Türkiyənin son illərdə getdikcə artan qlobal çəkisinin baş rol oyunçularından biri də Türkiyə Müdafiə Sənayesidir... Ankara yalnız quruda və havada deyil, dənizlərdə də yeni dövrün qapılarını sonuna qədər açıb.
Əlbəttə, ağıla ilk gələn yerli və milli imkanlarla istehsal edilən platformalar olur. Lakin bir addım geri çəkilib mənzərənin bütövlüyünə baxdıqda Türkiyənin regional gücdən qlobal dəniz gücünə açılan yolun kilometrlik daşlarını döşədiyi görünür.
Hazırda 41 hərbi gəmi eyni anda inşa edilir
Ankaranın son dövrlərdə xüsusilə müdafiə sənayesində “seriyalı istehsal” sürətinə keçdiyi sirr deyil. Hara baxsanız bunun əlamətlərini görürsünüz. Uzun illər ərzində qazanılan təcrübədən sonra formalaşan müdafiə sənayesi ekosistemi bir maşın kimi işləyir. Məhz bu nöqtədə “Mavi Vətən” üçün istehsal edilən platformalar da adından söz etdirir.
Əlbəttə, bütün layihələri tək-tək və ətraflı şəkildə sadalamaq mümkün deyil. Lakin mövcud işləri qruplar halında sıraladıqda belə ortaya diqqətəlayiq mənzərə çıxır.
Hər şeydən əvvəl Türkiyənin dənizlərdəki “Kızılelma”sı olan Milli Aviadaşıyıcı Gəmi üçün ilk addım atılıb. 2026-cı il yanvarın ayında həyata keçirilən metal kəsilməsi ilə birlikdə inşa prosesi də başlanılıb.
Uzun zamandır maraqla gözlənilən “Made in Türkiye” imzası daşıyacaq hava hücumundan müdafiə esminesi olan TCG “Kocatepe”nin ilk bloku gəmiqayırma zavodundakı istehsal xəttinə qoyulub.
Türkiyə donanmasının mühüm aktorlarından olan freqatlarda da ciddi məsafə qət edilib. Bu çərçivədə 2-ci, 3-cü, 4-cü və 5-ci gəmilər suya endirilib. Digər tərəfdən 6-cı, 7-ci və 8-ci gəmilərin inşası davam edir. Dəniz Patrul Gəmilərində də təqvim sürətlə işləyir. Bu sinifdə faktiki olaraq inşası davam edən 6 gəmi var.
Siyahıda 5 ədəd yeni tip sualtı qayığın olduğunu da əlavə edək. “Mavi Vətən”də bayraq göstərəcək 8 ədəd Yeni Tip Desant Gəmisi də istehsalı davam edən layihələrdəndir. Bütün bunlarla yanaşı milli mina axtaran gəmilər, milli hücum qayıqları, “Bayraktar” sinfinə məxsus desant gəmiləri də Türkiyənin fərqli gəmiqayırma zavodlarında istehsal olunur.
10-dan çox ölkəyə hərbi gəmi ixrac edilir
Özü üçün istehsal etdiyi son dərəcə qabaqcıl hərbi gəmilərlə diqqətləri üzərinə çəkən Türkiyə Portuqaliyadan Rumıniyaya, Ukraynadan Pakistana qədər 10-dan çox ölkəyə hərbi gəmi ixrac etməyə nail olub.
Nəticədə Ankara hazırda 37-si Türkiyə Hərbi Dəniz Qüvvələrinə, 4-ü Sahil Mühafizə Komandanlığına məxsus olmaqla ümumilikdə 41 hərbi gəminin inşasını tam sürətlə davam etdirir.
Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qəbul edilən qərarlar çərçivəsində daha 9 hərbi gəminin istehsalına qısa müddətdə başlanacaq. Beləliklə Türkiyə eyni anda 50 hərbi gəmi inşa edərək bu sahədə dünyanın barmaqla göstərilən ölkələrindən biri olmaq mövqeyini daha da möhkəmləndirəcək.
Türkiyə Hərbi Dəniz Qüvvələri yeni doktrina ilə hərəkət edir
Əlbəttə, istehsal edilən hərbi gəmilər son dərəcə önəmlidir. Lakin məsələni yalnız platforma sayına endirmək əsas hadisəni gözdən qaçırmaq deməkdir. Çünki Türkiyə gəmiləri istehsal edib kənara çəkilmir. Bu gəmilərdə istifadə ediləcək bütün kritik sistemlər də türkiyəli mühəndislər tərəfindən hazırlanır. Silahlar, sensorlar, kritik sursatlar və ən önəmlisi gəminin döyüş proqram təminatları da yerli və milli imkanlarla istehsal olunur.
Bunlar da kifayət etmir... Türkiyə donanması çox sayda insansız platformanı da öz tərkibinə qatır. Dünyada qısa uçuş-enmə zolaqlı gəmidən bir zərbə tipli pilotsuz uçuş aparatını endirib qaldıra bilən yeganə ölkə olan Türkiyə texnologiyanın gətirdiyi bütün imkanlardan sonuna qədər faydalanır.
Milli torpedolarını, raketlərini, minalarını, hava hücumundan müdafiə sistemlərini və son dərəcə qabaqcıl sonarlarını da öz imkanları ilə istehsal edən Türkiyə say baxımından da rəqiblərindən sürətlə ayrılır.
Türkiyənin dəniz gücündəki inkişaf əslində klassik modernləşmənin fövqündə, “doktrina dəyişikliyi” kimi oxunur. Yəni yalnız gəmi sayı artmır, donanmanın necə döyüşəcəyi tezisi də dəyişir.
Türkiyə donanması yeni nəsil insansız sistemləri də öz tərkibinə sürətlə inteqrasiya edib.
Platforma, texnologiya və yetişmiş insan gücü eyni qazanda
Türkiyənin “Mavi Vətən”də sərgilədiyi bu dönüşüm bizə yaxın, orta və uzaq müddətdə necə strategiya izlədiyini göstərməsi baxımından mühüm ipucları verir.
Hər şeydən əvvəl Türkiyə digər sahələrdə olduğu kimi dənizlərdə də “xaricdən alan” deyil, “özü istehsal edən” ölkə mövqeyini getdikcə daha da möhkəmləndirir. Yerlilik göstəricisi çox yüksək olan bu platformalar mümkün embarqo riskini ciddi şəkildə azaltmaqla kifayətlənmir. Qızıl dəyərində ixrac potensialını da özü ilə gətirir.
Eyni anda çox fərqli qabiliyyətlərə malik son dərəcə strateji platformalar istehsal edən Türkiyə, öz imzasını daşıyan son dərəcə inkişaf etmiş “şəbəkə mərkəzli müharibə” konsepsiyası ilə də ətrafdakı ölkələrdən fərqlənir. Quru, hava və dəniz ünsürlərinin eyni dili danışmasını təmin edəcək bu yeni model, əlindəki ixtisaslı şəxsi heyətlə birləşdiyi zaman qarşısında dayanılması çox çətin strateji gücə çevrilir.
Türkiyənin dənizlərdə davam edən bu uğur hekayəsi Ankaranı açıq dənizlərdə də güclü oyunçu edəcək. Və Barbaros Xeyrəddinin nəvələri uzun fasilədən sonra dünyanın fərqli bölgələrində ay-ulduzlu bayrağı ən güclü şəkildə dalğalandıracaq.
Sevinc Əliyeva
Ordu.az