Ordu.az xəbər verir ki, “Defence Acquisition Program Administration” tərəfindən açıqlanan bu inkişaf təyyarənin əməliyyat xidmətinə qəbul prosesində kritik mərhələnin geridə qaldığını göstərib.
İlk uçuş istehsal prosesində mühüm mərhələdir
Hərbi quyruq nömrəsi 25-001 olan təyyarə martın 25-də ictimaiyyətə təqdim olunmasından sonra ilk uçuşunu Cənubi Koreyanın Sacheon şəhərində həyata keçirib. Uçuşun “Korea Aerospace Industries” müəssisələrinin yerləşdiyi və uçuş sınaqlarının aparıldığı hava bazasından icra edildiyi bildirilib.
Sınaq uçuşu zamanı KF-21-ə təhlükəsizlik və müşahidə məqsədilə bir FA-50 “Fighting Eagle” döyüş təyyarəsi müşayiət edib.
Təhvilvermələr ilin ikinci yarısında başlayacaq
İlk uçuşdan sonra həyata keçiriləcək qəbul sınaqları və sertifikatlaşdırma prosesinin tamamlanması ilə birlikdə KF-21 döyüş təyyarələrinin 2026-cı il ərzində Cənubi Koreya Hərbi Hava Qüvvələrinin inventarına daxil olması planlaşdırılır.
Cənubi Koreya indiyədək Block I konfiqurasiyasında ümumilikdə 40 ədəd KF-21 sifariş verib.
Yeni bloklar və xüsusi variantlar hazırlanır
Proqram çərçivəsində növbəti mərhələlərdə “Block II” və “Block III” konfiqurasiyalarının hazırlanması hədəflənir.
Bundan əlavə, Cənubi Koreya rəsmiləri düşmənin hava hücumundan müdafiə sistemlərinin susdurulmasına yönəlmiş (SEAD) xüsusi variant üzərində də çalışırlar. Bu versiyanın AGM-88E/G AARGM və AARGM-ER raketləri ilə yanaşı qabaqcıl radioelektron mübarizə və qarışdırma sistemləri daşıması planlaşdırılır.
İxrac hədəfi də gündəmdədir
Seriyalı istehsal prosesi ilə birlikdə Cənubi Koreya KF-21 “Borame” üçün ixrac imkanlarını da qiymətləndirməyə davam edir.
Potensial müştərilər arasında İndoneziya və Filippin önə çıxır, xüsusilə İndoneziya ilə 16 ədədlik tədarük razılaşmasının gündəmdə olduğu bildirilir.
Sevinc Əliyeva
Ordu.az