ROKETSAN sahədəki inkişafları izləyir

2026/04/Ekran-1776149730.jpg
Oxunub: 376     10:59     14 Aprel 2026    
ROKETSAN-ın baş direktoru Murat İkinci şirkətin mövcud müharibə sahələrini yaxından izlədiyini və lazımi nəticələr çıxardığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

ROKETSAN-ın baş direktoru Murat İkinci Kemal Öztürkün suallarını cavablandırıb. Şirkətin fəaliyyəti və gələcək baxışı barədə açıqlamalar verən İkinci bildirib ki, ROKETSAN mövcud müharibə sahələrini yaxından izləyir. Bu sahələrdən mühüm dərslərin çıxarıldığını qeyd edən İkinci Ukrayna-Rusiya, Pakistan-Hindistan və İran-İsrail müharibələrini nümunə göstərib.

Bu müharibələrin xarakterik xüsusiyyətlərinin bir-birindən fərqli olduğunu bildirən ROKETSAN rəhbəri deyib:

“Suriya ərazisində bildiyiniz kimi vətəndaş müharibəsi var idi. Daha sonra Rusiya-Ukrayna müharibəsi fərqli istiqamətdə inkişaf etdi. Ardınca Pakistan və Hindistan arasında qısa müddətli qarşıdurma baş verdi ki, iki nüvə dövləti arasındakı bu münaqişə bizim üçün çox vacib idi. Daha sonra isə İsrail/ABŞ-nin İrana hücumları baş verdi və bu qarşıdurmalar yeni müharibə mühiti ilə bağlı çoxlu məlumat verdi.

Biz bunları çox yaxından izləyirik, lakin hər bir müharibənin xarakteri fərqlidir. Onları eyni ölçü ilə qiymətləndirmək düzgün olmaz. Məsələn, Ukrayna müharibəsini götürək. Bu müharibə iki ordunun quru əməliyyatlarında bir-birinə qarşı durduğu klassik cəbhə xətti mühitini göstərir. Əvvəl hava vasitələri və raketlərlə başlayan müharibə indi kamikadze pilotsuz uçuş aparatlarına və uzun mənzilli texnologiyalara doğru inkişaf edib. Burada əsas diqqət süni zəka dəstəyi ilə işləyən, asan istehsal olunan FPV pilotsuz uçuş aparatlarının hücumlarına yönəlib.

Bu bizim üçün belə bir nəticə çıxarır: FPV pilotsuz uçuş aparatları müəyyən mərhələdən sonra quru əməliyyatlarında həm ciddi təhlükə, həm də effektiv hücum vasitəsi ola bilər. Biz hər iki istiqamətdə nəticələr çıxardıq. Xüsusilə yeni məhsullarda FPV və kamikadze pilotsuz uçuş aparatlarına qarşı qorunma təmin edən xərc baxımından səmərəli hava hücumundan müdafiə sistemləri hazırlamağa çalışdıq ki, ALKA və PUSU sistemləri buna nümunədir. Lazerlə idarə edilən CİRİT raketində və yüksək enerjili lazer sistemlərində də bu cür hücumlardan qorunma texnologiyalarına investisiya qoyduq”.

Uzun mənzilli “hava-hava” raketi ehtiyacı

Ötən il Pakistan və Hindistan arasında baş verən qısa müddətli münaqişə Pakistanın üstünlüyü ilə nəticələnmişdi. Bu müharibədən çıxarılan dərslərə toxunan İkinci bildirib ki, situasiya məlumatlılığı və uzun mənzilli “hava-hava” raketlərinin əhəmiyyəti daha aydın görünüb:

“Pakistan və Hindistan arasında baş verən müharibə əsasən “hava-hava” müharibəsi şəklində oldu. Uzun mənzilli “hava-hava” raketləri, sensor inteqrasiyası, radar sistemləri və ümumilikdə situasiya məlumatlılığı, yəni məlumat və kəşfiyyatın əhəmiyyəti burada açıq şəkildə ortaya çıxdı. Bu da bizi “hava-hava” raketləri sahəsində, xüsusilə uzun mənzilli həllərə (bizim hazırladığımız GÖKBORA raketi kimi) və süni zəka dəstəyi ilə avtomatik nişanalma həyata keçirə bilən sistemlərə keçidə yönəltdi.

Son olaraq İsrail və İran arasında baş verən müharibədə isə ballistik raketlər və hava hücumundan müdafiə sistemlərinin ön plana çıxdığını gördük. Bu sistemlərin təkbaşına deyil, çoxsaylı kamikadze pilotsuz uçuş aparatları ilə inteqrasiya edilmiş şəkildə istifadə edildikdə ən güclü hava hücumundan müdafiə sistemlərini belə aşa bildiyini müşahidə etdik. Bu isə hipersəs raket texnologiyalarının nə qədər ciddi təhlükə olduğunu göstərdi. Biz də həm hipersəs texnologiyalarına, həm də öz hava hücumundan müdafiə sistemlərimizdə bu təhdidlərə qarşı texnologiyalara investisiya etməyə başladıq. Həm ROKETSAN “Polad Günbəz” sistemində, həm də ballistik və qanadlı raketlər sahəsində bu istiqamətdə işlər aparılır.

Ümumilikdə baxdıqda MANPAD tipli hava hücumundan müdafiə vasitələri (bizim SUNGUR kimi) və tank əleyhinə raketlər (bizim KARAOK kimi) quru döyüşlərində ciddi fərq yaradır. Lakin iki ölkə arasında quru sərhədi yoxdursa, münaqişə daha çox ballistik raketlər, qanadlı raketlər, uzun mənzilli hava hücumundan müdafiə sistemləri, havadan atılan sursatlar və pilotsuz uçuş aparatları istiqamətində inkişaf edir. Türkiyə olaraq biz bütün bu sahələrə investisiya qoyuruq və hər cür təhdidə qarşı texnologiyalar hazırlamağa çalışırıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Türkiyə  


Bizi "telegram"da izləyin