Ordu.az xəbər verir ki, Yunanıstan ordusunda yeni addım atılır.
“OnAlert”in yaydığı xəbərə görə, Yunanıtan Quru Qoşunları təxminən 300 milyon avro büdcəli tenderlə yeni nəsil daşına bilən tank əleyhinə (A/T) sistemlər axtarışına başlayıb. Xəbərə görə, bu proqram sadəcə silah alışı olmayacaq. Bu çərçivədə Ukrayna müharibəsindən çıxarılan dərslər və Rusiya mənşəli sistemlərin (Kornet, Fagot) logistika dəstəyinin azalması səbəbilə tank əleyhinə gücün tamamilə yenidən qurulması planlaşdırılır.
“OnAlert”in xəbərinə görə, Yunanıstanın mövcud inventarında olan Rusiya istehsalı KORNET-E və FAGOT sistemləri Qərb ilə Moskva arasındakı qopma səbəbilə ehtiyat hissələri və texniki dəstək problemləri ilə üzləşib. Afina bu sistemləri istismardan çıxararaq cəbhə xəttində boşluq yaranmadan onları müasir, Qərb standartlarına uyğun və “ağıllı” sursatlarla əvəz etmək istəyir.
Yunanıstan tək bir sistem üzərindən irəliləmək əvəzinə, fərqli bölmələrin spesifik ehtiyaclarını qarşılayacaq çox təbəqəli müdafiə quruluşu yaratmağı hədəfləyir. Bu strategiyanın ən üst seqmentində yer alan “Akeron MP” və “Spike LR2” 5 ilə 5,5 kilometrlik mənzilləri və şəbəkə mərkəzli müharibə qabiliyyətləri ilə həm vasitələrdən, həm də piyada tərəfindən istifadə oluna bilən strateji həllər kimi ön plana çıxır.
Xüsusilə “Akeron MP”, “Man-in-the-loop” texnologiyası ilə operatorun buraxılışdan sonra belə hədəfi dəyişməsinə imkan verir. Döyüş meydanında özünü doğrultmuş həllərə fokuslanan ikinci təbəqədə isə ABŞ istehsalı FGM-148 “Javelin” tankların ən zəif nöqtəsi olan qüllənin üst hissəsinə həyata keçirdiyi “Top Attack” hücumu ilə döyüş uğurunu davam etdirir.
Piyadanın ən yaxın dostu kimi görülən üçüncü qrupda Ukraynada əfsanələşən və tək bir əsgərin 800 metrə qədər effektiv olmasını təmin edən NLAW ilə yalnız tank əleyhinə deyil, sığınacaq dəlici və işıqlandırma kimi çoxyönlü sursatlar ata bilən “Carl Gustaf” M4 geri təpməsiz tüfəngi yer alır. Sonda isə xüsusilə adalardakı müdafiə və sürətli reaksiya bölmələri üçün kütləvi atəş gücü və doyurma hücumu qabiliyyəti yaratmaq məqsədilə aşağı maya dəyərli, birdəfəlik və istifadəsi son dərəcə sadə olan AT4 sistemi iqtisadi həll kimi siyahının mühüm hissəsini təşkil edir.
Tender meyarları və gözləntilər
Yunanıstan Baş Qərargahı (GES) seçim edərkən yalnız texnologiyaya deyil, bu meyarlara da baxacaq:
Egey adaları və Meriç xətti: Adalarda yüngüllük və daşına bilmə, Meriçdə (Evros) isə mənzil və zireh dəlmə gücü prioritetdir.
Logistika və yerli töhfə: Təhvil müddətləri, texniki xidmət xərcləri və proqramda Yunanıstan müdafiə sənayesinin nə qədər pay alacağı.
Nəticə etibarilə Yunanıstan bir neçə metrdən onlarla kilometrə qədər uzanan, aşılması çətin tank əleyhinə şəbəkə qurmağı hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az