ABŞ MAYHEM 10 adlı yeni “gəzən sursat”ı tanıtdı

2026/04/1776513137.jpg
Oxunub: 575     15:51     18 Aprel 2026    
ABŞ-də yerləşən müdafiə sənayesi istehsalçısı “AeroVironment” “gəzən sursat” portfelini genişləndirərək MAYHEM 10 adlı yeni sistemini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Şirkət tərəfindən verilən məlumata görə, hava, quru və dəniz əməliyyatlarında istifadə olunmaq üçün hazırlanmış bu çoxməqsədli platforma şirkətin “Switchblade” ailəsi əsasında yaradılıb.

MAYHEM 10 tək bir tapşırığa yönəlmək əvəzinə kəşfiyyat, müşahidə və aşkarlama (ISR), radioelektron mübarizə, rabitə retranslyasiyası və ya dəqiq zərbə tapşırıqları üçün konfiqurasiya edilə bilir. Modul faydalı yük dizaynı sayəsində operatorlar tapşırıq ehtiyacına uyğun olaraq sistemin rolunu sürətlə dəyişə bilirlər.

“AeroVironment” İdarə Heyətinin sədri, prezidenti və baş icraçı direktoru Vahid Navabi deyib: “MAYHEM 10 müasir döyüş meydanında əməliyyat çoxşaxəliliyi və sağqalma qabiliyyəti üçün yeni standart müəyyən edir. Qabaqcıl avtonomiya, çoxsahəli faydalı yüklər və sürətli uyğunlaşmanı bir araya gətirərək qüvvələrimizə ən çətin mühitlərdə belə dəqiq aşkarlama, pozma və vurma imkanı yaradırıq. Bu irəliləyiş komandirlərə fəaliyyət sahəsini genişləndirməyə, qərarvermə prosesini sürətləndirməyə və heyəti və ya yüksək dəyərli vasitələri riskə atmadan üstünlüyü qorumağa imkan verir”.

Sürətli yerləşdirmə və çevik istifadə

Platforma sürətli yerləşdirmə məqsədilə hazırlanıb və beş dəqiqədən az müddətdə yığılıb buraxıla bilir. “AeroVironment” sistemin 10 funtadək (təxminən 4,5 kiloqram) faydalı yük daşıya bildiyini, 100 kilometrədək mənzilə və təxminən 50 dəqiqə havada qalma müddətinə malik olduğunu bildirir.

MAYHEM 10 quru vasitələri, hava platformaları və dəniz vasitələri daxil olmaqla müxtəlif buraxılış nöqtələrindən tapşırıq yerinə yetirə biləcək şəkildə hazırlanıb. Özünü təmin edən buraxıcı sistemi həm piyada bölmələri, həm də mobil qüvvələr tərəfindən istifadə oluna bilir və operatorlara yerləşdirmə baxımından mühüm çeviklik verir.

Sistem Modul Açıq Sistemlər Yanaşması (MOSA) çərçivəsində hazırlanıb. Bunun sayəsində üçüncü tərəf faydalı yüklərinin inteqrasiyası mümkün olur, platformanın zamanla dəyişən ehtiyaclara uyğun yenilənməsi hədəflənir.

İdarəetmə “AeroVironment”in “Tomahawk Grip” idarəetmə cihazı və “AV_Halo” COMMAND interfeysi vasitəsilə həyata keçirilir. Bu quruluş müxtəlif tapşırıq növləri arasında ortaq istifadə mühiti təqdim edir, eyni zamanda bir neçə sistemin koordinasiyalı şəkildə birlikdə işləməsinə imkan yaradır.

“AeroVironment”in “gəzən sursatlar” üzrə baş vitse-prezidenti Brayan Yanq isə bildirib: “MAYHEM 10 miqyaslana bilən sürü əməliyyatlarını mümkün edərək döyüş gücünün necə yaradıldığını dəyişdirir. Operatorlar bir neçə sistemi birlikdə istifadə edərək əhatə zonasını genişləndirə, müdafiəni yara və döyüş meydanında eyni vaxtda təsirlər yarada bilərlər. Üstəlik bunu platforma riskini və ya qüvvə sıxlığını artırmadan edə bilərlər”.

Avtonomiya və radioelektron mübarizəyə davamlılıq önə çıxır

Sistemin fəaliyyətində avtonomiya mərkəzi rol oynayır. Süni zəka dəstəkli prosessor rabitə və naviqasiyanın kəsildiyi mühitlərdə belə tapşırıqların müstəqil icrasını dəstəkləyir. “AeroVironment” sistemin qarışdırma (jamming), aldatma (spoofing) və zəiflədilmiş siqnal şəraitində də effektivliyini qoruyacaq şəkildə hazırlandığını vurğulayır.

Naviqasiya və rabitə M-Code GPS və “Silvus” məlumat bağlantısı ilə təmin olunur, MANET əsaslı şəbəkə quruluşu 25-40 kilometr məsafə daxilində komanda-idarəetmə bağlantısı təqdim edir. Bu xüsusiyyətlər ənənəvi rabitə xətlərinin təzyiq altında olduğu hallarda belə əlaqənin davam etdirilməsinə yönəlib.

Sistemin ön hissəsi çıxarıla bilən modul kimi hazırlanıb. Bunun sayəsində faydalı yüklər sürətlə dəyişdirilə bilir və platforma buraxılış və ya idarəetmə üsulları dəyişdirilmədən fərqli tapşırıqlar üçün yenidən qurula bilir.

“AeroVironment”in yeni sistemi “Switchblade” təcrübəsi üzərində qurulsa da, daha geniş əməliyyat sahəsinə açılır. Modul faydalı yüklər, avtonom qabiliyyətlər və çoxplatformalı buraxılış imkanının birləşməsi ilə MAYHEM 10, çeviklik və sürətli reaksiya tələb edən tapşırıqlar üçün önə çıxan həll kimi mövqeləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MAYHEM-10  


Bizi "telegram"da izləyin