Türkiyə batareya istehsalında regional mərkəz olma yolunda kritik xammal addımı atdı

2026/04/1776669152.jpg
Oxunub: 564     11:06     20 Aprel 2026    
Türkoyənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən hazırlanan “İnvestisiya Layihələrinin Strateji Prioritet və Texniki Qiymətləndirilməsinə Dair Təlimatda Dəyişiklik Edilməsi Haqqında Təlimat” çərçivəsində “Kritik Xammal Siyahısı” anlayışında dəyişiklik edilib.

Ordu.az xəbər verir ki, siyahı ölkə iqtisadiyyatı üçün yüksək iqtisadi və strateji əhəmiyyətə malik olan və təchizatın kəsilməsi riski yüksək hesab edilən xammalları özündə birləşdirən 36 məhsulu əhatə edir.

Litium-ion batareya texnologiyaları strateji məhsul əhatəsinə daxil edilərkən, bu qərarla batareya istehsalı və inkişaf proseslərini əhatə edəcək şəkildə, xüsusilə elektrikli avtomobil investisiyalarında daha sürətli təsdiq və maliyyələşdirmə mexanizmlərinin işə salınması hədəflənir.

Digər tərəfdən, son dövrdə artan geosiyasi gərginliklər və regional münaqişələr enerji bazarlarında dalğalanmalara səbəb olarkən, bu vəziyyət elektrikli avtomobillərə marağa da birbaşa təsir göstərir.

Neft qiymətlərindəki dəyişkənlik qısamüddətli perspektivdə istehlakçıları alternativ enerji həllərinə yönəldərkən, orta və uzunmüddətli perspektivdə ölkələrin fosil yanacaq asılılığını azaltmaq hədəflərini gücləndirir.

Londonda yerləşən məlumat analitikası şirkəti “Benchmark Mineral Intelligence”ın mart ayı üzrə elektrikli avtomobil satışları məlumatına görə, dünyada mart ayında 1,75 milyon elektrikli avtomobil satılıb. Ötən ayki satışlar illik müqayisədə 3 faiz, aylıq müqayisədə isə 66 faiz artım göstərib, elektrikli avtomobil satışlarındakı böyümədə isə Avropadakı rekord artım təsirli olub.

“Regional enerji riskləri elektrikli avtomobillərə yönəlməni daha da sürətləndirəcək”

İstanbul Ticarət Palatası (ITO) sədri Şekib Avdagiç AA müxbirinə açıqlamasında Sənaye və Texnologiya Nazirliyinin kritik xammal anlayışını genişləndirərək litium-ion batareyaları strateji əhatəyə almasının Türkiyənin Avropa ilə Asiya arasında “regional istehsal mərkəzi” olma iddiasının zamanlama baxımından nə qədər kritik olduğunu ortaya qoyduğunu bildirib.

Avdagiç xüsusilə Avropanın Asiyalı istehsalçılara alternativ axtardığı bir dövrdə mövcud şəraitin Türkiyənin xeyrinə işlədiyini qeyd edərək deyib: “Litium-ion batareyaların strateji əhatəyə alınması Türkiyənin batareya istehsalında regional mərkəz olma strategiyasının ən kritik ayağını təşkil edir. Təlimat həm yerli və milli batareya istehsalını, həm də bu sahədə birbaşa xarici investisiyaları təşviq edəcək”.

Litium-ion batareyaların bu gün elektronikanın mərkəzində yer aldığını qeyd edən Avdagiç nəqliyyat, müdafiə, enerji və səhiyyə olmaqla dörd kritik sektorun eyni xammal zəncirindən və eyni texnologiyadan asılı hala gəldiyini bildirib.

Avdagiç bu batareyaların yalnız avtomobillər üçün deyil, həmçinin müdafiə tətbiqləri, enerji saxlama sistemləri və sənaye tətbiqlərinin hamısı üçün də strateji məhsul olduğunu ifadə edərək sözlərinə belə davam edib:

“Bu tənzimləmə batareya istehsalı və AR-GE proseslərinin önünü açarkən, xüsusilə elektrikli avtomobil investisiyalarında daha sürətli təsdiq və maliyyələşdirmə imkanlarını işə salaraq investisiya iştahını artıracaq. Batareya texnologiyası yaxın gələcəkdə iqtisadi suverenliyin əsas ünsürlərindən birinə çevriləcək qədər böyük dəyərə malikdir. Yaxın Şərqdəki gərginliklə yüksələn neft qiymətləri elektrikli avtomobilə keçidi sürətləndirdi. Regional enerji riskləri elektrikli avtomobillərə yönəlməni daha da sürətləndirəcək və satışlarda yeni rekordların xəbərçisi ola bilər. Litium və digər kritik minerallarda təchizat zəncirinin kövrək olması ölkələri strateji istehsal gücü formalaşdırmağa məcbur edir. Türkiyə litium xammal ehtiyacını özünəməxsus istehsal marşrutu üzərindən yerli istehsalla qarşılamaq üçün intensiv işlər aparan bir ölkədir. Batareya üçün tələb olunan bütün mineralların təmin olunması məqsədilə xammal coğrafiyasına yönəlmiş təsirli xarici siyasət də izlənilir”.

“Təlimat Türkiyəni batareya və elektrikli avtomobil ekosistemində daha güclü mövqeyə daşıyacaq”

Avdagiç bildirib ki, nazirliyin litium-ion batareya texnologiyalarını strateji məhsul əhatəsinə daxil etməsi ilə batareya istehsalı və inkişafının önü açılıb.

Avdagiç Türkiyənin batareya istehsalında mərkəz olması yolunda kritik addım atıldığını vurğulayaraq deyib: “Qərar batareya istehsalında istifadə edilən xammallarda təchizatın kəsilməsi riskini də əhəmiyyətli dərəcədə azaldacaq. Tənzimləmə enerji saxlama və elektrikli avtomobil investisiyalarına böyük təkan verəcək. Külək və günəş enerjisi stansiyalarının quraşdırılmış güclərinə uyğun batareya gücü yaratmalarını da asanlaşdıracaq”.

Qlobal litium-ion batareya bazarının 2026-cı ildə 130-140 milyard dollar səviyyəsinə çatmasının gözlənildiyini bildirən Avdagiç bu bazarın təxminən 55 faizinin Asiya-Sakit okean regionunda cəmləşdiyini qeyd edib.

Avdagiç 2025-ci il etibarilə regionun həcminin 75 milyard dolları aşdığını bildirərək deyib: “HIT-30 proqramının hədəflədiyi 80 giqavat-saatlıq batareya gücü 2025-ci il qlobal bazarının təxminən 7 faizinə bərabərdir. Nəticə etibarilə, sözügedən təlimat ilə HIT-30 proqramları bir-birini tamamlayan struktur yaradaraq Türkiyəni batareya və elektrikli avtomobil ekosistemində daha güclü mövqeyə daşıyacaq. Bu da həm yerli və milli istehsalı, həm də birbaşa xarici investisiyaları artıracaq”.

“Bu qərar geosiyasi reallıqlar və proses nəzərə alınanda məntiqli addımdır”

“ING Group”un baş nəqliyyat və logistika sektoru iqtisadçısı Riko Luman isə son dövrdə elektrikli avtomobillərdə daha ucuz və rəqabətqabiliyyətli olduğu üçün NMC (nikel-manqan-kobalt) batareyalardan LFP (litium-dəmir-fosfat) batareyalara doğru keçidin müşahidə olunduğunu bildirib.

Luman bu vəziyyətin LFP batareyalara tələbatı artırdığını və Türkiyədə markaların həyata keçirəcəyi elektrikli avtomobil istehsalının da bu prosesi dəstəkləyəcəyini qeyd edərək deyib: “Bundan əlavə, Avropa İttifaqı batareya paketi təchizatında Çindən yüksək asılılığını azaltmaq istəyir və Türkiyənin Avropa İttifaqı ilə Gömrük Birliyi sazişinin olduğunu xatırlatmaqda fayda var”.

Türkiyənin “Kritik Xammal Siyahısı” anlayışındakı dəyişikliyə toxunan Luman sözlərini belə davam etdirib:

“Kritik xammalların əhatəsini litium-ion batareya girişlərini də əhatə edəcək şəkildə genişləndirmək qərarının geosiyasi reallıqlar və günü-gündən artan elektrikləşmə prosesi nəzərə alınanda məntiqli addım olduğuna inanıram. Avropa İttifaqı da oxşar məsələləri əhatə edən Kritik Xammallar Aktını qəbul edib, lakin praktikada özünü təmin edən hala gəlmək o qədər də asan deyil. Çünki Çin həm istehsal miqyası, həm də batareya metal emalı zavodlarının əksəriyyətinə ev sahibliyi etməsi sayəsində batareya istehsalında rəqabət üstünlüyünə malikdir. Çin mənşəli batareya paketləri qiymət baxımından olduqca cəlbedicidir”.

Luman akaryanacaq qiymətlərindəki artımdan sonra fərdi sürücülərin elektrikli avtomobillərə marağında aydın canlanma müşahidə olunduğunu bildirərək əlavə edib ki, istehlakçı evdə və ya işdə enerji doldurma imkanına sahib olduqda, kilometr başına enerji dəyəri baxımından bu avtomobillər artıq cəlbedici vəziyyətə düşür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Batareya  


Bizi "telegram"da izləyin