Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Damen Shipyards Antalya” Türkiyə Sahil Mühafizə Komandanlığı, Miqrasiya İdarəsi Rəyasət Heyəti, Beynəlxalq Miqrasiya Təşkilatı (IOM), Avropa İttifaqının Türkiyə nümayəndəliyi və Niderland səfirliyinin nümayəndələrinin iştirakı ilə təşkil olunan toplantıya ev sahibliyi edib. “Damen”in Antalyadakı müəssisələrində keçirilən bu toplantı dəniz təhlükəsizliyi və miqrasiya idarəçiliyi sahəsində əsas tərəfdaşları bir araya gətirən strateji platforma funksiyasını yerinə yetirib.
Toplantıda Avropa Birliyinin maliyyələşdirməsi ilə həyata keçirilən layihə çərçivəsində “Damen” ilə IOM arasında daha əvvəl imzalanmış müqavilə bütün tərəflər səviyyəsində təsdiqlənib. Layihə çərçivəsində inşa olunacaq 13 ədəd SAR 1906 axtarış-xilasetmə katerinin istehsal prosesləri tamamlandıqdan sonra Türkiyə Sahil Mühafizə Komandanlığının inventarına daxil olaraq “Mavi Vətən”də əməliyyat fəaliyyətlərində aktiv rol alması hədəflənir.
“Damen Shipyards Antalya” daha əvvəl Avropa Birliyinin dəstəklədiyi IOM layihələri çərçivəsində Türkiyə Sahil Mühafizəsinə 2016-cı ildə 6 ədəd, 2019-cu ildə isə 9 ədəd SAR 1906 kateri təhvil verərək bu sahədəki bacarığını sübut etmişdi. Beləliklə, yeni müqavilə çərçivəsindəki 13 katerin təhvilinin 2027-2028-ci illər arasında tamamlanması və katerlərin dənizdə axtarış-xilasetmə əməliyyatlarında kritik rol oynaması gözlənilir.
Bununla yanaşı, bütün katerlərin inşası “Damen”in 2013-cü ildən etibarən Antalya Sərbəst Bölgəsində fəaliyyət göstərən gəmiqayırma zavodunda həyata keçiriləcək. İllik təxminən 28 gəmi təhvil gücünə malik olan bu müəssisə bölgədəki dənizçilik təchizat zənciri və yüksək ixtisaslı yerli işçi qüvvəsi ilə dəstəklənərək həm layihəyə, həm də yerli iqtisadiyyata yüksək əlavə dəyər verir.
Proseslə bağlı “Damen”in Regional Satış Müdiri Emre Türköz deyib: “Damen” adından, bu son axtarış-xilasetmə katerlərinin inşası üçün qurumumuza göstərilən etimada görə bir daha minnətdaram. Qarşıdakı illərdə bu katerlərin təhvili üçün birlikdə çalışarkən IOM, Türkiyə Sahil Mühafizəsi və Avropa Birliyi ilə aramızdakı güclü əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”.
SAR-1906
SAR 1906 yüngül alüminium gövdəsi və kompozit kapitan körpüsü ilə seçilən, 19,5 metr uzunluğunda və 6,5 metr enində bir xilasetmə kateridir. 30 düyün sürətə çata bilən kater istənilən hava şəraitində fəaliyyət göstərə biləcək şəkildə layihələndirilib. Bu dayanıqlıq Türkiyə Sahil Mühafizəsinin tərkibində xidmət edən mövcud katerlərin 90 faizdən yuxarı əməliyyat istifadəyə yararlılıq göstəricisi ilə də sübut olunub. Bundan əlavə, kater üstün funksionallığı ilə yanaşı, çevrilmə halında saniyələr içində özünü özü düzəltmək qabiliyyətinə malikdir.
Digər tərəfdən, “Damen”in xüsusi “Sea Axe” burun dizaynı su müqavimətini minimuma endirərək yüksək yanacaq səmərəliliyi təmin edir. Altı nəfərlik heyətlə yanaşı 120 nəfərə qədər zərərçəkəni daşımaq qabiliyyətinə malik olan SAR 1906 modelləri bu günədək Türkiyədəki əməliyyatlarda 27 mindən çox insanın xilas edilməsinə imkan verib.
Sevinc Əliyeva
Ordu.az