SEPAH ABŞ, İsrail və Britaniya ilə bağlı casus şəbəkələrinin məhv edildiyini açıqlayıb

2026/03/1774248068.jpg
Oxunub: 491     13:09     18 Aprel 2026    
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat idarəsi Şərqi Azərbaycan, Kirman və Mazandaran vilayətlərində ABŞ, İsrail və Böyük Britaniya ilə əlaqəli qruplaşmaların aşkarlanaraq zərərsizləşdirildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, həmin qruplar şəbəkələr qurmaq, silahlandırma, casusluq və bazarı sabitsizləşdirməklə məşğul olublar. Onlar malların qaçaqmalçılığı, iqtisadi saxta xəbərlərin yayılması və küçə iğtişaşları vasitəsilə düşmənin hərbi hücumu üçün şərait yaratmaq istəyiblər.

“Şərqi Azərbaycan vilayətinin İslam İnqilabı Keşikçiləri Korpusu kəşfiyyatı son günlər keçirilən ikinci əməliyyat zamanı monarxist terror qrupları ilə əlaqəli 7 nəfəri aşkar edərək saxlayıb. Onlar silah əldə edilməsi, diversiya əməliyyatlarının hazırlanması və mühüm obyektlərin koordinatlarını rəhbərlərinə ötürməklə məşğul olublar”, - deyə məlumatda qeyd olunub.

Mazandaran vilayətində keçirilən əməliyyatlar nəticəsində 69 nəfər saxlanılıb. Onların arasında monarxist hərəkat tərəfdarları, “sionist rejim”lə əlaqəli şəxslər, xainlər və “iqtisadi muzdlular” olduğu bildirilib.

Həmin qruplaşmaların diversiya və dağıdıcı fəaliyyət həyata keçirdiyi qeyd olunub. Onların gizləndiyi yerlərdən odlu silah, soyuq silah və rabitə vasitələri götürülüb.

Kirman vilayətində isə İslam İnqilabı Keşikçiləri Korpusu kəşfiyyatı düşmənin 51 əsas iştirakçısını və casusunu aşkarlayaraq zərbə endirib. Xüsusilə xarici kəşfiyyat xidmətləri ilə bağlı 3 casus qrupu və bəhaiçiliklə əlaqəli 2 qrup zərərsizləşdirilib. Monarxistlərlə əlaqəli 4 nəfərlik silahlı operativ qrup məhv edilib, beynəlxalq şəbəkələrlə bağlı 6 media fəalı da saxlanılıb. Onların xaricdəki əlaqələndiricilərlə təmas saxlayaraq bazarı sabitsizləşdirmə, adam toplama, etiraz aksiyaları və iğtişaşların təşkili ilə məşğul olduqları bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   Casus  


Bizi "telegram"da izləyin