Macarıstan Silahlı Qüvvələrini yeni “Lynx” piyada döyüş maşınları ilə gücləndirib

2026/04/Ekran-1776101348.jpg
Oxunub: 528     21:21     13 Aprel 2026    
Yeni “Lynx” piyada döyüş maşınları Macarıstanın ən iri quru qoşun hissələrindən biri olan 30-cu zirehli piyada briqadasının tərkibini gücləndirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Macarıstan Müdafiə Nazirliyi bildirib ki, briqada bu texnikanı mənimsəmək üçün mütəmadi təlimlər keçirir və yeni döyüş maşınları artıq tam heyətlə təmin olunub.

KF41 “Lynx” Macarıstana yeddi variantda təhvil verilir: piyadanın döyüş maşını, komanda maşını, kəşfiyyat maşını, artilleriya müşahidə maşını, özüyeriyən minaatan, tibbi təxliyə maşını və sürücü təlim maşını.

“Lynx” maşınları “Rheinmetall” tərəfindən hazırlanmış “Lance” uzaqdan idarə olunan qüllə və 30 mm-lik top ilə təchiz edilib. Maşın 8 hərbçini daşımaq qabiliyyətinə malikdir, proqramlaşdırılan 30 mm-lik sursatlardan istifadə edə və tank əleyhinə idarə olunan raketlər buraxa bilir.

30-cu zirehli piyada briqadası Rumıniya və Serbiya sərhədlərinə yaxın Hodmezovaşarhey qarnizonunda yerləşir.

2020-ci ildə Macarıstan “Rheinmetall” ilə 218 ədəd KF41 “Lynx” maşınının tədarükü üçün müqavilə imzalayıb.

Şirkət ilk “Lynx” maşınlarını 2022-ci ilin oktyabrında Macarıstana təhvil verib.

Qalan 180 maşın proqramın ikinci mərhələsi çərçivəsində Macarıstanda istehsal olunur.

Bu məqsədlə 2020-ci ilin avqustunda Macarıstan hökuməti ilə “Rheinmetall” birgə müəssisə yaradılması barədə razılaşma imzalayıb.

Zalaeqerseq şəhərində ZALAZone sənaye kompleksində müasir zavod tikilib.

Zavodda montaj xətləri, boya sexi, logistika infrastrukturu və avtomatlaşdırılmış anbar mövcuddur. Bundan əlavə, güc qurğusu sınaq stendi, iqlim kamerası, yeraltı atəş poliqonu və test sahəsi də fəaliyyət göstərir.

2024-cü ildə “Rheinmetall”ın Macarıstandakı zavodu ilk KF41 “Lynx” döyüş maşınlarını hərbçilərə təhvil verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Lynx  


Bizi "telegram"da izləyin