ASPİLSAN saxlanıla bilən enerji məhsullarını ixrac edir - VİDEO

2026/04/1776079497.jpg
Oxunub: 339     15:23     13 Aprel 2026    
Türkiyə Silahlı Qüvvələri (TSQ) üçün batareyalar istehsal edən ASPİLSAN öz imkanlarını mülki sahəyə də daşıyaraq saxlanıla bilən enerji məhsullarını ABŞ, Cənubi Koreya və Avropa ölkələrinə ixrac edir.

Ordu.az xəbər verir ki, Türkiyənin ilk silindrik litium-ion batareyalarını istehsal edən “ASPİLSAN Enerji” başda fəlakət halları olmaqla hər cür sahədə istifadə oluna biləcək daşına bilən çamadan, çanta və rəf tipli batareyalar hazırlayıb.

Şirkət tərəfindən 2022-ci ildə təxminən 1,5 milyard lirə investisiya ilə Kayseridə qurulan Litium-İon Batareya İstehsal Müəssisəsinin illik təxminən 21 milyon batareya istehsal edə bilmə gücü var.

İstehsal etdiyi ekoloji təmiz batareyalarla bərpa olunan enerji mənbələrini dəstəkləyən müəssisə, təmiz enerji bazarına yönəlmiş investisiyalarla beynəlxalq əməkdaşlıqlarını da inkişaf etdirir.

Saxlanıla bilən enerji sahəsində 300-dən çox batareya ilə təyyarə, gəmi, pilotsuz uçuş aparatları və dəmir yolu sistemlərinin akkumulyatorlarını da istehsal edərək adından söz etdirən ASPİLSAN ixracla ölkə iqtisadiyyatına da töhfə verir.

“ASPİLSAN dünyada texnologiyaların müştərisi deyil, texnologiyaların qurucusudur”

“ASPİLSAN Enerji”nin baş direktoru Ahmet Turan Özdemir AA müxbirinə bildirib ki, xeyriyyəçilərin investisiyası ilə böyüyən ASPİLSAN hər gün gücünə güc qataraq böyüyür.

Özdemir qeyd edib ki, yorulmadan hər gün gəldikləri iş yerlərində fəaliyyətlərini gündən-günə daha da böyüyərək davam etdirirlər.

İstehsal etdikləri məhsullarla Türkiyə sərhədləri daxilində qalmadıqlarını, dünyaya da açıldıqlarını vurğulayan Özdemir deyib: “ASPİLSAN dünyada texnologiyaların müştərisi deyil, texnologiyaların qurucusudur. Bildiyiniz kimi, saxlanıla bilən enerji 21-ci əsrin neftidir. Biz bu dəyişimin tamaşaçısı deyil, birbaşa tərəflərindən biri olmaq üçün çalışırıq”.

Özdemir dünyadakı dəyişikliklərə biganə qalmadıqlarını vurğulayaraq bunları deyib:

“Bu dəyişimi Türkiyədə və dünyada tutub aparan əsas qurumlardan biri “ASPİLSAN Enerji”dir. Biz bağladığımız razılaşmalarda texnologiyanı yalnız birtərəfli şəkildə transfer edən deyil, eyni zamanda üçüncü ölkələrə onun ixracını da həyata keçirən bir qurumuq. Yaxın zamanda bunu Cənubi Koreyada etdik. Bu müqavilədə Cənubi Koreyadakı səfirimiz Murat Tamer bəyin çox böyük dəstəyini gördük. Murat bəy dedi ki, Cənubi Koreyadan Türkiyəyə həyata keçirilən texnologiya transferlərində üçüncü ölkələrə çıxışların ixrac kimi göründüyü ilk müqavilə “ASPİLSAN Enerji” tərəfindən bağlanıb. Bu bizi qürurlandırdı”.

“İxracla daha çox xatırlanan bir şirkət olacağıq”

Müstəqil təchizat zəncirinin mühüm müəssisələrindən birinin ASPİLSAN olduğunu diqqətə çatdıran Özdemir bildirib:

“Yenə yaxın zamanda NATO öz tərəfdaşları arasında istifadə etdiyi enerji mənbələrinin, batareyaların, elementlərin və akkumulyatorların Çindən asılı olmayan təchizat zəncirləri ilə istehsal edilməsini istəyir. Qarşıdakı illərdə, gələn ildən başlayaraq bu istiqamətdə çox böyük tələb var. Biz də başda Rumıniya, ABŞ və Avropa olmaqla bu ölkələrə yüksək texnologiyalı məhsulların həm yarımfabrikat elektrod şəklində, həm də son məhsul, element və batareya şəklində ixracına başlamışıq. Bu da “ASPİLSAN Enerji”nin beynəlxalq baxımdan kritik əhəmiyyətinin göstəricisidir. ASPİLSAN-dakı kimi keyfiyyətli batareya istehsal müəssisəsi və ixtisaslı personal dünyada sayca az, nadir hallardandır və Asiyadan kənara çıxdıqda belə bir şeyi tapmaq demək olar ki, mümkün deyil. Hətta ABŞ-də belə yüksək təşviqlərə və dəstək mexanizmlərinə baxmayaraq, bizim bu müəssisədə etdiyimiz istehsalı həyata keçirə bilən zavodlar yoxdur. Biz də bu ekosistemlərə, buradakı bazarlara çıxışı təmin edəcək razılaşmaları bağladıq, imzaları atdıq. Qarşıdakı illərdən etibarən ixracla daha çox xatırlanan bir şirkət olacağıq. Müdafiə Sənayesi Komitəsinin sədrinin dediyi kimi, “İxrac ticarət deyil, geosiyasi dayanıqlıqdır”. Biz də fəaliyyətimizi bu motivasiya ilə davam etdiririk”.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASPİLSAN   Türkiyə  


Bizi "telegram"da izləyin