ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında İran limanlarına gedən və ya oradan çıxan dəniz hərəkətini hədəf alan birtərəfli mühasirə tətbiq edəcəyini açıqlayıb. ABŞ hərbi qurumu bildirib ki, bazar ertəsi, aprelin 13-də Şərq vaxtı ilə saat 10:00-da qüvvəyə minən mühasirə çərçivəsində heç bir gəminin İran limanlarına daxil olmasına və ya çıxmasına icazə verilməyəcək. Lakin ABŞ mühasirəsinin ilk günündə İranla əlaqəli ən azı beş gəmi Hörmüz boğazından keçərək Trampın qərarına açıq şəkildə qarşı çıxıb. Bu beş gəmidən üçü əvvəllər İran nefti ilə əlaqəli fəaliyyətlərinə görə ABŞ tərəfindən sanksiyaya məruz qalmış tankerlər olub.
Trampın bazar günü verdiyi açıqlama Hörmüz boğazının ümumi mühasirəyə alınması kimi görünürdü. Lakin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tezliklə aydınlaşdırdı ki, tədbir yalnız İran limanlarına daxil olan və ya oradan çıxan gəmilərə yönəlib və qeyri-İran limanları arasında hərəkət edən gəmilər üçün naviqasiya azadlığına maneə törədilməyəcək.
Buna baxmayaraq, Trampın ABŞ Hərbi Dəniz Qüvvələrinin (“dünyanın ən güclüsü” kimi təqdim etdiyi) İranla əlaqəli bütün gəmi hərəkətini məhdudlaşdıracağı barədə bəyanatına baxmayaraq, ilkin nəticələr qarışıq olub.
“Reuters” və BBC tərəfindən istinad edilən “Kpler”, LSEG və “MarineTraffic” kimi şirkətlərin gəmi izləmə məlumatları göstərir ki, İranla əlaqəli və ya ABŞ sanksiyalarına məruz qalan bir neçə gəmi mühasirə başladıqdan sonra Hörmüz boğazından maneəsiz keçib.
Bu arada CENTCOM çərşənbə axşamı axşamı bildirib ki, ABŞ mühasirəsi “10 mindən çox dənizçi, dəniz piyadası və hərbi hava qüvvələri personalı, eləcə də ondan artıq hərbi gəmi və onlarla təyyarə” tərəfindən həyata keçirilir. CENTCOM-un “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub: “İlk 24 saat ərzində heç bir gəmi ABŞ mühasirəsini keçə bilməyib və altı ticarət gəmisi ABŞ qüvvələrinin göstərişlərinə əməl edərək geri dönərək Oman körfəzindəki İran limanlarına qayıdıb”.
Mühasirə İran limanlarına və sahilyanı ərazilərə daxil olan və ya oradan çıxan bütün ölkələrin gəmilərinə, o cümlədən Fars körfəzi və Oman körfəzində yerləşən bütün İran limanlarına qarşı qərəzsiz şəkildə tətbiq olunur. ABŞ qüvvələri isə qeyri-İran limanları arasında hərəkət edən gəmilər üçün Hörmüz boğazında naviqasiya azadlığını təmin edir.
1-ci gündə ABŞ mhüasirəsinə qarşı çıxan İranla əlaqəli gəmilər hansılardır?
Panama bayrağı altında üzən “Peace Gulf” adlı orta mənzilli tanker Birləşmiş Ərəb Əmirliklərinin Həmriyə limanına doğru hərəkət edir, bu barədə “Reuters”in istinad etdiyi LSEG məlumatları göstərir. Bu gəmi adətən İran naftasını digər Yaxın Şərq limanlarına daşıyaraq Asiyaya ixrac edir.
Madaqaskar bayrağı altında üzən Murlikişan tankeri aprelin 16-da yanacaq yükləmək üçün İraqa gedir, Kpler məlumatlarına görə. Əvvəllər MKA kimi tanınan bu gəmi Rusiya və İran neftini daşıyıb. ABŞ sanksiyalarına məruz qalan bu gəmi Çinin Lanşan limanından yola çıxaraq gecə ərzində boğazdan qərbə doğru hərəkət edib.
ABŞ sanksiyalarına məruz qalan digər tanker, Liberiya bayrağı altında üzən “Elpis” gecə saatlarında şərq istiqamətində boğazı keçib. BBC-nin izləmə məlumatlarına istinadən verdiyi xəbərə görə, gəmi İranın Buşehr limanından yola düşüb. Onun təyinat məntəqəsi məlum deyil və İran ticarətinə yardım etdiyinə görə sanksiyalara məruz qalıb. Qeyd edək ki, gəmi İran limanından çıxmasına baxmayaraq ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılmayıb.
Boğazdan keçən gəmilər arasında sanksiya altında olan gəmilər də var
Çin şirkətinə məxsus və Malavi bayrağı altında üzən “Rich Starry” tankeri də İranla bağlı ticarətə görə ABŞ tərəfindən sanksiyaya məruz qalıb və BƏƏ-nin Şarjah limanından şərq istiqamətində hərəkət edib.
Gəmi və onun sahibi olan “Shanghai Xuanrun Shipping Co Ltd” şirkəti İranla ticarət fəaliyyətinə görə sanksiyaya məruz qalıb. “Rich Starry” təxminən 250 min barel metanol daşıyan orta mənzilli tankerdir. Məlumatlara görə, bu yükü son dayanacaq limanı olan BƏƏ-nin Həmriyə limanında yükləyib.
Tankerlərlə yanaşı, İranla əlaqəli bir quru yük gəmisinin də boğazdan keçdiyi bildirilir. Liberiya bayrağı altında üzən “Christianna” adlı quru yük gəmisi də mühasirə başladıqdan sonra bazar ertəsi boğazdan keçib. Gəminin bundan əvvəl İranın Bəndər İmam Xomeyni limanına daxil olduğu qeyd olunur.
Bununla belə, BBC qeyd edir ki, bu gəmilərin “spoofing” adlanan üsulla yanlış mövqe məlumatı yayaraq yerlərini gizlətmiş ola biləcəyi ehtimalı da var. Lakin necə keçməsindən asılı olmayaraq, beş gəmi “dünyanın ən güclü donanması” tərəfindən tətbiq edilən mühasirəyə baxmayaraq Trampa açıq meydan oxuyub.
Sevinc Əliyeva
Ordu.az