İran-ABŞ xəttində qeyri-müəyyənlik: uğursuz görüşdən sonra nə olacaq?

2026/04/1776095584.jpg
Oxunub: 677     20:01     13 Aprel 2026    
Aprelin 11-i gec saatlarda məlum olub ki, İslamabadda İran-ABŞ danışıqları başa çatıb. Bu barədə jurnalistlərə ABŞ-nin vitse-prezidenti Cey Di Vens məlumat verib. Onun qiymətləndirməsinə görə, tərəflər heç bir razılığa gəlməyiblər və bu, “ABŞ-dən daha çox İran üçün pisdir”. “Tasnim” agentliyi isə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəqayinin mövqeyini yayıb. O bildirib ki, “danışıqlar qırx gün davam edən hərbi əməliyyatlardan sonra, etimadsızlıq və şübhə şəraitində aparılıb və heç kim daha böyük nəticə gözləmirdi”.

İsrailin “Ynet” nəşrinin siyasi şərhçisi Bəqayinin “ABŞ və İranın danışıqlar qruplarının texniki heyətləri bundan sonra təkliflər mübadiləsi aparacaqlar” fikrinə diqqət çəkib. İsrailli şərhçinin fikrincə, bu, ABŞ və İranın “bir gün ərzində prinsipial razılığa gələ bilməyəcəyini, lakin bu imkanın hələ tam tükənmədiyini” göstərir.

İran-ABŞ danışıqlarına İsrail demək olar ki, birbaşa cəlb olunub və məqalə müəllifi, böyük ehtimalla, məxfi xarakterli məlumatlardan istifadə edib. Onun təqdimatına görə, İslamabadda tərəflər əsasən Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası məsələsini müzakirə ediblər. Buna əsasən, ABŞ boğaz üzərində İranın tam səlahiyyətini qəbul etmir, lakin “əvvəlki rejimin bərpası müqabilində Tehranın nə gözlədiyini dinləməyə hazırdır”.

“Yaxın vaxtlarda nə gözlənilir?” sualına israilli siyasi şərhçi kifayət qədər nikbin cavab verir. O hesab edir ki, yaxın günlərdə Tramp “Livan ərazisində atəşin dayandırılmasını tələb edəcək və İsrail buna tabe olacaq”, bundan sonra isə “atəşkəsin uzadılması ilə bağlı ABŞ tərəfinin bəyanatı veriləcək”.

Həqiqətən də, heç kim İslamabad danışıqlarında ABŞ və İranın hərtərəfli razılığa gələcəyini gözləmirdi. Əsas məsələ, israilli müəllifin də vurğuladığı kimi, təxminən yarım əsrlik fasilədən sonra tərəflərin yüksək səviyyəli nümayəndələrinin, vitse-prezident Vensin və parlament sədri Qalibafın üz-üzə görüşü, dialoqun başlanmasıdır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin