Ordu.az xəbər verir ki, ilk təklifdə 12 ədəd F-16C/D “Block 70” təyyarəsinin 3,42 milyard dollar qarşılığında satılması nəzərdə tutulurdu, yeni təklif isə eyni modeldən 24 təyyarəni 3,5 milyard dollar qarşılığında əhatə edir.
Bu vəziyyət vahid qiymətin faktiki olaraq yarıya endirilməsi deməkdir.
Media mənbələri bildirir ki, bu qiymət tənzimlənməsi F-16-nın ötən ilki tenderdə qalib gələn İsveç istehsalı JAS 39 “Gripen”ə qarşı üstün tutulmasında təsirli olmuş ola bilər.
ABŞ-nin 2025-ci ilin sentyabrına aid ilk təklifi Perunun 24 döyüş təyyarəsi alımı üçün ayırdığı büdcənin 98 faizini əhatə edirdi. Lakin yeni təkliflə xərc strukturunda ciddi dəyişiklik edildiyi görünür. Bu böyük qiymət azalmasının necə təmin edildiyi isə hələ məlum deyil.
Mənbələrə görə, Peru bu il 12 ədəd F-16 “Block 70” təyyarəsini 2 milyard dollar qarşılığında satın alacaq, qalan 12 təyyarə isə 2027-ci ildə 1,5 milyard dollara tədarük ediləcək. İlk mərhələ üçün lazım olan maliyyənin 30 faizi artıq təsdiqlənib və bu da Peru Hərbi Hava Qüvvələrinin müqaviləni imzalamasının yolunu açır.
Perunun yeni döyüş təyyarəsi seçimi prosesində Fransanın “Dassault Aviation” (Rafale F4) və İsveçin “Saab” (Gripen E/F) şirkətləri də iştirak edib. Lakin bu ilin mart-aprel dövründə Peru Müdafiə Nazirliyi rəsmilərinin danışıqları demək olar ki, tamamilə “Lockheed Martin” heyəti ilə apardığı bildirilir.
F-16 “Block 70”in önə çıxan xüsusiyyətləri
F-16 “Block 70” ABŞ istehsalı çoxməqsədli F-16 döyüş təyyarəsinin ən qabaqcıl istehsal versiyası olub, F-16V (Viper) kimi də tanınır.
Təyyarənin ən diqqətçəkən xüsusiyyətlərindən biri AESA sisteminə malik AN/APG-83 SABR radarıdır. Bu radar hədəf aşkarlama məsafəsini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı radioelektron mübarizə təsirlərinə qarşı dayanıqlılığı və silah yönləndirmə dəqiqliyini də yüksəldir.
Platforma həmçinin modernləşdirilmiş avionika, yeni nəsil tapşırıq kompüteri, geniş ekranlı rəqəmsal kokpit və qabaqcıl rabitə ilə məlumat paylaşım sistemləri ilə təchiz olunub.
Sevinc Əliyeva
Ordu.az