Luizianada kabus: Kütləvi atışma nəticəsində 1 yaşdan 14 yaşadək 8 uşaq ölüb (DETALLAR)

2026/04/33344-1776624258.jpg
Oxunub: 404     22:13     19 Aprel 2026    
ABŞ-nin Luiziana ştatının Şrivport şəhərində bazar günü səhər baş verən kütləvi atışma nəticəsində səkkiz uşaq həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Şrivport Polis İdarəsinin əməkdaşları səhər saat 6-dan dərhal sonra Qərbi 79-cu küçənin 300-cü kvartalına məişət insidenti barədə məlumatlardan sonra gəliblər.

Polis nümayəndəsi Kristofer Bordelon cinayət yerini “geniş” kimi xarakterizə edib və bildirib ki, bu yer iki kvartalda yerləşən üç evi əhatə edir.

Bordelonun sözlərinə görə, atışma nəticəsində on nəfər yaralanıb, onlardan səkkizi ölüb. Onlar 1 yaşdan 14 yaşadək olublar.

“İnsidentə görə məsul şəxs hadisə yerini tərk edərkən elə burada, Qərbi 79-cu küçə ilə Linvud küçəsinin kəsişməsinin yaxınlığında avtomobil qaçırıb. Həmin an Şrivportun patrul polisi maşının arxasına düşüb və təqib başlayıb”, - deyə Bordelon danışıb.

Onun sözlərinə görə, polis Bosyer dairəsində təqib zamanı şübhəlini güllələyib.

Polis şübhəli barədə məlumat verməyib, lakin Bordelon bildirib ki, uşaqlardan bəziləri “onun övladları idi”. Atışmanın motivi hazırda bəlli deyil.

Şrivportun meri Tom Arseno da brifinq zamanı çıxış edib və qeyd edib ki, icma matəm içindədir.

Atışma ilə bağlı istintaq davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Luziana  


Bizi "telegram"da izləyin