NATO-nun dağılması perspektivi Rusiyada niyə narahatlıq yaradır?

2026/04/1776095386.jpg
Oxunub: 944     19:50     13 Aprel 2026    
NATO-nun baş katibi Mark Rüttenin Vaşinqtona səfərindən sonra ekspert dairələrində Şimali Atlantika alyansının “dağılma ehtimalı” daha ciddi şəkildə müzakirə olunmağa başlanıb. Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “Telegram”da paylaşım edərək ABŞ prezidentinin səmimiliyini şübhə altına alıb. O, eyni zamanda əminliyini ifadə edib ki, ABŞ Konqresi “bu “boşanma”ya razılıq verməyəcək”.

“RIA Novosti”nin redaksiya məqaləsində isə ABŞ-nin NATO-dan çıxacağı təqdirdə hansı vəziyyətin yaranacağı müzakirə olunub. Müəllif nümunə kimi Varşava Müqaviləsi Təşkilatının dağılmasını göstərib və qeyd edib ki, “heç kim buna inanmırdı, amma bu baş verdi”. Onun fikrincə, ABŞ-nin NATO-dan çıxması “Almaniyanın suverenliyinə qoyulan son məhdudiyyəti aradan qaldıracaq və bu ölkənin çox sürətlə hərbiləşməsinə imkan verəcək”.

İkinci, həm də Rusiyanın baxımından “tamamilə arzuolunmaz” perspektiv, rusiyalı politoloqun fikrincə, “Avropa qitəsinin vahid hərbi qüvvələrinin yaradılması” olacaq. Bu halda Rusiya “1939-cu il vəziyyətinə qayıdacaq və Baltik-Qara dəniz cəbhəsində birbaşa hərbi toqquşma təhlükəsi ilə üz-üzə qalacaq”.

Bu təhlildən aydın olur ki, Rusiya NATO-nun dağılması perspektivindən ciddi şəkildə narahatdır. Faktiki olaraq İkinci Dünya müharibəsindən sonra Avropada ABŞ-nin hərbi mövcudluğu Avropa ölkələrinin müdafiə imkanlarının inkişafını məhdudlaşdırıb. ABŞ qoşunlarının Avropadan çıxması halında Vaşinqton Avropa ölkələrinin siyasi qərarlarına təsir imkanını itirəcək.

Rusiyalı müəllif Ukraynanın mümkün rolunu nə qədər görməzdən gəlməyə çalışsa da, faktdır ki, bu gün Avropada Ukrayna ordusu say baxımından birincidir. Müharibə Kiyevi pilotsuz uçuş aparatlarının, orta və uzaq mənzilli raketlərin öz istehsalına başlamağa məcbur edib, eləcə də yaxın vaxtlarda ukraynalı hərbi mütəxəssislər yeni hava hücumundan müdafiə sistemini döyüş sınaqlarına təqdim ediblər.

Bu hərbi-texnoloji “sıçrayış” Avropa və ABŞ dəstəyi olmadan baş verə bilməzdi. Ukraynanın Avropanın bütün aparıcı ölkələri ilə təhlükəsizlik və hərbi-texnoloji əməkdaşlıq müqavilələri mövcuddur. Bu isə o deməkdir ki, onun NATO-ya üzvlüyü məsələsi prinsip etibarilə aktuallığını itirib, çünki faktiki inteqrasiya artıq baş verib.

Avropanın hərbiləşməsi, şübhəsiz ki, Rusiya üçün ciddi çağırışdır. Dmitri Medvedev hesab edir ki, Avropa hərbi-siyasi ittifaqı “NATO-dan daha təhlükəli düşməndir”. Kremlin Avropa İttifaqı-Ermənistan əməkdaşlığına açıq düşmən münasibətinin səbəbi də mahiyyət etibarilə budur. Həmçinin qeyd etmək vacibdir ki, Avropa İttifaqı Türkiyə ilə də yeni təhlükəsizlik sisteminin yaradılması məsələsini müzakirə edir. Türkiyə isə öz növbəsində Avropanın hərbi-sənaye kompleksi ilə inteqrasiyaya can atır.

Beləliklə, NATO-nun dağılması üçün böyük vəsaitlər sərf edən Rusiya bu gün elə bir vəziyyətə düşüb ki, onun qarşıdakı onilliklər üçün hərbi-siyasi planlaşdırması ABŞ-nin qərarından asılıdır. Kreml təbliğatının illərlə arzuolunan perspektiv kimi təqdim etdiyi şey əslində ciddi sınağa çevrilir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin