“Israel Inside” məlumat yayıb ki, 2026-cı il aprelin 20-si Pakistanın daxili işlər naziri Möhsin Nakvi İslamabadda ABŞ-nin müvəqqəti işlər vəkili Natali Beykerlə görüşüb. Rəsmi olaraq “ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə olunub”, lakin faktiki olaraq görüş İran-ABŞ danışıqlarına hazırlığa həsr edilib. Pakistanın daxili işlər naziri bildirib ki, “xarici nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək üçün bütün şərait yaradılıb”.
Həmin mənbə ərəb KİV-lərinə istinadən əlavə edib ki, “danışıqlar dalana dirənib”. ABŞ “nüvə proqramının uzunmüddətli dondurulmasını tələb edir”. ABŞ tərəfi, həmçinin “zənginləşdirilmiş uran ehtiyatlarının ona təhvil verilməsini tələb edir”. Məlumata görə, İran “nüvə proqramını beş və ya on il müddətinə dondurmağa razıdır, lakin zənginləşdirilmiş uran ehtiyatlarını depozit şəklində yalnız Rusiyaya və ya Çinə verə bilər”. İran Hörmüz boğazı məsələsində “heç bir kompromisi qəbul etmir” və “boğaz üzərində mütləq yurisdiksiyasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasında israr edir”.
Bundan bir gün əvvəl ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Amerika nümayəndə heyəti İslamabada yola düşüb. Məlum olub ki, vitse-prezident Cey Di Vens danışıqlar qrupuna daxil edilməyib. Tehran hələlik danışıqlarda iştirakını rəsmi şəkildə təsdiqləməyib. Qərb və İsrail mənbələrində belə təəssürat yaranıb ki, İranın “hərbi-siyasi elitası qəti şəkildə parçalanıb və ali hakimiyyəti əslində kimin təmsil etdiyi qeyri-müəyyəndir”.
Donald Tramp ümid edir ki, İran “razılaşmanın şərtlərini qəbul edəcək”. Əks halda o, “bütün elektrik stansiyalarını və körpüləri məhv etməklə” hədələyib. Ekspertlərin əhəmiyyətli hissəsi, Qərb və İsrail mətbuatındakı nəşrlərə əsasən, belə hesab edir ki, “ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gələ bilər ki, diplomatlar bütün detalları müzakirə etmək imkanı qazansınlar”. Bu fonda İsrailin Baş naziri bəyan edib ki, “müharibə hələ başa çatmayıb, həll olunmamış problemlər var”.
Asif Cəfərov
Ordu.az