“Axios”: İranda şübhələnirlər ki, Trampın təklif etdiyi razılaşma ABŞ-nin qəfil hücumunun ört-basdır edilməsidir

2026/04/1776661726.jpg
Oxunub: 498     09:05     20 Aprel 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens çərşənbə axşamı axşamı atəşkəs rejimi başa çatmazdan əvvəl İranla danışıqların növbəti mərhələsi üçün İslamabadda ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Danışıqlar son anda razılaşma əldə etmək və ya ən azı atəşkəsi uzatmaq imkanı yarada bilər. Lakin İran hələ iştirakını təsdiqləməyib və baş verənlərin Ağ Evin hiyləsi olmasından narahatdır.

Bazar günü nəşrə qısa telefon danışığında ABŞ prezidenti Donald Tramp ehtimal olunan danışıqlarla bağlı nikbinlik ifadə edib. O bildirib: “Bu məsələdə özümü əla hiss edirəm. Razılaşmanın konsepsiyası hazırlanıb. Hesab edirəm ki, onu başa çatdırmaq üçün çox yaxşı şanslarımız var”.

Bundan əvvəl bazar günü Tramp bildirmişdi ki, onun nümayəndələri Stiv Uitkof və Cared Kuşner Pakistana yollanacaq, lakin Vensin adı çəkilməmişdi. Digər tərəfdən, İran rəsmiləri gözləntiləri azaldır və görünür, Trampın razılaşma barədə açıqlamalarının ABŞ-nin qəfil hücumunu ört-basdır etmək məqsədi daşıdığından şübhələnirlər.

Bazar günü günorta saatlarınadək İran rəsmiləri danışıqlar aparan heyətin İslamabada göndəriləcəyini təsdiqləməyib, bir çoxları isə Trampın əsl niyyətinin müharibəni yenidən başlatmaq ola biləcəyini ehtimal edib. İranın dövlət xəbər agentliyi planlaşdırılmış danışıqlar barədə məlumatı təkzib edib və bəyan edib ki, “Tramp administrasiyasının əsassız və qeyri-real tələbləri, mövqelərin tez-tez dəyişdirilməsi, daimi ziddiyyətlər” və davam edən blokada “səmərəli danışıqlar üçün aydın perspektiv” qoymur.

Hələlik danışıqların konkret nə vaxt başlayacağı və Vensin Vaşinqtondan nə vaxt yola düşəcəyi məlum deyil. İran şənbə günü Hörmüz boğazını yenidən bağladığını elan etdikdən sonra bir neçə ticarət gəmisinə hücum edib. Bundan qısa müddət əvvəl Tramp sülh razılaşmasının tezliklə bağlanacağına əminlik ifadə etmişdi. İran tərəfi Trampın Hörmüz boğazındakı blokadanı aradan qaldırmaqdan imtina etməsindən və Tehranın ABŞ-nin yeni maksimalist mövqelər tutduğunu bildirməsindən sonra bu addımı atıb. Tramp şənbə günü yeni böhrana cavab olaraq Vəziyyət Mərkəzində təcili müşavirə çağırıb.

Amerikalı rəsmiyə görə, görüşün sonunda Tramp digər variantlara baxmazdan əvvəl İranla razılığa gəlməyə cəhd etmək istədiyini bildirib. Bir neçə gün ərzində ABŞ-ni və bütün dünyanı müharibənin başa çatdığına inandırmağa çalışdıqdan sonra Tramp tezliklə yenidən eskalasiya təhdidlərinə qayıda bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin