Ordu.az xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı (Dowództwo Operacyjne RSZ) rəsmi “X” hesabından etdiyi paylaşımda mühüm səfəri açıqlayıb.
Bu çərçivədə NATO TAMT missiyası çərçivəsində İncirlikdə xidmət aparan Polşa TB2 PUA bölüyü ABŞ Hərbi Hava Qüvvələrindən polkovnik Alberto M. Esposito və onu müşayiət edən heyəti qəbul edib.
Səfər zamanı “Bayraktar” TB2 PUA-larının imkanları təqdim olunub, bu sistemlərin kəşfiyyat və əməliyyat dəstək tapşırıqlarındakı kritik rolu vurğulanıb. Görüş müttəfiq qüvvələr arasında təcrübə mübadiləsinə və yüksək səviyyəli birgə işləmə qabiliyyətinin möhkəmləndirilməsinə imkan yaradıb.
NATO çərçivəsində əməkdaşlıq çoxsahəli mühitdə əməliyyat qabiliyyətlərinin və təhlükəsizliyin artırılmasında əsas amil olmağa davam edir. Polşa Hərbi Birliyi (PKW TURCJA) NATO-nun Türkiyəyə Yönəlmiş Uyğunlaşdırılmış Təminat Tədbirləri (TAMT) çərçivəsində Şərqi Aralıq dənizi və Qara dəniz üzərində patrul və kəşfiyyat uçuşları həyata keçirir.
Yerləşdirmə qərarı 2025-ci ilin oktyabrında elan olunmuşdu
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının rəsmi “X” hesabından edilən paylaşımda Polşanın qəbul etdiyi qərara uyğun olaraq, inventarındakı “Bayraktar” TB2 PUA-ların Türkiyədə yerləşdiriləcəyi açıqlanmışdı. Beləliklə, Polşa üzərinə götürdüyü bu kritik məsuliyyətlə NATO-nun cənub cinahındakı təhlükəsizlik və kəşfiyyat fəaliyyətlərinə strateji dəstək verir.
Bundan əvvəl 80 nəfərlik heyətdən ibarət M28 “Bryza” patrul və kəşfiyyat təyyarələri Türkiyədə xidmət aparmışdı. Heyət və təyyarə Adanadakı “İncirlik” Hava Bazasına yerləşdirilmişdi.
Bundan əlavə, NATO 2014-cü ildə İttifaq ölkələrinə dəstək verməyə (Təminat Tədbirləri) başlamışdı. 2015-ci ilin sonlarında müttəfiqlər Türkiyə sərhədlərində artan təhlükəsizlik təhdidlərinə cavab vermək üçün Türkiyəyə Xüsusi Təminat Tədbirləri (TAMT) paketi üzərində razılığa gəlmişdilər. Bu tədbirlər arasında regionda əlavə AWACS mövcudluğu, Şərqi Aralıq dənizində artırılmış dəniz fəaliyyəti və Kəşfiyyat, Müşahidə və Kəşfiyyat fəaliyyətləri ilə məlumat paylaşımı yer alır.
Sevinc Əliyeva
Ordu.az