İsrail və Livan birbaşa danışıqları davam etdirmək barədə razılığa gəlib

2026/04/1776182630.jpg
Oxunub: 394     09:19     15 Aprel 2026    
İsrail və Livan “qarşılıqlı razılaşdırılmış vaxt və məkanda” birbaşa danışıqları davam etdirmək barədə razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti nümayəndəsinin müavininin Vaşinqtonda keçirilmiş danışıqlardan sonra yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, tərəflər arasında onilliklərdən sonra keçirilən ilk müzakirələr zamanı ABŞ danışıqların 2024-cü il razılaşmasından irəli gedərək hərtərəfli sülh sazişinə gətirib çıxara biləcəyinə ümid etdiyini bildirib.

ABŞ vurğulayıb ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı istənilən razılaşma ayrı-ayrı kanallar vasitəsilə deyil, ABŞ vasitəçiliyi ilə iki hökumət arasında əldə olunmalıdır. Həmçinin bildirilib ki, bu danışıqlar Livanın iqtisadi bərpasına ciddi töhfə verə və hər iki ölkə üçün investisiya imkanlarını genişləndirə bilər.

İsrail birbaşa danışıqlarda iştirak etməyə, bütün həll olunmamış məsələləri aradan qaldırmağa və regionda təhlükəsizlik, sabitlik və rifahı möhkəmləndirəcək davamlı sülhə nail olmağa sadiq olduğunu bəyan edib.

Livan isə 2024-cü ilin noyabrında qəbul edilmiş hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyannamənin tam icrasının vacibliyini vurğulayıb, ərazi bütövlüyü və dövlət suverenliyi prinsiplərini qeyd edib, həmçinin ölkənin üzləşdiyi ağır humanitar böhranın aradan qaldırılması üçün konkret addımlar atılmasına çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin