Ordu.az xəbər verir ki, Avstraliyanın donanması üçün yeni döyüş gəmilərinin inşası üzrə elan etdiyi təxminən 6,5 milyard dollarlıq tenderi Yaponiyanın “Mitsubishi Heavy Industries” (MHI) şirkətinə verməsindən sonra proses davam edir.
Bu çərçivədə Avstraliyanın müdafiə naziri Riçard Marles və Yaponiyanın müdafiə naziri Koizumi Şinçiro görüşərək təxminən 6,5 milyard dollar dəyərində olan döyüş gəmilərinin ilk 3-nün təhvili barədə razılığa gəliblər.
Tenderin arxa planı
Avstraliya 2025-ci il avqustun 5-də donanması üçün yeni döyüş gəmilərinin inşası üzrə elan etdiyi təxminən 6,5 milyard dollarlıq tenderi Yaponiyanın “Mitsubishi Heavy Industries” (MHI) şirkətinə verdiyini açıqlamışdı.
Beləliklə, MHI şirkətinin “Mogami” sinfinə məxsus freqatları Almaniyanın “Thyssenkrupp Marine Systems” (TKMS) şirkətinə aid MEKO A-200 sinfinə məxsus gəmiləri geridə qoyaraq tenderdə qalib gəlmişdi.
Yeni freqat proqramı
Razılaşma çərçivəsində Avstraliyanın köhnələn ANZAC sinfinə məxsus freqatlarının yerini alacaq 11 yeni döyüş gəmisinin inşası nəzərdə tutulur. Bu gəmilərdən ilk 3-ü Yaponiyada istehsal ediləcək və birincisi 2030-cu ildə Avstraliya donanmasında xidmətə başlayacaq, qalan 8 gəmi isə Avstraliyada inşa ediləcək.
Sevinc Əliyeva
Ordu.az