“TotalEnergies” baş direktoru: “Hörmüz boğazından keçid üçün ödəniş onun bağlanmasından daha məqsədəuyğundur”

2026/04/1775835700.jpg
Oxunub: 363     23:05     14 Aprel 2026    
Fransanın enerji nəhəngi “TotalEnergies” şirkətinin baş direktoru Patrik Puyan bazar ertəsi bildirib ki, Hörmüz boğazının yenidən açılması, hətta ödənişli əsasda belə, qlobal bazarlar üçün mühüm əhəmiyyət daşıyır.

Ordu.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

“Aydındır ki, Hörmüz boğazının açılması və sərbəst keçidə icazə verilməsi, hətta bunun üçün kiməsə ödəniş etməli olsanız belə, azad bazarlar və qlobal bazarlar üçün fundamental əhəmiyyət daşıyır”, - deyə Puyan Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz toplantıları çərçivəsində keçirilən tədbirdə bildirib.

Fevralın 28-də Yaxın Şərqdə müharibənin başlamasından etibarən dünya neft və qazının təxminən 20 faizinin daşındığı boğazda gəmiçilik əsasən iflic vəziyyətə düşüb. Bazar ertəsi ABŞ Prezidenti Donald Tramp İran limanlarına qarşı dəniz mühasirəsi tətbiq etməyi əmr edib ki, bu da sonradan boğazdan keçidi çətinləşdirib.

“Bu addım bazar likvidliyinin azalmasına gətirib çıxaracaq”, - deyə Puyan “Semafor World Economy” forumunda bildirib.

Şirkətin baş direktoru izah edib ki, Qərb ölkələri neft və qaz ehtiyatları sayəsində müharibənin ən ağır iqtisadi nəticələrindən əsasən qorunub. Lakin o xəbərdarlıq edib: “Əgər bu müharibə və mühasirə üç aydan çox davam edərsə, xüsusilə aviasiya yanacağı və dizel yanacağı üzrə ciddi təchizat problemləri ilə üzləşəcəyik”. Puyan, həmçinin qeyd edib ki, neft məhsullarından əldə edilən gübrələr “demək olar ki, sistemli risk” yaradır, çünki onların çatışmazlığı ərzaq qiymətlərinin artmasına və nəticədə inflyasiyaya səbəb ola bilər.

Puyan əlavə edib ki, Panama və Süveyş kanallarından keçən gəmilər də rüsum ödəyir.

“Əsas problem Hörmüz boğazının qəfil bağlanması təhlükəsidir”, - deyə o bildirib və vurğulayıb ki, qeyri-müəyyənlik qiymət artımına səbəb olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TotalEnergies   Hörmüz  


Bizi "telegram"da izləyin