ABŞ İran ətrafında hərbi mövcudluğunu artırır

2026/04/bolge-1776097597.jpg
Oxunub: 593     20:26     13 Aprel 2026    
ABŞ İranla aparılan danışıqların müsbət nəticə verməməsindən sonra regiondakı hərbi mövcudluğunu artırır.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, ABŞ Yaxın Şərqə intensiv şəkildə hava qüvvələri göndərir və bölgədə quru qoşunlarının da yerləşdirilməsi planlaşdırılır.

Ümumi mənzərəyə əsasən, ABŞ yaxın vaxtlarda 82-ci Hava Desant Diviziyasından təxminən 1500-2000 hərbçini regiona göndərə bilər.

Bu addımın Pakistan danışıqlarının uğursuz olması fonunda atıldığı bildirilir.

Trampdan İrana yeni təhdid

ABŞ prezidenti Donald Tramp isə bildirib ki, Tehran sülh razılaşmasına əməl etməsə, İrana qarşı yeni hücumlar həyata keçirilə bilər.

Onun sözlərinə görə, “real razılaşma” tam tətbiq olunana qədər bütün ABŞ gəmiləri, təyyarələri və hərbi personalı İran ətrafında qalacaq.

İnqilab Keşikçiləri nəzarəti davam etdirir

Daha əvvəl yayılan məlumatlara görə, İran İnqilab Keşikçiləri gəmilərin Hörmüz boğazından yalnız müəyyən ödəniş qarşılığında və öz silahlarının mənzil zonasında keçməsinə icazə verib.

Atəşkəsdən sonra boğazın yenidən açılması gözlənilsə də, İnqilab Keşikçiləri qısa müddət sonra rəsmi göstəriş yayaraq bütün gəmilərin mina təhlükəsindən yayınmaq üçün Larak adası yaxınlığında yaradılmış iki dəhlizdən istifadə etməsini məcburi edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin