Ordu.az xəbər verir ki, bu barədə çərşənbə axşamı “Reuters” agentliyinə administrasiyanın iki rəsmisi məlumat verib.
“Bu addım o deməkdir ki, Maliyyə Nazirliyi İranla bağlı “Epik qəzəb” əməliyyatını tam şəkildə həyata keçirir”, - deyə rəsmilərdən biri bildirib.
Tramp administrasiyası uzun müddətdir ki, İranın nüvə proqramı və Yaxın Şərqdə silahlı qruplaşmalara dəstəyinə görə ona qarşı “maksimum təzyiq” siyasəti apardığını bildirir, halbuki sanksiyalar altında olan İran nefti daşımaları Çinə axmaqda davam edirdi.
Maliyyə Nazirliyinin 2026-cı il martın 20-si tarixində verdiyi icazə təxminən 140 milyon barel neftin qlobal bazarlara daxil olmasına imkan yaradıb və İranla müharibə şəraitində enerji təchizatı üzərində təzyiqin azalmasına kömək edib. Bu barədə ötən ay maliyyə naziri Skott Bessent bildirib. İcazənin müddəti 2026-cı il aprelin 19-u başa çatır.
İcazənin uzadılmaması qərarı hər iki partiyadan olan qanunvericilərin tənqidlərindən sonra qəbul edilib. Onlar ABŞ-İsrail-İran müharibəsi və Rusiya-Ukrayna arasında davam edən münaqişə fonunda Tehran və Moskva ilə bağlı sanksiyaların müvəqqəti yumşaldılmasına diqqət çəkiblər. Mənbələrin bildirdiyinə görə, ABŞ həmçinin şənbə günü başa çatan oxşar icazəni, Rusiya neftinin dəniz daşımaları ilə bağlı güzəşti uzatmayıb.
“Vaşinqtonun İranla qeyri-qanuni əməliyyatlarda iştirak edən qurumlara təzyiq göstərmək üçün bir sıra alətləri var, bunlara onun neftinin alınmasına qarşı tədbirlər, o cümlədən ikinci dərəcəli sanksiyaların tətbiqi daxildir”, - deyə mənbələrdən biri qeyd edib.
“Bundan əlavə, İranla bağlı BMT sanksiyalarının bərpasını və onun qeyri-qanuni fəaliyyətini qanuni kimi göstərmək üsullarını nəzərə alsaq, Tehranla istənilən qarşılıqlı əlaqə əlavə sanksiyalarla nəticələnə bilər”, - deyə o bildirib.
Daha əvvəl maliyyə naziri Skott Bessent jurnalistlərə demişdi ki, Hörmüz boğazının ABŞ tərəfindən blokadası Çin və digər ölkələrin gəmilərinin tranzitinə mane olacaq.
“Beləliklə, onlar öz neftlərini ala bilməyəcəklər. Onlar neft ala bilərlər, lakin İran neftini yox”, - deyə Bessent bildirib və əlavə edib ki, Çin İran neftinin 90%-dən çoxunu alıb ki, bu da onun illik idxalının təxminən 8%-ni təşkil edir.
Sevinc Əliyeva
Ordu.az