Ordu.az xəbər verir ki, “Certo Aerospace” tərəfindən hazırlanan şaquli enmə-qaxlma (VTOL) xüsusiyyətinə malik platforma Keevil hava məkanında həyata keçirilən uçuş zamanı sualtı aşkarlama və izləmə tapşırıqlarını uğurla yerinə yetirdi.
“Sonobuoy” ilə sualtı izlənməsi həyata keçirildi
Sınaq çərçivəsində təxminən 600 kiloqram sinfinə məxsus CAPSTONE pilotsuz uçuş aparatı iki saatdan çox havada qalaraq “sonobuoy” (sualtı aşkarlama şamandırası) daşıyıb. Bu sensorlar vasitəsilə sualtı akustik məlumatlar toplanıb və sualtı hədəflərin mövqeyi ilə hərəkətləri təhlil edilib.
Əldə olunan məlumatlar yerüstü idarəetmə stansiyasına ötürülərkən qabaqcıl akustik emal sistemləri vasitəsilə operatorlar tərəfindən real vaxt rejimində izlənilib.
Peyk üzərindən məlumat ötürülməsi təmin edildi
Sınağın diqqətçəkən məqamlarından biri də məlumat ötürülməsi olub. CAPSTONE tərəfindən toplanan akustik məlumatlar peyk rabitəsi vasitəsilə uzaq məsafələrə ötürüldü və sistemin Atlantik okeanı üzərindən komanda-idarəetmə qabiliyyəti nümayiş etdirilib.
Beləliklə, sualtı aşkarlamaya dair məlumatların müxtəlif mərkəzlərdən eyni vaxtda izlənə bildiyi qeyd edilib.
Pilotsuz sistemlərlə tapşırıq müddəti artır
Kral Donanması üçün sınağın ən mühüm nəticələrindən biri pilotsuz sistemlərin mövcud sualtı müdafiə strukturuna inteqrasiyası olub. Hazırda bu tapşırıq üçün istifadə edilən pilotlu helikopterlərlə yanaşı, uzun müddət havada qala bilən pilotsuz uçuş aparatlarının fəaliyyət sahəsini genişləndirə biləcəyi qiymətləndirilir.
“Certo Aerospace” şirkətinin baş icraçı direktoru Castin Tut sınağın əhəmiyyəti ilə bağlı bildirib: “CAPSTONE-un sualtı qayıqlara qarşı mübarizə qabiliyyətlərini uğurla nümayiş etdirməsi gələcəkdə pilotlu və pilotsuz hava sistemlərinin birgə istifadə ediləcəyi struktura mühüm töhfə verir. Bu sistem əməliyyat effektivliyini artırmaqla yanaşı, xərcləri və personal riskini azaldacaq”.
Gəmi əsaslı əməliyyatlara uyğun dizayn
CAPSTONE-un şaquli enmə-qalxma qabiliyyəti platformanın uçuş zolağına ehtiyac olmadan gəmilərdən və ya məhdud ərazilərdən fəaliyyət göstərməsinə imkan yaradır. Koaksial rotor quruluşu isə pilotsuz uçuş aparatının kompakt qalmasına və tək nöqtəli göyərtəyə malik gəmilərdə belə yerləşdirilməsinə şərait yaradır.
Gözləntilərdən yüksək performans
Proqram rəsmiləri keçirilən sınağın gözləntiləri üstələdiyini bildiriblər. Kral Donanmasının nümayəndəsi kapitan Kristofer Hill qeyd edib: “Bu nümayiş proqramı sualtı mübarizə sahəsində yeni texnologiyaların yetkinlik səviyyəsini anlamaq baxımından kritik idi və gözləntilərimizi aşdı”.
Sevinc Əliyeva
Ordu.az