Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
Televiziya müsahibəsində Qalibaf deyib ki, Pakistanın paytaxtına gəlmiş ABŞ nümayəndə heyətinə atəşkəs danışıqları zamanı xəbərdarlıq edib ki, əgər onların minatəmizləmə gəmiləri strateji su yolundakı mövqelərindən “bir düym” belə irəli hərəkət etsə, İran qüvvələri onlara atəş açacaq.
İran parlamentinin sədri və baş danışıqçı Hörmüz boğazında İran donanması ilə ABŞ silahlı qüvvələri arasında yaranmış gərginliyi ətraflı şəkildə izah edib.
O bildirib ki, İslam Respublikası həyati əhəmiyyət daşıyan bu su yoluna tam nəzarət edir və artıq ABŞ-ni geri çəkilməyə məcbur edib.
“Mən ABŞ nümayəndə heyətinə dedim ki, əgər onların minatəmizləmə gəmisi mövqeyindən cüzi də olsa tərpənsə, biz mütləq ona atəş açacağıq”, - deyə o bildirib və əlavə edib ki, ABŞ nümayəndə heyəti geri çəkilmə əmrini çatdırmaq üçün 15 dəqiqə vaxt istəyib.
Qalibaf əlavə edib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-dəniz qüvvələri atəşkəsi pozaraq minatəmizləmə əməliyyatı keçirmək cəhdini qətiyyətlə dayandırıb.
“Biz toqquşma nöqtəsinə qədər yaxınlaşdıq, lakin düşmən geri çəkildi”, - deyə o qeyd edib.
Qalibaf həmçinin Tramp administrasiyasının Hörmüz boğazına qarşı “dəniz blokadası” tətbiq etmək istiqamətində son addımını tənqid edərək bunu “cəhalətdən doğan məsuliyyətsiz qərar” adlandırıb.
Qalibaf həmçinin boğaz vasitəsilə həyata keçirilən qlobal enerji tranziti ilə bağlı xəbərdarlıq edib. Bu marşrut dünyada neft daşımalarının təxminən 20 faizini təmin edir.
“Başqa ölkələr Hörmüz boğazından keçə bilməz, amma biz keçərik. Əgər ABŞ blokadanı ləğv etməsə, Hörmüz boğazında hərəkət, şübhəsiz ki, məhdudlaşdırılacaq. Əgər bu gün boğazda hər hansı hərəkət varsa, boğaza nəzarət bizim əlimizdədir”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az