Ordu.az xəbər verir ki, ROKETSAN-ın baş direktoru Murat İkinci müxtəlif coğrafiyalarda baş verən müharibələrin xarakter baxımından bir-birindən fərqləndiyini vurğulayaraq, hər bir münaqişədən ayrıca dərslər çıxarıldığını qeyd edib.
“Hər müharibə fərqli dərslər təqdim edir”
ROKETSAN-ın baş direktoru Murat İkinci Ukrayna-Rusiya, Pakistan-Hindistan və İran-İsrail münaqişələrinin fərqli dinamiklərə malik olduğunu diqqətə çatdıraraq belə qiymətləndirmə verib: “Bu müharibələrin hər birinin xarakteri bir-birindən çox fərqlidir. Onların hamısını eyni qəlibə salmaq düzgün olmaz”.
İkinciyə görə, xüsusilə Ukrayna cəbhəsində müharibənin inkişafı diqqətçəkici olub. Başlanğıcda raketlərin və hava vasitələrinin ön planda olduğu münaqişələrin zamanla FPV tipli kamikadze pilotsuz uçuş aparatlarına və uzun mənzilli zərbə qabiliyyətlərinə yönəldiyi bildirilib.
FPV pilotsuz uçuş aparatları və lazer sistemləri ön plana çıxır
Sahədən əldə olunan dərslər əsasında aşağı maliyyətli, lakin effektiv təhdidlərə qarşı həllər hazırlanıldığını qeyd edən İkinci belə deyib: “FPV pilotsuz uçuş aparatları quru əməliyyatlarında həm ciddi təhdid, həm də mühüm hücum vasitəsinə çevrilib”.
Bu çərçivədə ROKETSAN-ın kamikadze pilotsuz uçuş aparatlarına qarşı maliyyət baxımından effektiv hava hücumundan müdafiə sistemləri üzərində işlədiyi, ALKA və PUSU kimi sistemlərin bu ehtiyaca uyğun olaraq hazırlandığı bildirilib.
Bundan əlavə, lazerlə yönəlmiş CİRİT raketi və yüksək enerjili lazer texnologiyalarına investisiyaların da bu təhdidlərə qarşı inkişaf etdirildiyi qeyd olunub.
“Hava-hava” raketlərində mənzil və sensorlar kritikdir
Pakistan-Hindistan arasında baş verən qısa müddətli münaqişəyə də toxunan İkinci bu prosesdə xüsusilə uzun mənzilli “hava-hava” raketlərinin və situasiya məlumatlılığı anlayışının ön plana çıxdığını bildirib. “Uzun mənzilli “hava-hava” raketlərinin, sensor inteqrasiyasının və kəşfiyyatın nə qədər vacib olduğunu aydın şəkildə gördük”, - deyə o qeyd edib.
Bu istiqamətdə hazırlanmış sistemlər arasında GÖKBORA da yer alır və süni zəka dəstəkli hədəf nişanalma sistemlərinə keçidin sürətləndiyi qeyd olunur.
Ballistik və hipersəs təhdidləri müəyyənedicidir
İran-İsrail gərginliyi üzərindən aparılan qiymətləndirmələrdə isə ballistik raketlər, hava hücumundan müdafiə sistemləri və çoxsaylı pilotsuz uçuş aparatlarının birlikdə istifadəsinin ön plana çıxdığı vurğulanıb.
İkinci belə inteqrasiya olunmuş hücumların güclü hava hücumundan müdafiə sistemlərini belə aşa bildiyini qeyd edərək bildirib: “Hipersəs texnologiyaları hava hücumundan müdafiə sistemləri üçün ciddi təhdid yaradır”.
Bu çərçivədə həm ballistik və qanadlı raketlər sahəsində, həm də hava hücumundan müdafiə sistemlərində hipersəs təhdidlərinə qarşı həllərin hazırlanmasına fokuslanıldığı qeyd olunub.
Müasir müharibənin istiqaməti: çoxqatlı və uzun mənzilli sistemlər
ROKETSAN-a görə müasir müharibə doktrinası tək bir sistemə deyil, ballistik raketlərin, qanadlı raketlərin, hava hücumundan müdafiə sistemlərinin və pilotsuz sistemlərin inteqrasiya olunmuş istifadəsinə əsaslanır.
İkinci Türkiyənin bu transformasiyaya uyğun olaraq geniş spektrdə investisiyalar etdiyini bildirərək, hər cür təhdidə qarşı həllər hazırlamaq məqsədinin davam etdiyini qeyd edib.
Sevinc Əliyeva
Ordu.az