Ordu.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Katiblikdə qeyd olunub ki, “döyüş meydanına müdaxilə edən düşmənlərin məğlubiyyətindən sonra İran xalqı və silahlı qüvvələrinin tarixi və misilsiz müqaviməti sayəsində müharibənin 10-cu günündə amerikalılardan atəşkəs və onların başlatdığı müharibənin dayandırılması ilə bağlı danışıqlara dair mesajlar və müraciətlər daxil olub”.
“Müharibənin 40-cı günündə ABŞ prezidentinin İranın 10 maddəlik proqramını müharibənin dayandırılması üçün əsas kimi qəbul etdiyini rəsmi şəkildə bəyan etməsindən sonra İran İslam Respublikası Pakistanın vasitəçiliyi ilə İslamabadda danışıqlara razılıq verib.
Danışıqlar fasiləsiz olaraq 21 saat davam edib. İran nümayəndə heyəti ABŞ-yə dərin etimadsızlığa baxmayaraq İran xalqının tələblərini ciddi və təşəbbüskar şəkildə irəli sürüb”.
Bəyanatda bildirilib ki, düşmən danışıqlardan əvvəl İranın 10 maddəlik proqramına uyğun hərəkət etməyə razılaşsa da, danışıqlar zamanı yeni və həddindən artıq böyük tələblər irəli sürüb. Onlar İran nümayəndə heyətinin sərt mövqeyi ilə qarşılaşıb və anlayıblar ki, İran öz döyüşçülərinə, milli qüruruna və ayıq xalqına arxalanaraq geri çəkilməyəcək.
Katiblik vurğulayıb ki, danışıqların bu mərhələsi konkret nəticə olmadan başa çatıb və ABŞ həddindən artıq tələblərindən imtina edib onları reallığa uyğunlaşdırdıqdan sonra yenidən başlanacaq.
“Bu yaxınlarda Tehranda Pakistan ordusunun komandanının vasitəçiliyi ilə amerikalılar yeni təkliflər təqdim ediblər. İran İslam Respublikası onları nəzərdən keçirir və hələlik cavab verməyib.
İranlı danışıqçılar qrupu Uca Allaha, ictimai dəstəyə, polad iradəyə və öz döyüşçülərinin atəş gücünə arxalanaraq güzəştə getməyəcək, geri çəkilməyəcək və heç bir səhlənkarlıq göstərməyəcək. Onlar İranın maraqlarını və bu müharibədə tökülmüş qiymətli qanı, xüsusilə sevimli liderinin qanını, müstəqillik, ləyaqət və şərəf naminə qoruyacaqlar.
Müvəqqəti atəşkəs sazişinin qəbul olunması üçün İranın ən mühüm ilkin şərtlərindən biri bütün cəbhələrdə, o cümlədən Livanda atəşkəsin təmin edilməsi idi”, - deyə bəyanatda bildirilib.
Vurğulanıb ki, İsrail ilk andan bu şərti pozaraq Livana və “Hizbullah”a hücum edib.
Həmçinin qeyd olunub ki, İranın qətiyyəti sayəsində İsrail Livanda atəşkəsə razılaşıb.
“Razılaşdırılmışdı ki, əgər düşmən bütün cəbhələrdə atəşkəsə əməl etsə, Hörmüz boğazı atəşkəsin sonunadək yalnız ticarət gəmiləri üçün (düşmən dövlətlərin hərbi və ya qeyri-hərbi gəmiləri üçün deyil) şərti və müvəqqəti olaraq açılacaq. Bu keçid İran silahlı qüvvələrinin nəzarəti, icazəsi və İranın müəyyən etdiyi marşrutlar üzrə həyata keçiriləcək.
Fars körfəzində yerləşən ABŞ hərbi bazaları üçün nəzərdə tutulan avadanlıqların böyük hissəsi dəniz yolu ilə, Hörmüz boğazı vasitəsilə çatdırıldığı üçün bu, İranın və Fars körfəzi bölgəsinin milli təhlükəsizliyi üçün təhdid yaradır. Buna görə İran müharibənin tam başa çatmasına və uzunmüddətli sülhün bərqərar olmasına qədər boğazdakı hərəkəti qətiyyətlə izləyir və nəzarətdə saxlayır.
Bu nəzarət keçən gəmilər barədə tam məlumatın alınması, İranın elan etdiyi qaydalara uyğun tranzit icazələrinin verilməsi, təhlükəsizlik, mühafizə və ətraf mühitin qorunması xidmətləri üçün ödənişlərin tutulması, həmçinin İranın müəyyən etdiyi marşrutlardan istifadə yolu ilə həyata keçiriləcək.
Düşmən gəmiçiliyi pozmaq niyyətində olduğu və ya dəniz blokadası kimi üsullardan istifadə etdiyi müddətdə İran İslam Respublikası bunu atəşkəsin pozulması hesab edəcək və Hörmüz boğazının şərti, məhdud açılmasının qarşısını alacaq”, - deyə bəyanatda qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az