“Somalilənd” bazası İran və husilərə qarşı əsas dəniz yollarında ABŞ-nin dayaq nöqtəsinə çevrilə bilərmi?

2026/04/1776167032.jpg
Oxunub: 360     15:44     14 Aprel 2026    
Hörmüz boğazının blokadaya alınmasının başlanması və İranın dəstəklədiyi təhdidlərin Qırmızı dənizdəki əsas dar keçid nöqtəsi olan Bab əl-Məndəb boğazını hədəf alması fonunda strateji əhəmiyyətli hava bazası və liman ABŞ-yə təklif edilib.

ABŞ-nin yüksək rütbəli hərbi rəsmiləri, o cümlədən ABŞ Afrika Komandanlığının (AFRICOM) komandiri general Daqvin Anderson yaxın vaxtlarda “Somalilənd” regionunda (Somali Federativ Respublikasının “Somalilənd” regionu) təklif olunan obyektləri ziyarət ediblər. “Somalilənd” regionu 1991-ci ildə müharibədən zərər çəkmiş Somalidən ayrıldıqdan sonra ABŞ-yə meyilli dayaq məntəqəsi kimi çıxış edir.

Ərəb dilində “Gözyaşı qapısı” mənasını verən Bab əl-Məndəb Hörmüz boğazı faktiki bağlandıqdan sonra Yaxın Şərqdən Asiyaya neft daşınması üçün əsas marşruta çevrilib. “Bloomberg News” xəbər verir ki, Səudiyyə Ərəbistanı Qırmızı dənizdəki Yanbu limanından gündə potensial olaraq 7 milyon barelə qədər neftin bu boğaz vasitəsilə daşınmasına keçib. Bildirilir ki, eni 16 mil olan bu boğazdan dünya dəniz daşımalarının 14 faizədək hissəsi keçir.

Burada “Somalilənd” regionundakı Berbera şəhərində hava və dəniz bazasının ABŞ-yə verilməsi ilə bağlı mübahisəli təklif gündəmə gəlir. “Somalilənd” regionunun “X” sosial şəbəkəsindəki rəsmi səhifəsi ötən ay Berberanın üstünlüklərini vurğulayaraq qeyd edib ki, burada “Qırmızı dənizi Hind okeanı ilə birləşdirən arteriya boyunca dərin su limanı” və “əslində NASA-nın fövqəladə eniş meydançası kimi yaradılmış Afrikanın ən uzun uçuş-enmə zolaqlarından biri” var.


Yəməndə keçmiş Böyük Britaniya səfiri və Demokratiyaların Müdafiəsi Fondunda (FDD) baş elmi işçi Edmund Fitton-Braun “Fox News Digital”a bildirib: “Berbera açıq şəkildə dəniz və hava əməliyyatları üçün böyük strateji potensiala malikdir”.

ABŞ-nin Cibutidə başqa bir Qırmızı dəniz bazası da var, lakin Fitton-Braun “Fox News Digital”a bildirib ki, oradakı hökumət administrasiyanın bəzi siyasətlərindən getdikcə narahatdır: “Cibuti husilərə qarşı sanksiyaların tətbiqinə kömək etməkdə ABŞ üçün getdikcə daha tərəddüdlü və istəksiz müttəfiqə çevrilir. Yəmənin qərb və cənub-qərb sahillərindəki problemləri həll etmək baxımından demək olar eyni mövqedə olan “Somalilənd” regionu ABŞ, İsrail və BƏƏ-yə husilərlə mübarizədə kömək edə bilər”.

Mübahisə ABŞ-nin Somalilendı tanıyıb-tanımaması məsələsi ətrafında gedir.

Prezident Donald Tramp ötən ilin avqustunda Oval kabinetdə jurnalistlərə “Somalilənd” regionunun tanınması və Qəzza sakinlərinin oraya köçürülməsi ilə bağlı sualı cavablandırarkən “Biz hazırda bunu araşdırırıq” deyib və əlavə edib: “Hazırda bunun üzərində işləyirik, “Somalilənd”.

Lakin Dövlət Departamentinin sözçüsü “Fox News Digital”a bildirib: “ABŞ “Somalilənd” ərazisini də əhatə edən Somali Federal Respublikasının suverenliyini və ərazi bütövlüyünü tanımağa davam edir”.


Ötən il İsrail Somalilendı tanıyan ilk ölkə olub.

İran husiləri Qırmızı dənizdə hərəkətə keçməyə təşviq edir. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli Tasnim xəbər agentliyi martın 21-də xəbərdarlıq edib: “Bab əl-Məndəb boğazı və Qırmızı dəniz də daxil olmaqla digər boğazlarda təhlükəsizliksizliyin yaradılması Müqavimət Cəbhəsinin variantlarından biridir və vəziyyət amerikalılar üçün indiki ilə müqayisədə daha da mürəkkəbləşəcək”.


Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) husilər üzrə eksperti Bara Şaiban deyir ki, “Somalilənd” regionunun tanınması problemlidir, çünki bu “ABŞ-nin Səudiyyə Ərəbistanı və Misir kimi ərəb ölkələri ilə münasibətlərini poza bilər, halbuki onların çoxu ABŞ-nin müttəfiqləridir. ABŞ-nin sadəcə “Somalilənd” regionu limanlarına çıxış əldə etmək üçün regiondakı müttəfiqlərini narazı salması ağıllı olmaz”.

AFRICOM-un sözçüsü “Fox News Digital”a bildirib: “ABŞ yeni baza yaratmağa çalışmır, çünki bu cür addımlar Prezident və Müdafiə naziri tərəfindən irəli sürülən “America First” təhlükəsizlik çərçivəsinə uyğun deyil”.

Rəsmi olaraq həm bazaların istifadəsi, həm də Somalilendın tanınması gündəmdə olmasa da, analitiklər deyirlər ki, “Somalilənd” regionu administrasiyanın dərhal tanıması olmadan bazalardan istifadə təklif etdiyinə görə məsələ qeyri-rəsmi şəkildə gündəmdən çıxmayıb.


Bu, bəlkə də “Fox News Digital” ilə paylaşılan son videoda AFRICOM-un generalı Andersonun və yüksək rütbəli hərbi rəsmilərin böyük qrupunun Somalilendda görünməsinin səbəbidir. Anderson “Somalilənd” regionunun prezidenti ilə görüşüb və cəmi beş ay əvvəl noyabr ayında Berbera limanını yoxladığı görünür.

Bu, yeganə ziyarət deyil. “Somalilənd” regionunun Vaşinqtondakı baş diplomatik nümayəndəsi Bəşir Qot “Foreign Policy Research Institute”də keçirilən son debatda deyib: “Yaxın Şərqdə müharibə “Somalilənd”in strateji əhəmiyyətini artırıb. ABŞ hərbi marağı çox güclü olub. Hər ay AFRICOM-dan Hargeisaya, “Somalilənd”in paytaxtına nümayəndə heyəti gəlib”.


“Fox News Digital” “Somalilənd” regionuna müraciət edib, lakin onlar şərh verməkdən imtina ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somalilənd   İran   Husilər   ABŞ  


Bizi "telegram"da izləyin