək

Sərginin ən kritik tərkib hissələrindən biri kommersiya və rəsmi nümayəndə heyətlərinin yüksək səviyyəli iştirakı olacaq. Satınalma və təchizat heyətləri iştirakçı şirkətlərin imkanlarını sahədə qiymətləndirərək təchizat, ortaq istehsal, proqram əsaslı əməkdaşlıqlar və uzunmüddətli imkan planlaması üçün birbaşa təmas quracaq, rəsmi nümayəndə heyətləri və institusional qərarvericilər isə ekosistemin imkan xəritəsini yerində görərək yüksək səviyyəli koordinasiya, etimada əsaslanan əməkdaşlıq və strateji gündəm quruculuğu üçün güclü zəmin əldə edəcəklər.

SAHA 2026-nın yenilikçi proqram quruluşu sektorun ehtiyaclarına cavab verəcək şəkildə genişlənir. Genişləndirilmiş Açıq Sərgi Sahəsi ilə Sarayburnu və Ataköy Limanındakı dəniz ünsürlərinin ziyarəti, tam ölçülü platformalarda yaxından baxış və qarşılıqlı əlaqə imkanı təqdim ediləcək, FPV pilotsuz uçuş aparatı sahəsi, SAHA İnsansız Quru Platforması Mübarizəsi və SAHA “Rover” Mübarizəsi kimi canlı nümayiş və yarışlar əməliyyat ssenarisinə yaxın təqdimatlarla sahəyə yönəlmiş xarakteri gücləndirəcək.

Digər mühüm tədbir olan “World Drone Wars” dünyada ilk dəfə FPV pilotsuz uçuş aparatı texnologiyalarını real müharibə mühitində sınaqdan keçirməyə və yenilikçi həlləri qısa müddətdə yetişdirməyə imkan verən, nəticə yönümlü platforma kimi mövqelənir. Bu struktur Türkiyənin FPV sahəsində istinad ölkə mövqeyini gücləndirməyi və FPV pilotsuz uçuş aparatlarının doktrina-texnologiya-əməliyyat oxunda istiqamətləndirilərək yüksək effektiv qabiliyyətə çevrilməsinə töhfə verməyi hədəfləyir.

Yeni məhsullar vitrinə çıxacaq

“SAHA Talks” sessiyalarında və əsas çıxış sessiyalarında rəqəmsal transformasiya, süni zəka, ikili istifadə (dual-use) texnologiyaları və dəyişən təhdid mühiti kimi mövzular qərarverici baxış bucağı ilə müzakirə olunacaq.

Kosmos texnologiyaları mərkəzli, planetarium üslubunda hazırlanmış “Space Dome” isə panel və əsas çıxışların keçirildiyi, beynəlxalq qonaqları, astronavtları, sektor liderlərini və qərarvericiləri eyni günbəz altında bir araya gətirən fokuslu tədbir səhnəsi kimi mövqelənir.

Bundan əlavə texnologiya transferi, birgə inkişaf və uzunmüddətli təchizat tərəfdaşlıqlarına yönəlmiş sazişlərin elan olunacağı imza mərasimləri ilə birlikdə quru-dəniz-hava-kosmos və insansız sistemlərdə 300-dən çox yeni məhsulun təqdimatının keçiriləcəyi gözlənilir.

SAHA 2026 müdafiə innovasiyasının qlobal sərmayə gündəliyi ilə kəsişdiyi sahələrdə də effektiv görüş platforması təqdim edəcək. NATO DIANA və NATO “Innovation Fund” (NIF) kimi mexanizmlərin prioritet sahələri ilə üst-üstə düşən “dual-use” texnologiya mövzularında startaplar, miqyaslana bilən KOBİ-lər, institusional sərmayəçilər və strateji tərəfdaşlar üçün görünürlük, uyğunlaşdırma və miqyaslandırma yönümlü təmaslar hədəflənir. Bu çərçivədə SAHA 2026 innovasiyanın yalnız fikir deyil, həm də təchizat zənciri, istehsal qabiliyyəti və bazara çıxış ölçüləri ilə birlikdə nəzərdən keçirildiyi sərmayə əsaslı sərgi yanaşmasını gücləndirir.

SAHA 2026 sərgi, təcrübə, görüş və məzmun təbəqələrini vahid strateji çətir altında birləşdirərək Türkiyəni texnologiya istehsalında qlobal gücə çevirmək vizyonunu güclü şəkildə dəstəkləyən, müdafiə və aviasiya ekosistemində beynəlxalq əməkdaşlığı və texnoloji dərinləşməni sürətləndirən, iştirakçılar üçün isə nəticə yaradan biznes inkişaf platforması kimi İstanbulda mövqelənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA-2026   Türkiyə  


Bizi "telegram"da izləyin