İran və Rusiya səfirləri Tehrandakı pravoslav kilsəsinin zədələnməsi ilə bağlı UNESCO-ya etiraz təqdim ediblər

2026/04/1775233137.jpg
Oxunub: 520     16:45     19 Aprel 2026    
UNESCO-da İran və Rusiyanın səfirləri təşkilatın baş direktoruna ünvanladıqları birgə təcili məktubda Tehranda mülki infrastruktur və mədəni irs obyektlərinə raket zərbələrinin dağıdıcı nəticələrinə etiraz ediblər.

Ordu.az xəbər verir ki, bu barədə ILNA agentliyi məlumat yayıb.

İran mediasının məlumatına görə, məktuba əlavə olunan sənədlərdə bildirilib ki, 2026-cı il aprelin 1-i səhər saatlarında Tehranda yerləşən Müqəddəs Nikolay pravoslav kilsəsinin yaxın ərazisinə raket zərbələri endirilib.

Məşhur rusiyalı memar Nikolay Markovun layihələndirdiyi və İranın milli irs siyahısına daxil edilmiş bu tarixi bina ciddi konstruktiv ziyan görüb.

Məktubda qeyd olunub ki, hadisə Böyük Oruc dövründə və Müqəddəs Pasxa ərəfəsində baş verib ki, bu da həmin məkanın dindarlar üçün xüsusi dini əhəmiyyətini artırır. Güclü partlayışlar nəticəsində kilsənin pəncərələri kütləvi şəkildə sınıb, qapıları zədələnib. Yaxınlıqda yerləşən “Rusiya qocalar evi” də ciddi dağıntılara məruz qalıb, o cümlədən damı qismən uçub.

İran və Rusiyanın daimi nümayəndələri Əhməd Pakatçi və Rinat Alyautdinov birgə məktubda vurğulayıblar ki, mədəni obyektlərin və mülki humanitar infrastrukturun yaxınlığındakı ərazilərə endirilən zərbələr beynəlxalq humanitar hüququn, xüsusilə 1954-cü il Haaqa Konvensiyasının birbaşa pozulmasıdır.

Hər iki ölkənin səfirləri ABŞ-nin və İsrailin İran İslam Respublikasına qarşı hərbi əməliyyatlarını pisləyib, belə hücumların mədəni kimliyi və bölgədə sabit sülhü təhlükə altına qoyduğunu bildiriblər.

Məktubun sonunda İran və Rusiya UNESCO-nun baş direktorunu bu hərəkətləri rəsmi şəkildə pisləməyə, mədəni irsin növbəti dağıdılmasının qarşısını almağa yönəlmiş beynəlxalq səyləri dəstəkləməyə və bölgənin dini-tarixi irsinin itirilməsinə yol verməməyə çağırıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya   UNESCO  


Bizi "telegram"da izləyin