Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Karataş vurğulayıb ki, sektor yalnız hərbi sahə deyil və Türkiyə müdafiə sənayesində AR-GE mərhələsini böyük ölçüdə tamamlayaraq seriyalı istehsal və imkanların artırılması dövrünə keçib.
Müdafiə sənayesi çoxölçülü strateji gücdür
Türkiyə MSK sədrinin müavini bildirib ki, müdafiə sənayesi yalnız təhlükəsizlik ehtiyacına xidmət etmir, bu sahə eyni zamanda strateji, texnoloji və iqtisadi güc amilidir.
Karataş deyib: “Müdafiə sənayesi güclü olan ölkələr masada daha təsirli olur. Bu sahə yalnız hərbi deyil, texnoloji inkişaf, sənayeləşmə və iqtisadi böyümə baxımından da kritik rol oynayır”.
Sektorun eyni zamanda geniş sənaye ekosistemi formalaşdırdığını bildirən Karataş qeyd edib ki, Türkiyədə təxminən 3 min 500 şirkət birbaşa, 8 minə yaxın şirkət isə dolayı şəkildə müdafiə sənayesinə töhfə verir.
Yerlilik göstəricisi 80 faizin üzərinə çıxıb
Son 20 ildəki dönüşümə diqqət çəkən Karataş vurğulayıb ki, Türkiyə müdafiə sənayesində mühüm həddi keçib.
Türkiyə MSK sədrinin müavini bildirib: “20 faiz səviyyələrindən 80 faizin üzərinə çıxan yerlilik göstəricimiz var. Bu, yalnız statistika deyil, güclü müdafiə sənayesi ekosisteminin göstəricisidir”. O əlavə edib ki, bu inkişaf texnoloji müstəqillik baxımından kritik əhəmiyyət daşıyır.
1400 layihə və 100 milyard dollardan çox həcm
Müdafiə sənayesində həyata keçirilən layihələrlə bağlı məlumat verən Karataş açıqlayıb ki, Türkiyə üzrə təxminən 1 min 400 layihə eyni vaxtda davam etdirilir.
Karataş deyib: “Bu layihələrin ümumi həcmi 100 milyard dollardan çoxdur. Hər layihədə onlarla, hətta yüzlərlə şirkət və minlərlə mühəndis çalışır”.
O, həmçinin sektorun ixrac göstəricilərinə də toxunaraq bildirib ki, Türkiyə müdafiə sənayesində 10 milyard dollardan çox ixrac həyata keçirib.
90 min nəfərlik gənc və dinamik insan resursu
Müdafiə sənayesində insan resursunun da sürətlə böyüdüyünü bildirən Karataş qeyd edib ki, sektorda təxminən 90 min nəfər çalışır.
Türkiyənin bu sahədə gənc işçi qüvvəsinə malik olduğunu vurğulayan Karataş deyib: “Dünyada müdafiə sənayesində orta yaş həddi 50-55 civarında olduğu halda, Türkiyədə bu göstərici 34 səviyyəsindədir”.
Seriyalı istehsal və imkanların artırılması dövrü
Türkiyə müdafiə sənayesinin gəldiyi mərhələni “paradiqma dəyişikliyi” kimi xarakterizə edən Karataş bildirib ki, sektor artıq yeni fazaya keçib.
Türkiyə MSK sədrinin müavini deyib: “Artıq AR-GE və dizayn mərhələsindən seriyalı istehsala keçirik. Bu, böyümə və sənayeləşmə baxımından kritik dövrdür”.
Bu çərçivədə yeni istehsal müəssisələri, sınaq infrastrukturu və laboratoriya yatırımları ilə imkanların sürətlə artırıldığını vurğulayıb.
KAAN başda olmaqla yeni nəsil platformalar gəlir
Karataş bildirib ki, Türkiyənin hazırladığı qabaqcıl texnologiyalı platformalar artıq inventara daxil olmağa başlayıb.
ANKA-3, KIZILELMA, HÜRJET və KAAN kimi layihələrin bu prosesin mərkəzində yer aldığını bildirən Türkiyə MSK sədrinin müavini KAAN-la bağlı belə danışıb: “Allah nəsib edərsə, 2028-ci ildən sonra biz KAAN təyyarəmizi yavaş-yavaş öz ordumuza təhvil verməyə başlayacağıq”.
Karataş bildirib ki, döyüş təyyarəsinin seriyalı istehsala keçməsi üçün yüzlərlə sınaqdan keçməsi lazımdır və proses yüksək həssaslıqla aparılır.
5-ci nəsil döyüş təyyarəsi qabiliyyəti
KAAN-ın texniki səviyyəsinə də toxunan Karataş bildirib ki, platforma Türkiyəni məhdud sayda ölkənin yer aldığı liqaya çıxarır.
Karataş deyib: “KAAN 5-ci nəsil döyüş təyyarəsidir. Bu səviyyədə platforma hazırlaya bilən ölkələrin sayı olduqca azdır”. O əlavə edib ki, layihədə türk mühəndis və texnikləri intensiv şəkildə çalışırlar.
Yüksək texnologiyalı sistemlər sistemi yanaşması
Müasir müdafiə platformalarının “sistemlər sistemi” məntiqi ilə işlədiyini bildirən Karataş vurğulayıb ki, platforma yalnız fiziki vasitə deyil.
Karataş deyib: “Bir təyyarəni ağıllı edən onun daxilindəki sistemlərdir. Radar, radioelektron mübarizə, rabitə və digər sistemlərin birlikdə işləməsi lazımdır”.
Bu quruluşun yüksək mühəndislik qabiliyyəti tələb etdiyini bildirən Karataş qeyd edib ki, müdafiə sənayesi qabaqcıl texnologiya istehsalının mərkəzində dayanır.
Süni zəka və avtonom sistemlər prioritet sahədir
Gələcəyin texnologiyaları ilə bağlı qiymətləndirmə aparan Karataş vurğulayıb ki, süni zəka müdafiə sənayesində müəyyənedici rol oynayacaq.
Karataş deyib: “Süni zəka, avtonom sistemlər və kvant texnologiyaları müdafiə sənayesinin gələcəyini formalaşdıracaq”.
O bildirib ki, bu sahələr üzrə texnologiya yol xəritələri hazırlanıb və AR-GE işləri davam etdirilir.
Çəkindirmə və strateji tarazlıq vurğusu
Müdafiə sənayesinin əsas məqsədi ilə bağlı da mühüm qiymətləndirmələr aparan Karataş bildirib ki, müharibə hədəf deyil.
Karataş deyib: “Hər müharibənin iki nəticəsi var: Az itirənlər və çox itirənlər. Müharibənin qalibi yoxdur”.
O qeyd edib ki, güclü müdafiə sənayesi çəkindirmə yaradır. “Bizim məqsədimiz müharibə etmək deyil, hazır olmaqdır”, - deyə o bildirib.
Türkiyə qlobal miqyasda təsir imkanlarını artırır
Türkiyənin müdafiə sənayesində çatdığı səviyyənin beynəlxalq təsirinə də toxunan Karataş bildirib ki, türk müdafiə məhsulları geniş coğrafiyada istifadə olunur.
Karataş deyib: “Bu gün 185 ölkədə 230-dan çox müdafiə sənayesi məhsulumuz istifadə olunur”. O qeyd edib ki, bu vəziyyət Türkiyənin qlobal təsir imkanlarını artırır.
Sevinc Əliyeva
Ordu.az