BAMEX-26 üçün geri sayım başladı

2026/04/dfg5d-1776684309.jpg
Oxunub: 542     15:25     20 Aprel 2026    
BAMEX Müdafiə və Təhlükəsizlik Sərgisi 2026-cı il noyabrın 9-dan 13-dək Malidə keçiriləcək.

Ordu.az xəbər verir ki, 2026-cı il noyabrın 9-dan 13-dək Malidə keçiriləcək BAMEX Müdafiə və Təhlükəsizlik Sərgisi üçün geri sayım başlayıb.

Sözügedən sərgi Afrika qitəsinin, xüsusilə Sahel bölgəsinin mövcud və gələcək təhlükəsizlik arxitekturasını formalaşdıran qərarvericiləri və sahədə yerləşdirilə, sınaqdan keçirilə və davamlı müdafiə həlləri təqdim edə bilən şirkətləri bir araya gətirmək məqsədilə təşkil olunur.

Mali Prezident Administrasiyasının himayəsində təşkil olunan BAMEX ənənəvi sərgidən kənara çıxır. Bu baxımdan sərgi birbaşa qərarvermə prosesləri ilə qarşılıqlı əlaqə qurmağı, texniki dəyərləndirməni mümkün etməyi və konkret nəticələr ortaya çıxarmağı qarşısına məqsəd qoyur. Tədbir prezident administrasiyaları, baş nazirliklər, müdafiə nazirlikləri, baş qərargah strukturları, təchizat orqanları və texniki dəyərləndirmə bölmələrindən ibarət yüksək səviyyəli heyətləri qəbul edir.

5 gün davam edəcək BAMEX 2026 proqramı son iki günündə xüsusi “Nümayiş Günü” modulu ilə başa çatacaq. Bu bölmədə sistemlər rəsmi heyətlərin texniki nəzarəti altında, real sahə şəraitində simulyasiya olunmuş əməliyyat şəraitində sınaqdan keçiriləcək. Heyətlər yalnız müşahidəçi olmayacaq, sual verən, dəyərləndirmə aparan və lazım gəldikdə birbaşa qarşılıqlı əlaqədə olan fəal tərəflər olacaq.

Türkiyə müdafiə sənayesinin Afrika nümayişi

BAMEX 2025 sərgisi 2025-ci il noyabrın 11-dən 14-dək Malinin paytaxtı Bamakoda keçirilmişdi. Türkiyədən çoxsaylı müdafiə sənayesi şirkətinin iştirak etdiyi sərgidə 25-dən çox ölkədən 90-dan artıq yüksək səviyyəli hərbi nümayəndə heyəti qəbul edilmişdi.

BAMEX tərəfindən yayılan açıqlamada isə bildirilib: “BAMEX olaraq, 2025-ci il noyabrın 11-dən 14-dək Mali Prezident Administrasiyası və Mülki Təhlükəsizlik Nazirliyinin himayəsində, türk şirkəti “Prontaron Savunma Sanayi Organizasyon ve Dış Ticaret Ltd. Şti.” (The Peak Defense) tərəfindən təşkil edilən BAMEX-25 Müdafiə Sənayesi Sərgisini uğurla başa vurduğumuzu elan etməkdən məmnunluq duyuruq. Sərgi 25-dən çox ölkədən 90-dan artıq yüksək səviyyəli hərbi nümayəndə heyətini qəbul etdi və beynəlxalq müdafiə ictimaiyyətinin böyük marağına səbəb oldu. İlk ilində 150 milyon dollardan çox ixrac potensialına çatan BAMEX-25 gündəlik 1.200-dən çox ziyarətçini qəbul etdi. Göstərilən böyük maraq və tələblər çərçivəsində 2026-cı ildə keçiriləcək BAMEX-26-nın müddəti 5 günə çıxarılacaq və daha geniş məhsul çeşidi ilə ziyarətçilərə təqdim olunacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAMEX-26   Sərgi  


Bizi "telegram"da izləyin