Ordu.az xəbər verir ki, bu barədə “Politico” yazır.
“Fox News”a verdiyi müsahibədə Cey Di Vens bildirib ki, “Orbanın məğlubiyyətindən məyusdur, lakin təəccüblənməyib”. Onun sözlərinə görə, Budapeştə səfər və kampaniyada iştirak qələbəni təmin etmək məqsədi daşımayıb, sadəcə ABŞ-nin “uzunmüddətli müttəfiqini” dəstəkləmək vasitəsi olub.
Vens vurğulayıb ki, administrasiyada bütün riskləri anlayırdılar və Orbanın asan qələbə qazanacağını gözləmirdilər. O qeyd edib ki, Macarıstanın baş naziri uzun illər ərzində Brüsselin təzyiqlərinə müqavimət göstərən və sərt miqrasiya siyasəti aparan azsaylı Avropa liderlərindən biri olub.
“Politico”nun qeyd etdiyi kimi, Orbanın məğlubiyyəti MAGA siyasi düşərgəsinə zərbə olub və Macarıstan lideri uzun müddət “alternativ idarəetmə modeli”nin nümunəsi kimi təqdim edilirdi. Onun həyata keçirdiyi siyasət, xüsusilə miqrasiyaya ciddi nəzarət və icra hakimiyyətinin rolunun artırılması ABŞ-də mühafizəkar dairələr üçün tez-tez istiqamətverici kimi qiymətləndirilirdi.
Nəşr həmçinin yazır ki, Tramp administrasiyasında və onun müttəfiqləri arasında seçkilərin nəticələrinə kifayət qədər təmkinli reaksiya verilib. Bununla belə, bir sıra ekspertlər Orbanın məğlubiyyətini Avropada və ABŞ-də sağçı populist hərəkatın ideoloji zəifləməsi kimi qiymətləndiriblər. Bunun əksinə olaraq, bəzi Avropa liderləri baş verənləri Avropa İttifaqı və onun institutlarının mövqelərinin möhkəmlənməsi kimi dəyərləndirirlər.
Sevinc Əliyeva
Ordu.az