ABŞ-İran görüşləri yenidən başlaya bilər
ABŞ və İranın, Vaşinqtonun İran limanlarına yönəlmiş blokadasına baxmayaraq, bu həftə müharibənin dayandırılması məqsədilə danışıqlara yenidən başlaya biləcəyi bildirilib. “Reuters”ə danışan mənbələrin məlumatına görə, tərəflər İslamabadda görüşlərə yenidən qayıtmağı dəyərləndirirlər.
Blokada gərginliyi artırdı, bazarları sakitləşdirdi
ABŞ-nin İran limanlarına yönəlmiş blokadası Tehranda sərt reaksiyalara səbəb olarkən, diplomatik təmasların yenidən başlaya biləcəyinə dair işarələr neft bazarlarını nisbətən rahatlaşdırıb. Çərşənbə axşamı qlobal neft qiymətləri 100 dolların altına enib.
1979-cu il İran inqilabından etibarən ən yüksək səviyyəli təmaslar kimi qiymətləndirilən görüşlər həftəsonu Pakistanın paytaxtı İslamabadda irəliləyiş əldə olunmadan başa çatmışdı. Bu vəziyyət iki həftəlik atəşkəsin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırmışdı.
Yeni tur görüşlər bu həftəsonu ola bilər
Danışıqlarda iştirak edən mənbələrin məlumatına görə, tərəflərin bu həftəsonu qədər erkən bir tarixdə yenidən bir araya gəlməsi mümkündür. Yüksək səviyyəli iranlı rəsmi bildirib: “Dəqiq tarix yoxdur, lakin heyətlər cümə ilə bazar arasındakı dövrü açıq saxlayır”.
ABŞ prezidenti Donald Tramp isə İranın əlaqə yaradaraq razılaşma əldə etmək istədiyini bildirib. Tramp İranın nüvə silahı əldə etməsinə imkan verəcək hər hansı razılaşmanı qəbul etməyəcəyini bir daha təkrarlayıb.
Hörmüz böhranı və qarşılıqlı təhdidlər
Fevralın 28-də başlayan toqquşmalardan etibarən İran Hörmüz boğazından keçidləri faktiki olaraq nəzarət altına alaraq xarici gəmilərə məhdudiyyətlər tətbiq edib. Qlobal neft və qaz ticarətinin mühüm hissəsinin bu dar su yolundan keçməsi böhranın təsirini qlobal miqyasda artırıb.
ABŞ ordusu isə bazar ertəsi İran limanlarına daxil olan və çıxan dəniz hərəkətini əngəlləməyə başlayıb. Tehran hakimiyyəti boğazdan keçən döyüş gəmilərini hədəfə ala biləcəyini və Körfəzdəki ölkələrə cavab zərbəsi endirə biləcəyini açıqlayıb.
Nüvə proqramı əsas fikir ayrılığı nöqtəsidir
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə etdiyini, lakin İranın kifayət qədər addım atmadığını bildirib.
Vens vurğulayıb ki, ABŞ-nin əsas tələbləri İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılması və nüvə silahı hazırlanmadığının təsdiqlənməsinə yönəlmiş nəzarət mexanizminin qurulmasıdır.
“Tehran bəzi addımlar atıb, lakin bu yetərli deyil”, - deyə Vens qeyd edib və Vaşinqtonun kritik məsələlərdə güzəştə getməyəcəyini bildirib.
İran blokadasına baxmayaraq, hərəkət davam edir: Çin tankeri boğazdan keçdi
ABŞ sanksiyaları altında olan Çin bağlantılı bir tanker Hörmüz boğazından keçib. “MarineTraffic” məlumatlarına görə, Malavi bayrağı altında üzən “Rich Starry” adlı tanker çərşənbə axşamı boğazdan keçərək İran yönümlü ABŞ blokadasına baxmayaraq, hərəkətini davam etdirib. Lakin gəminin səfərinə İran limanlarından başlamadığı və yükünü Birləşmiş Ərəb Əmirliklərindən götürdüyü bildirilib.
Gəmi ilk dəfə bazar ertəsi UTC vaxtı ilə saat 12:00 radələrində boğazdan keçməyə cəhd edib, lakin İranın Keşm adası yaxınlığında qısa müddətə geri dönüb. Axşam saatlarında ikinci cəhd edən tanker çərşənbə axşamı səhər tezdən Hörmüz boğazını keçməyə nail olub.
Dənizçilik izləmə məlumatlarına görə, tanker İran bağlantılı kimi təsnifləndirilsə də, mövcud səfərində İrandan neft yükləməyib. Gəmi yükünü BƏƏ-dəki Hamriyah limanından götürdükdən sonra Hörmüz boğazını keçərək marşrutunu davam etdirib.
“Rich Starry” Çində yerləşən “Shanghai Xuanrun Shipping Co Ltd” ilə bağlantılı “Full Star Shipping Ltd” tərəfindən idarə olunur. Şirkət İranla olan ticari bağlarına görə 2023-cü ildən etibarən ABŞ sanksiyaları siyahısında yer alır.
“MarineTraffic” məlumatlarına görə, tanker 2023-cü il aprelinədək “Full Star” adı ilə Honq Konq bayrağı altında fəaliyyət göstərirdi.
Məlumat və analiz şirkəti Kpler tərəfindən paylaşılan bilgilərə görə, tanker metanol daşıyır və son təyinat nöqtəsi Çin kimi görünür.
ABŞ-nin İran limanlarına yönəlmiş blokadasının qüvvədə olduğu dövrdə sanksiya altındakı gəmilərin boğazdan keçid etməsi diqqət çəkir.
Kpler məlumatlarına görə, bazar ertəsi Komor adaları bayrağı altında üzən “Elpis” adlı bir neft tankeri də Hörmüz boğazından keçib. Sözügedən gəmi İranın “kölgə donanması” çərçivəsində qiymətləndirilərkən, İran neftinin daşınmasındakı roluna görə 2025-ci ildə ABŞ sanksiyalarına məruz qalmışdı.
İran bağlantılı üçüncü tanker Hörmüzdən keçdi
Daşınma məlumatlarına görə, İran bağlantılı üçüncü tanker Hörmüz boğazından keçərək Bəsrə körfəzinə daxil olub. Bu inkişaf ABŞ-nin İrana yönəlmiş dəniz blokadasının effektivliyi ilə bağlı sualları artırıb.
LSEG məlumatlarına görə, Panama bayrağı altında üzən “Peace Gulf “adlı tanker Birləşmiş Ərəb Əmirliklərindəki Hamriyah Port limanına doğru hərəkət edir.
Bu inkişafdan əvvəl ABŞ sanksiyaları altında olan daha iki tanker eyni su yolundan keçmişdi. Lakin sözügedən gəmilərin İran limanlarına istiqamətlənməməsi səbəbindən mövcud blokada tətbiqindən birbaşa təsirlənmədiyi bildirilir.
Məlumat və analiz şirkəti “Kpler”ə görə, “Murlikishan” adlı “Handy” sinfinə məxsus tanker aprelin 16-da yanacaq yükləmək üçün İraqa doğru hərəkət edir. Daha əvvəl MKA adı ilə fəaliyyət göstərən gəminin keçmişdə Rusiya və İran nefti daşıdığı məlumdur.
Trampdan İrana dəniz blokadası qərarı: Hörmüz böhranı dərinləşir
İslamabadda aparılan ABŞ-İran danışıqlarından nəticə çıxmamasından sonra ABŞ prezidenti Donald Tramp İrana qarşı dəniz blokadası tətbiq olunacağını açıqlayıb. Qərarın cəmi beş gün əvvəl əldə olunmuş kövrək atəşkəsi risk altına sala biləcəyi qiymətləndirilir.
Tramp bazar günü “Truth Social” sosial media platformasında verdiyi açıqlamada qeyd edib: “Dərhal qüvvəyə minəcək şəkildə ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına giriş və çıxış edən bütün gəmiləri blokada altına alma prosesini başlayacaq”. Tramp həmçinin İrana keçid haqqı ödəyən gəmilərin dayandırılması göstərişini verdiyini bildirərək Tehranın boğaz üzərindəki nəzarətini “qəsb” kimi xarakterizə edib.
Danışıqlar nəticəsiz qaldı
ABŞ ilə İran arasında gecə boyu davam edən görüşlərdə Vaşinqtonun şərtləri qəbul edilməyib. ABŞ-li bir rəsmiyə görə, təklif İranın bütün uran zənginləşdirmə fəaliyyətlərini dayandırmasını, yüksək səviyyədə zənginləşdirilmiş uranı təhvil verməsini, nüvə obyektlərini sökməsini və regional gərginliyi azaltmağa yönəlmiş hərtərəfli çərçivəni qəbul etməsini əhatə edirdi.
Təklifdə həmçinin İranın HƏMAS, “Hizbullah” və husilər kimi regional vəkil aktorlara verdiyi maliyyəni kəsməsi və Hörmüz boğazını keçid haqqı olmadan tam şəkildə açması da yer alıb.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İran “son və ən yaxşı təklif” kimi xarakterizə edilən bu şərtləri qəbul edərsə, Vaşinqton diplomatiyaya açıq qalacaq.
Enerji bazarları və qlobal risklər
Planlaşdırılan dəniz blokadasının qısa müddətdə Hörmüz boğazından keçən bütün ticari hərəkəti ciddi şəkildə poza biləcəyi bildirilir. Bu vəziyyətin onsuz da müharibə səbəbindən təzyiq altında olan qlobal enerji bazarlarında yeni böhran yaratmaq riski daşıdığı qiymətləndirilir.
Tramp ABŞ-də neft və təbii qaz qiymətlərinin müvəqqəti olaraq arta biləcəyini qəbul etsə də, ən böyük təsirin enerji idxalından asılı olan Asiya ölkələrində hiss oluna biləcəyi bildirilir.
Hərbi risklər artır
Hörmüz boğazının dar quruluşu mümkün dəniz blokadasını hərbi baxımdan daha riskli edir. ABŞ donanma vasitələrinin kiçik sürətli qayıqlar, pilotsuz uçuş aparatları və raket hücumları qarşısında həssas qala biləcəyi qiymətləndirilir.
Tramp blokada əməliyyatına “çox sayda ölkənin” qatılmasını gözlədiyini ifadə edib, lakin detallar paylaşmayıb. O, əməliyyatı ABŞ-nin daha əvvəl Venesueladan çıxan neft daşımalarını əngəlləmək üçün həyata keçirdiyi fəaliyyətlərə bənzədib.
Tramp: “Razılaşma hələ də mümkündür”
Bütün gərginliyə baxmayaraq, Tramp İranla razılaşma əldə edilə biləcəyi istiqamətində nikbin olduğunu bildirib. “Fox News”a verdiyi müsahibədə o, danışıqlardakı əsas problemin İranın nüvə proqramı olduğunu qeyd edib.
“Yaxşı görüş idi, bir problem istisnadır, bu da 95 faizlik problemdir. Nüvə silahına sahib olmaq istəyirlər. Bu olmayacaq”, - deyə Tramp bildirib və İran geri addım atmasa, daha sərt addımların atıla biləcəyinə işarə edib.
Tramp İranın nüvə proqramından imtina etməməsi halında elektrik stansiyaları, raket istehsal müəssisələri və körpülər kimi kritik infrastrukturun hədəfə alına biləcəyini bildirib. Lakin su mənbələrini hədəf almağı “üstün tutmadığını” qeyd edib.
ABŞ-dən İrana blokada: CENTCOM tətbiqin detallarını açıqladı
ABŞ ordusunun Mərkəzi Komandanlığı CENTCOM İrana yönəlmiş dəniz blokadasının təfərrüatlarını açıqlayıb. Açıqlamaya görə, blokada aprelin 13-də saat 10:00 EST (15:00 GMT) etibarilə qüvvəyə minəcək.
Komandanlıq bildirib: “Prezidentin göstərişi doğrultusunda İran limanlarına daxil olan və çıxan bütün dəniz hərəkətinə yönəlmiş blokada tətbiq olunacaq”.
Hörmüz boğazı qərarından sonra açıqlama
ABŞ prezidenti Donald Tramp İslamabadda ABŞ ilə İran arasında aparılan danışıqların nəticəsiz qalmasından sonra Hörmüz boğazının blokada altına alınacağını elan etmişdi.
CENTCOM-un açıqlamasında blokadanın əhatə dairəsinin yalnız Hörmüz boğazı ilə məhdudlaşmadığına diqqət çəkilib.
Blokadanın əhatə dairəsi dəqiqləşdi
Komandanlıq bildirib ki, blokada Ərəb körfəzi və Oman körfəzindəki bütün İran limanlarını əhatə edəcək. Buna görə, İran limanlarına daxil olan və çıxan bütün ölkələrə məxsus gəmilər hədəfə alınacaq və tətbiq “tərəfsiz” şəkildə həyata keçiriləcək.
Hərəkət azadlığı vurğusu
CENTCOM İran xaricindəki limanlara gedən və ya bu limanlardan gələn gəmilərin hərəkət azadlığının əngəllənməyəcəyini vurğulayıb.
Açıqlamada bildirilib: “Hörmüz boğazı üzərindən İran xaricindəki limanlara yönələn dəniz hərəkəti sərbəst qalmağa davam edəcək”.
Sevinc Əliyeva
Ordu.az