2027-ci maliyyə ili üçün Pentaqonun büdcə sorğusu raketlərin alınmasına ayrılan vəsaiti 188 faiz artırır, bu isə tələbın kəskin artımıdır və ekspertlərin fikrincə, bu göstərici müdafiə sənayesinin istehsal imkanlarını tamamilə üstələyir.
Nəticədə ekspertlər bildirir ki, Pentaqon və Konqres bu il üçün ayrılan vəsaitin bir neçə il ərzində xərclənməsinə imkan verəcək, eyni zamanda sənayeyə sursatların qlobal qeyri-müəyyənlik fonunda uzunmüddətli prioritet olduğunu göstərəcək.
“Düşünürəm ki, Pentaqon bunu nəsil dəyişdirən büdcə kimi görür, yəni uzun müddətdir mövcud olan problemləri aradan qaldırmaq və ABŞ-ni gələcəkdə ehtiyac duyduğu ehtiyatlarla təmin etmək üçün yenidən mövqeləndirmək cəhdi kimi”, - deyə “Bloomberg Economics”in müdafiə üzrə eksperti Bekka Vasser bildirib.
Bu ayın əvvəlində Konqresə təqdim olunan büdcə sorğusu 2027-ci maliyyə ili üçün 1,5 trilyon dollar müdafiə xərci nəzərdə tutur. Bunun 1,15 trilyon dolları əsas büdcə, əlavə 350 milyard dollar isə gözlənilən uzlaşdırma qanun layihəsi çərçivəsində ayrılacaq. Bundan əlavə, Yaxın Şərqdə əməliyyatlar üçün ayrıca əlavə maliyyə sorğusu da təqdim oluna bilər.
Bu 1,5 trilyon dollarlıq plan çərçivəsində büdcə sənədləri təxminən 70,5 milyard dolların raketlərə və digər əlaqəli sahələrə xərclənəcəyini göstərir: 36,6 milyard dollar Quru Qoşunları üçün, 22,6 milyard dollar Hərbi Dəniz Qüvvələri üçün və 11,3 milyard dollar Hərbi Hava Qüvvələri üçün. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu üç xidmət üzrə sursat xərcləri 20 milyard dollardan az, 2026-cı ildə isə 24,4 milyard dollar olub, bu isə 2027-ci il sorğusunun 2026-cı illə müqayisədə 188 faiz artım demək olduğunu göstərir.
“Bu, sursat çatışmazlığının və ABŞ-nin bəzi yüksək səviyyəli sursat ehtiyatlarının kifayət etmədiyinin etirafıdır. Bu, Pentaqondan həmişə eşitdiyimiz bir şey deyil”, - deyə Vasser bildirib.
O, həmçinin qeyd edib: “Bu sorğu əslində məsuliyyəti Konqresin üzərinə qoyur. Pentaqon deyir ki, “biz bunu etməyə hazırıq, siz isə bunu maliyyələşdirməlisiniz”.
Riskli addım
Son bir neçə ildə Pentaqon rəhbərliyi Çinlə mümkün hərbi qarşıdurma fonunda silah ehtiyatlarını artırmaq yollarını araşdırırdı və eyni zamanda Ukrayna və Rusiya qüvvələrinin sursatları sürətlə tükətməsini izləyirdi. Bu təcili ehtiyac ABŞ qüvvələrinin İranla bağlı “Epic Fury” əməliyyatı zamanı “Tomahawk” qanadlı raketləri və PAC-3 önləyici raketləri kimi əsas silah ehtiyatlarını sürətlə azaltması ilə daha da güclənib.
Bu istiqamətdə bir neçə addım atılıb, o cümlədən müəyyən silahlar, məsələn, “Patriot Advanced Capability-3” (PAC-3) “Missile Segment Enhancement” önləyici raketləri üçün çoxillik satınalma müqavilələrinin bağlanmasına Konqresin razılığı alınıb.
Daha yaxın zamanda isə Pentaqon PAC-3, “Precision Strike Missile” və THAAD sistemləri üçün istehsalı artırmaq məqsədilə şirkətlərin istehsal gücünü genişləndirməsini nəzərdə tutan çərçivə müqavilələri imzalayıb. Bu silahların istehsalına dair sonrakı müqavilələr hələ tam yekunlaşmasa da, Pentaqon cümə axşamı “Lockheed Martin”ə bu çərçivə müqaviləsi üzrə işlərə başlamaq üçün 4,7 milyard dollarlıq müqavilə verib.
Pentaqon hələ bu alışların necə strukturlaşdırılacağına dair əlavə detalları açıqlamayıb və xidmətlər silah xərcləri planları ilə bağlı suallara birbaşa cavab verməyiblər.
Lakin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin ekspertı Tom Karako bildirib ki, 2027-ci il büdcə sorğusu çox güman ki, bir neçə ilə bölünəcək maliyyələşməni nəzərdə tutur, çünki göstərilən istehsal artımını bir il ərzində həyata keçirmək mümkün deyil.
Məsələn, THAAD sistemində 2026-cı ildə 55 önləyici raket maliyyələşdirildiyi halda, 2027-ci ildə bu rəqəm 857-yə yüksəlir.
Büdcə həmçinin 785 “Tomahawk” raketi üçün vəsait nəzərdə tutur, bunun 58-i əsas büdcədən, 727-si isə əlavə maliyyə mexanizmindən qarşılanacaq. Bu isə 2026-cı ildə alınmış 55 raketlə müqayisədə 1327 faiz artımdır.
“Onlar bu qədər raketi bir ildə ala bilməzlər və “Raytheon” da bu qədərini birdən istehsal edə bilməz. Lakin məqsəd odur ki, vəsait əvvəlcədən ayrılır və şirkətə deyilir ki, istehsalı genişləndir”, - deyə AEI təşkilatının eksperti Todd Harrison bildirib.
Ekspertlər qeyd edir ki, bu yanaşma hətta klassik çoxillik satınalmadan da daha effektivdir.
Bununla yanaşı, təxminən 40 milyard dollar, yəni ümumi məbləğin 55 faizi uzlaşdırma mexanizmi ilə ayrılır ki, bu da vəsaitlərin daha uzun müddət ərzində istifadə olunmasına imkan verir.
Lakin Karako bildirib ki, bu yanaşma müəyyən risk daşıyır, çünki seçkilərdən sonra Konqresdə siyasi balans dəyişə bilər.
Büdcə nələri əhatə edir
Pentaqonun “Munitions Acceleration Council” qurumu bir neçə “kritik” sursat növü müəyyən edib və onların bir çoxu 2027-ci ildə ciddi maliyyə artımı ala bilər.
Bunlara daxildir:
PAC-3 MSE: 357-dən 3203-ə qədər artım
“Standard Missile-3” və 6: 166-dan 540-a qədər artım
LRASM: 314-dən 333-ə qədər artım
JASSM-ER: 381-dən 821-ə qədər artım
THAAD: 55-dən 857-yə qədər artım
AMRAAM: 464-dən 1811-ə qədər artım
“Tomahawk”: 55-dən 785-ə qədər artım
RTX və “Lockheed Martin” bu rəqəmləri necə qarşılayacaqları ilə bağlı konkret açıqlama verməyib. “Lockheed Martin” son illərdə istehsal gücünü artırmaq üçün 7 milyard dollardan çox sərmayə qoyduğunu bildirib.
Ekspert Karlton Heliq qeyd edib ki, hazırda Pentaqonun gözləntiləri ilə sənayenin real istehsal imkanları arasında böyük fərq var.
“Bu tələbin düzgün olduğunu düşünürəm, amma sənaye bazasının bunu təmin edə bilməsi məsələsi müzakirə olunmalıdır”, - deyə o bildirib.
Konqres artıq bu məsələ ilə maraqlanır və Pentaqondan sənaye imkanları ilə bağlı hesabat tələb edib. Bu hesabatların yaxın vaxtlarda təqdim olunacağı gözlənilir.
Nəticədə, Vasserin sözlərinə görə, Pentaqon, Konqres və sənaye real imkanlar barədə açıq danışmalıdır, əks halda bu tarixi büdcə artımı boşa çıxa bilər.
“Onların kifayət qədər istehsal gücü varmı? Təchizat zənciri buna imkan verirmi? Xüsusilə bərk yanacaq mühərrikləri və nişanalma sistemləri əsas darboğaz olaraq qalır və bu problemi təkcə maliyyə ilə həll etmək mümkün deyil”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az