Türkiyə Təhlükəsizlik Baş İdarəsinə yeni hava vasitələri təhvil verildi

2026/04/1776097476.jpg
Oxunub: 617     20:16     13 Aprel 2026    
Yerli imkanlarla istehsal olunmuş bir ədəd AKSUNGUR pilotsuz uçuş aparatı, T-129 ATAK hücum helikopteri və T-70 ümumi təyinatlı helikopter Türkiyə Təhlükəsizlik Baş İdarəsinin Aviasiya İdarəsinə təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Türkiyə Aviasiya və Kosmos Sənayesi”nin Kahramankazan kompleksində keçirilən təhvil-təslim mərasimində daxili işlər naziri Mustafa Çiftçi, Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün və TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu iştirak ediblər.

Görgünün açıqlamaları

Görgün mərasimdə çıxış edərək bildirib ki, Polis Həftəsindən dərhal sonra türk mühəndislərinin, türk düşüncəsinin, texniki imkanlarının və fədakarlığının məhsulu olan dəyərli platformaların təhlükəsizlik qüvvələrinə təhvil verilməsi üçün bir araya gəliblər.

O qeyd edib ki, Daxili İşlər Nazirliyi, Jandarma Baş Komandanlığı, Sahil Mühafizəsi Komandanlığı və Təhlükəsizlik Baş İdarəsi üçün uzunmüddətli və bir-birindən dəyərli çoxsaylı layihələr birgə həyata keçirilir:

“Tələb olunan texnologiyaları Müdafiə Sənayesi Komitəsinin koordinasiyası ilə həyata keçirilən işlər çərçivəsində ən yaxşı, ən sürətli və ən sərfəli şəkildə təhvil vermək üçün qarşılıqlı səylər göstəririk. Bu gün təhvil verilən ATAK helikopterləri, T-70 helikopterləri ilə yanaşı GÖKBEY helikopterlərimiz, Jandarma üçün AKINCI, eyni zamanda Təhlükəsizlik Baş İdarəsi və jandarma üçün AKSUNGUR, ANKA layihələri, quru vasitələri, silah layihələri, sursat layihələri, gəmi layihələri kimi bütün yerli-milli sistemlərin hazırlanması istiqamətində işlərimizi davam etdiririk”.

Ortaq istehsal və sahə töhfəsi

Görgün bildirib ki, yaradılan məhsulların arxasında böyük zəhmət dayanır:

“Xüsusilə beynəlxalq tərəfdaşlarla görüşlərdə qürurla qeyd edirik ki, bu məhsulların hazırlanmasında yalnız mühəndislər deyil, eyni zamanda sahədə xidmət edən təhlükəsizlik qüvvələrinin də töhfəsi var. Bir helikopter, bir pilotsuz uçuş aparatı və ya platforma varsa, mütləq Milli Müdafiə Nazirliyinin qüvvələrinin, Daxili İşlər Nazirliyinin jandarma və polis qurumlarının, sahil mühafizəsinin təcrübəsi və ehtiyacları bu məhsullarda əks olunur”.

Görgün çıxışında TUSAŞ-ın Kahramankazan kompleksinə edilən terror hücumu zamanı həlak olanları da yad edib.

TUSAŞ-ın qiymətləndirməsi

TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu isə bildirib ki, mərasimdə 3 fərqli platforma təhvil verilib.

Demiroğlu deyib: “Bu gün həyata keçirdiyimiz təhvil əslində yüzlərlə, minlərlə həyata keçirmək istədiyimiz təhvilatların yalnız biridir. Türkiyəmiz yerləşdiyi bölgədə nə qədər güclü olsa, biz və övladlarımız bir o qədər təhlükəsiz olacağıq”.

O vurğulayıb ki, TUSAŞ olaraq üzərlərinə düşən bütün məsuliyyətləri yerinə yetirmək üçün çalışırlar: “Ölkəmizin müdafiəsi üçün lazım olan texnologiyaları inkişaf etdirməyə davam edirik. Bizə lazım olan hər bir platformanı və texnologiyanı müdafiə sənayesi qurumlarımızın dəstəyi və cənab Prezident Rəcəb Tayyib Ərdoğanın qəti dəstəyi ilə inkişaf etdirməyə davam edəcəyik”.

EGM-nin hava gücü artır

Təhlükəsizlik Baş İdarəsi inventarına daxil edəcəyi AKSUNGUR ilə təhlükəsizlik əməliyyatlarında imkanlarını artıracaq. 48 saat havada qala bilən və milli peyklər vasitəsilə rabitə imkanı təqdim edən AKSUNGUR ilə EGM-də qabaqcıl pilotsuz uçuş aparatı sayı 30-a çatacaq.

ATAK və T-70 helikopterləri ilə qurumun helikopter parkında yerlilik səviyyəsi də artacaq. Daha əvvəl təhvil alınmış ATAK və T-70 helikopterlərinə əlavə olunan yeni vasitələrlə Təhlükəsizlik Baş İdarəsinin hava gücü daha da güclənəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Təhlükəsizlik-Baş-İdarəsi  


Bizi "telegram"da izləyin