Orbanın məğlubiyyəti və Avropanın mesajı: Budapeştdə nə baş verir?

2026/04/1776096153.jpg
Oxunub: 809     20:24     13 Aprel 2026    
Bir aydan çox əvvəl ekspert dairələrində üstünlük təşkil edən qiymətləndirmələrə əsaslanaraq belə bir təəssürat yaranmışdı ki, Macarıstan seçiciləri “proqnozlaşdırılan sabitliyə” üstünlük verəcək və hazırkı baş nazir Viktor Orbanın və onun “Fides” partiyasının lehinə səs verəcəklər. Lakin Qərbin aparıcı media orqanları yazdıqda ki, Orbanın son seçki mitinqində insanlar üzərində “Ruslar, evinizə qayıdın” yazılmış plakatlar qaldırıblar və bu, 1956-cı il anti-sovet üsyanını xatırladır, aydın oldu ki, Macarıstanın hazırkı baş nazirinə hətta ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Budapeştə səfəri də kömək etməyəcək.

Aprelin 12-də macar seçicilərin əksəriyyətinin səsi ilə Viktor Orbanın 16 illik hakimiyyət dövrü başa çatdı. “Macarıstan Avropanı seçdi, Avropa isə həmişə Macarıstanı seçib”, - deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen müxalifətin qələbəsi münasibətilə sosial şəbəkədə yazıb. Peter Macarı Fransa prezidenti Emmanuel Makron təbrik edib, Almaniyanın kansleri Merts isə “ilk növbədə vahid Avropa naminə birgə işi səbirsizliklə gözlədiyini” bildirib.

Viktor Orban Vladimir Putinin “adamı” və Donald Trampın “yaxşı oğlanı” kimi xatırlanır, o, xüsusilə son bir ildə Avropa Komissiyasına bir sıra “sürprizlər təqdim edib”, o cümlədən bunu Ermənistana hərbi yardım məsələsində edib. Lakin Orbanın ən qalmaqallı bəyanatı, ehtimal ki, türk dünyasının Dunaydan Çinə qədər uzandığı barədə fikridir.

Bəli, Viktor Orbanın hakimiyyəti dövründə Macarıstan müşahidəçi kimi Türk Dövlətləri Təşkilatına qoşulub. Yeni hakimiyyət bu qərarı yenidən nəzərdən keçirəcəkmi, Macarıstan TDT-dən çıxacaqmı, yoxsa əksinə, türk dövlətləri ilə əlaqələri daha da gücləndirəcək? Əsas sual Avropa İttifaqının Macarıstanı Türkiyə və türk dövlətləri ilə əlaqələndirici halqa kimi qəbul edib-etməyəcəyidir.

İkinci və bəlkə də daha vacib məsələ Orbanın məğlubiyyətinin ABŞ-Avropa İttifaqı münasibətlərinə hansı təsiri göstərəcəyidir. Budapeştdə Cey Di Vens “Macarıstan iqtisadiyyatını dağıtmaq istəyən avrobürokratları” kəskin tənqid edib. Əgər Macarıstan, Almaniya kansleri Mertsin ifadə etdiyi kimi, “Avropanı birləşdirəcəksə”, bu, Vaşinqton-Brüssel münasibətlərinə necə təsir edəcək?

Nəhayət, Orbanın məğlubiyyəti Ukrayna prezidenti Vladimir Zelenskinin siyasi qələbəsi kimi qiymətləndirilə bilər. Söhbət təkcə Avropa İttifaqının dəstəyinin bərpası ehtimalından getmir. Xüsusilə son iki həftə ərzində Rusiya Ukrayna prezidentini bir neçə dəfə Macarıstanda “meydan təşkil etməkdə” ittiham edib. İlk olaraq Viktor Orban tərəfindən tanınan Macarıstan müxalifətinin inandırıcı qələbəsi Kremlin təbliğatının “hər şeyə qadirlik” tezisini puça çıxarır.

Siyasi proseslərin proqnozlaşdırılması, xüsusilə müasir qlobal qeyri-sabitlik şəraitində, əlbəttə ki, çətin işdir. Macarıstanın yeni hökuməti hələ formalaşmayıb, onun proqramı isə yalnız ümumi xətlər üzrə məlumdur: korrupsiyaya qarşı mübarizə və Avropa dəyərlərinə qayıdış. Bu necə həyata keçiriləcək? Viktor Orban məsuliyyətə cəlb olunacaqmı, Brüssel ondan “intiqam alacaqmı”, yoxsa Peter Macarın qələbəsi ilə kifayətlənəcək?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban   Macar   Macarıstan  


Bizi "telegram"da izləyin