“Navantia” ilə TCG “Anadolu” üçün texniki xidmət və dəstək müqaviləsi imzalanıb

2026/04/1776084638.jpg
Oxunub: 565     16:42     13 Aprel 2026    
İspaniyanın müdafiə şirkəti “Navantia” ilə Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Gəmiqayırma Zavodları Baş İdarəsi arasında TCG “Anadolu” L400 amfibiya hücum gəmisinə texniki xidmət və dəstək üzrə çərçivə müqaviləsi imzalanıb.

Ordu.az xəbər verir ki, 2026-cı il aprelin 8-də Ankarada imzalanan müqavilənin iki ölkə arasında dənizçilik sahəsində əməkdaşlığın davamı olduğu bildirilib.

Müqavilənin əhatə dairəsi və müddəti

İmzalanmış çərçivə müqaviləsinə əsasən, Türkiyə Hərbi Dəniz Qüvvələri ehtiyac duyduğu texniki xidmət, təmir və digər xidmətləri təklif sorğusu üsulu ilə çevik şəkildə təmin edə biləcək. Müqavilənin 3 il müddətinə qüvvədə olacağı və əlavə 3 il uzadılma imkanı olduğu qeyd edilib.

Göstəriləcək xidmətlər

Müqavilə çərçivəsində “Navantia” tərəfindən:

Texniki xidmət və təmir işləri
Yerində və uzaqdan texniki dəstək
Texniki sənədlərin yenilənməsi
İxtisaslaşdırılmış təlim fəaliyyətləri təmin olunacaq.


Bu müqavilənin 2023-cü ildən qüvvədə olan ehtiyat hissələrinin tədarükü üzrə sazişi tamamladığı bildirilib.

TCG “Anadolu” proqramı

TCG “Anadolu” “Navantia” şirkətinin “Juan Carlos I” dizaynı əsasında İstanbulda yerləşən “Sedef” Gəmiqayırma Zavodu inşa edilib. 2015-ci ildə imzalanan müqavilə çərçivəsində mühəndislik dəstəyi və texnologiya transferi də təmin olunub.

Gəmi 2023-cü ildə Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilib. Layihə çərçivəsində “Navantia” tərəfindən istehsal olunan dizel generatorlar və “Navantia” Sistemas tərəfindən hazırlanmış inteqrə edilmiş platforma idarəetmə sistemi (IPMS) də təhvil verilib.

Texniki dəstək və davamlılıq

Müqavilənin xüsusilə platforma idarəetmə sistemi kimi kritik alt sistemlər üzrə istehsalçı dəstəyinin davamını təmin edəcəyi vurğulanıb. Bu modelin yerli istehsal imkanları ilə istehsalçı dəstəyini birləşdirdiyi qeyd edilib.

Bu çərçivədə, istismar müddəti boyunca davamlılıq və əməliyyatların fasiləsizliyi baxımından texniki dəstəyin əhəmiyyətini qoruduğu bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Navantia   TCG-Anadolu  


Bizi "telegram"da izləyin