Ordu.az xəbər verir ki, həyata keçirilən təhvilvermə ilə birlikdə Mərakeş Kral Hərbi Hava Qüvvələrinin “Apache” parkı 12 helikopterə çatıb.
Təhvilvermə Mərakeşin 2020-ci ildə “Boeing” ilə imzaladığı və ümumilikdə 24 ədəd helikopterin tədarükünü əhatə edən müqavilə əsasında həyata keçirilib. Sözügedən müqavilə Mərakeşi “Apache” platformasını inventarına daxil edən ölkələr sırasına qatarkən, təhvilvermələrin 2024-cü ildən başlaması planlaşdırılmışdı.
Mərakeş “Apache” proqramı çərçivəsində ilk 6 helikopteri 2025-ci ilin martında təhvil aldığını açıqlamışdı. Paytaxt Rabat yaxınlığındakı Sale şəhərində yerləşən 1-ci Hava Bazasında keçirilən mərasimlə inventara daxil edilən bu ilk partiya proqramın sahədəki ilk addımı olmuşdu.
İkinci partiyanın 6 helikopterdən ibarət olduğu və seriya nömrələrinin 2407-2412 arasında yerləşdiyi bildirilir. Parkın 12-yə çatması yalnız say artımı deyil, eyni zamanda təlim, texniki xidmət dövriyyəsi və döyüş hazırlığı baxımından kritik həddin keçilməsi kimi qiymətləndirilir.
Son təhvil verilən 6 helikopterin “Apache” parklarına uyğun şəkildə modernləşdirilən Xuribqadakı 7-ci Hava Bazasına yerləşdirildiyi bildirilir. Bu baza platformanın uzunmüddətli əməliyyat istifadəsi üçün kritik mərkəz kimi önə çıxır.
Geniş silah paketi diqqət çəkir
Mərakeşin “Apache” tədarükünü strateji edən amillərdən biri də geniş sursat paketidir. ABŞ-nin satış bildirişinə görə, Mərakeşə AGM-114 “Hellfire” raketləri, APKWS tuşlama dəstləri, FIM-92 “Stinger” raketləri və 30 mm sursatlar təhvil verilib.
Bu kombinasiya müxtəlif hədəf dəstlərinə qarşı çevik istifadə imkanı yaradır. “Hellfire” raketləri zirehli hədəflərə qarşı dəqiq zərbə imkanı təqdim edərkən, APKWS daha aşağı xərcli dəqiq nişanalma üçün önə çıxır.
AH-64E “Apache Guardian” xüsusiyyətləri
“Boeing” tərəfindən hazırlanmış və ilk uçuşunu 1975-ci il sentyabrın 30-u həyata keçirmiş AH-64 “Apache” hücum helikopterinin ən qabaqcıl konfiqurasiyası olan AH-64E “Apache Guardian” ilk dəfə 2011-ci ildə xidmətə qəbul edilib.
Biri pilot, digəri isə silah operatoru olmaqla iki nəfərlik heyət tərəfindən idarə olunan AH-64E “Apache Guardian” hücum helikopteri 17,8 metr uzunluğa, 14,8 metr əsas rotor diametrinə, 4,9 metr hündürlüyə və maksimum 10,5 ton çəkiyə malikdir. Maksimum sürəti saatda 302 km, mənzili isə təxminən 500 kilometr olan helikopter iki ədəd “General Electric” istehsalı T700-701D turboşaft mühərriki ilə təchiz olunub.
AH-64E maksimum 16 ədəd “Hellfire” tank əleyhinə raketi, 76 ədəd “Hydra 70” raketi və ya 76 ədəd APKWS sursatı, 1200 ədəd 30 mm top mərmisi və 2 ədəd “hava-hava” raketi (Stinger, AIM-9 Sidewinder, Mistral, Sidearm) daşıya bilir.
AH-64E “Apache Guardian” “Longbow” atəş idarəetmə radarı və M-TADS/PNVS sensor sistemi sayəsində gecə-gündüz və əlverişsiz hava şəraitində hədəf aşkarlayıb nişanalma həyata keçirə bilir. Şəbəkə dəstəkli əməliyyat qabiliyyəti ilə dağınıq hədəflərə qarşı koordinasiyalı və dəqiq hücumlar icra edə bilən platforma “vur-qaç” konsepsiyasına uyğun əməliyyat bacarığı ilə seçilir.
Mərakeş baxımından “Apache” helikopterləri Sahara bölgəsində konvoy mühafizəsi, təcrid olunmuş birliklərə sürətli dəstək, mexanikləşdirilmiş qüvvələrə silahlı kəşfiyyat və hərəkətli hədəflərə qarşı müdaxilə kimi tapşırıqlarla birbaşa üst-üstə düşür.
Regional balans və strateji təsir
Mərakeşlə Əlcəzair arasındakı rəqabət bu tədarükün regional əhəmiyyətini artırır. Qərbi Sahara mübahisəsi və diplomatik gərginliklər iki ölkə arasındakı hərbi balansı yaxından təsirləndirir.
Hər nə qədər ABŞ tərəfi bu satışın regional balansı kökündən dəyişdirməyəcəyini vurğulasa da, “Apache” helikopterlərinin Mərakeşə keyfiyyət baxımından fərqli hücum qabiliyyəti qazandırdığı bildirilir.
Sevinc Əliyeva
Ordu.az