Ordu.az xəbər verir ki, Niderlandın “Omroep Gelderland” yayım qurumuna bağlı jurnalist ölkənin Şərqi Aralıq dənizində tapşırıq yerinə yetirən hava hücumundan müdafiə freqatı HNLMS “Evertsen”in yerini sadə üsulla izləməyi bacarıb.
Jurnalistin həyata keçirdiyi təcrübə çərçivəsində içərisində təxminən 5 dollar dəyərində “Bluetooth” izləmə cihazı olan açıqca hərbi poçt sistemi vasitəsilə gəmiyə göndərilib. Hollandiya ordusunun onlayn paylaşdığı poçt təlimatlarını izləyən jurnalist sistemdəki boşluqdan istifadə edib. Buna görə, hərbi poçtda bağlamalar rentgen yoxlamasından keçirilsə də, zərflərin yoxlanılmaması izləmə cihazının diqqət çəkmədən gəmiyə çatmasına imkan verib.
İzləmə cihazının izlədiyi marşrut kimliyi açıqlanmayan hazırlıq nöqtəsindən başlayaraq “Den Helder” hərbi dəniz bazası və “Eindhoven” hava limanı üzərindən Kritdəki Heraklion limanına qədər uzanıb. Cihaz burada HNLMS “Evertsen”ə təhvil verilib. Martın 27-də limandan ayrılan freqatın əvvəlcə Krit sahilləri boyunca qərbə, daha sonra şərqə yönəldiyi müəyyənləşdirilib. Lakin izləmə cihazı gəmi Kipr sahillərinə yaxınlaşdıqda təxminən 24 saat sonra onlayn rejimdən çıxıb.
Hadisədən sonra Niderland Müdafiə Nazirliyi cihazın Kritdən ayrıldıqdan sonra poçtun çeşidlənməsi zamanı aşkarlandığını açıqlayıb. Nazirlik həmçinin poçt prosedurlarının yenidən nəzərdən keçirildiyini və içində batareya olan təbrik kartlarının göndərilməsinin qadağan edildiyini bildirib.
Bənzər hadisə yaxın günlərdə də yaşanmışdı. Fransa mətbuatı “Charles de Gaulle” aviadaşıyıcısının yerinin dənizçilərdən birinin istifadə etdiyi fitnes tətbiqinin məlumatları əsasında müəyyən edildiyini açıqlamışdı.
Sevinc Əliyeva
Ordu.az