Ordu.az xəbər verir ki, yunan gəmi sahibi Fotis Manousis Yunanıstan Baş Qərargahını (GEETHA) ziyarət edərək, mülkiyyətində olan NISSOS adlı gəmini Yunan Silahlı Qüvvələrinə ianə etmək niyyətini əks etdirən məktubu Baş Qərargah rəisi general Dimitrios Houpisə təqdim edib.
“Defence Review GR” tərəfindən yayımlanan məlumata görə, gəmi sahibi Manousis bu fikrin əslində ordunun gəmini satın alma tələbi ilə onlara müraciət etməsindən sonra yarandığını bildirib. O qeyd edib ki, ailəsi ilə birlikdə apardıqları qiymətləndirmə nəticəsində, gəminin ordunun ehtiyaclarına uyğun olması halında onu satmaq əvəzinə ianə etməyin onlar üçün daha böyük şərəf olacağına qərar veriblər.
“Defence Review GR”nin məlumatına görə, ianə edilən NISSOS gəmisi yüksək sürətli bərə (High-speed craft) olan keçmiş “Alcantara Dos”dur. Avstraliyadakı “Austal” gəmiqayırma zavodlarında inşa edilən, 78,6 metr uzunluğa, 23,4 metr enə və təxminən 2,5 metr dayaz suya oturma dərəcəsinə malik olan bərə çətin dəniz şəraitində və kiçik limanlarda çeviklik təmin edir. Gəmi 600 sərnişin və 163 nəqliyyat vasitəsinədək daşıma qabiliyyətinə malikdir. Bu tip gəmilər sürətli şəxsi heyət daşınması və logistika dəstək əməliyyatlarında kritik rol oynaya bilir. İanədən sonra danışan Manousis vətənpərvərlik hissinə diqqət çəkərək bildirib: “Həyatın sonunda qalan, nəyə sahib olduğumuz yox, nə verə bildiyimizdir”. O, Baş Qərargah rəisi general Houpis ilə görüşündə ordunun baxışından və göstərilən hörmətdən çox təsirləndiyini də ifadə edib.
NISSOS kimi sürətli bir gəminin Yunanıstan Silahlı Qüvvələrinin inventarına daxil olması, xüsusilə Egey dənizində sürətli intiqal, tibbi təxliyə və ya logistika təchizatı tapşırıqlarında çeviklik təmin edəcək. Gəminin hərbi standartlara uyğun şəkildə modernləşdirilib-modernləşdirilməyəcəyi və ya hansı qoşun komandanlığının (ehtimal ki, Hərbi Dəniz Qüvvələrinin) tərkibində xidmət aparacağı yaxın günlərdə dəqiqləşəcək.
Yunanıstan ordusuna V-BAT PUA ianəsi
Yunanıstan Silahlı Qüvvələri ABŞ mənşəli V-BAT tipli 2 yeni Pilotsuz Uçuş Aparatını (PUA) 2025-ci ilin may ayında təhvil almışdı. Sözügedən sistemlər Athanasios Laskaridis Fondunun ianəsi ilə təmin edilmişdi. PUA-lar 2025-ci il mayın 14-ü çərşənbə günü Afinada keçirilən xüsusi mərasimlə rəsmi olaraq Yunan Quru Qoşunlarının inventarına daxil edilmişdi.
Mərasimdə baş nazir Kiriakos Miçotakis və müdafiə naziri Nikos Dendias başda olmaqla yüksək vəzifəli hərbi və mülki rəsmilər, eləcə də Laskaridis ailəsi iştirak etmişdi. V-BAT PUA-ları şaquli qalxma və enmə (VTOL) qabiliyyətinə malikdir. PUA-lar uçuş-enmə zolağı tələb etmədən istənilən ərazidə fəaliyyət göstərə bilir. Müxtəlif bölgələrə ayrılmış 2 PUA-dan biri Trakiya və Şimali Egey, digəri isə Dodekanes və Cənub-Şərqi Aralıq dənizi bölgələrində patrul tapşırıqları yerinə yetirəcək.
Sevinc Əliyeva
Ordu.az