İtalyan mütəxəssislər İtaliya HDQ-nin “Bayraktar” TB3-ə marağını dəyərləndirib

2026/04/1776078852.jpg
Oxunub: 403     15:12     13 Aprel 2026    
İtaliyalı mütəxəssislərin fikrincə, “Baykar” istehsalı və “Leonardo” ilə tərəfdaşlıq çərçivəsində inkişaf etdirilən “Bayraktar” TB3-ün “Cavour” aviadaşıyıcısına inteqrasiyası İtaliya Hərbi Dəniz Qüvvələrinə mühüm imkanlar qazandıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

İtaliya Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Cüzeppe Berutti Berqottonun martın 25-də İtaliya parlamentinin yuxarı palatası Senatın Xarici Əlaqələr və Müdafiə Komissiyasının iclasında TB3 SİHA-larının yaxın zamanda TCG “Anadolu” gəmisindən qalxaraq əməliyyat icra etdiyini deməsi və bu sistemlərin “Cavour” aviadaşıyıcısında istifadə oluna biləcəyini bildirməsi ölkədə geniş rezonans doğurub.

AA müxbiri İtaliya Hərbi Dəniz Qüvvələrinin “Bayraktar” TB3-ə marağını müdafiə və təhlükəsizlik analitiklərinə soruşub.

TB3-ün imkanları və istifadə konsepsiyası

İtaliyalı müdafiə və təhlükəsizlik analitiki Paolo Mauri bildirib ki, vitse-admiral Berqotto İtaliya Hərbi Dəniz Qüvvələrinin “Bayraktar” TB3-ün satınalma prosesində irəlilədiyini təsdiqləyib. “Bu hava vasitəsi Baykar tərəfindən istehsal olunan və Ukraynada istifadəsi ilə tez-tez xəbərlərdə yer alan TB2-nin gəmidə yerləşdirilə bilən versiyasıdır. TB3 buna görə “Cavour” aviadaşıyıcısında yerləşdiriləcək və F-35B döyüş təyyarələrindən ibarət hava qrupuna inteqrasiya edilərək aşağı riskli mühitlərdə müşahidə və zərbə imkanları təmin edəcək”, - deyə o qeyd edib.

Mauri bildirib ki, TB3 21-32 saat arasında dəyişən uzun uçuş müddəti və MAM-L idarə olunan sursat daxil olmaqla daşıya bildiyi yük sayəsində mühüm imkanlar təqdim edir.

“LBA Systems” və əməkdaşlıq amili

Mauri qeyd edib ki, İtaliya Hərbi Dəniz Qüvvələrinin TB3-ə yönəlməsində böyük ehtimalla iki paralel amil rol oynayır. “Bunlardan birincisi 2025-ci ilin martında yaradılmış və İtaliyada yerləşən “Leonardo” ilə “Baykar” arasında qurulan “LBA Systems” birgə müəssisəsidir. İtaliya ilə Türkiyə arasında 50-50 tərəfdaşlıq əsasında fəaliyyət göstərən bu şirkət pilotsuz uçuş aparatlarının faydalı yükünün dizaynı, inkişafı, istehsalı və texniki xidmətinə cavabdehdir”, - deyə o bildirib.

Əməliyyat sınağı və NATO təlimi

Mauri ikinci amilin daha çox praktiki olduğunu qeyd edərək bildirib:

“Fevralın 15-də Baltik dənizində keçirilən NATO-nun 2026-cı il “Steadfast Dart” təlimi zamanı TB3 ilk dəfə əməliyyat səhnəsinə çıxıb. Bu təlim zamanı Avropa tarixində ilk dəfə zərbə tipli pilotsuz uçuş aparatı aviadaşıyıcıdan qalxaraq hücum tapşırığı icra edib və sonra yenidən gəmiyə qayıdıb. TB3-ün Türkiyənin pilotsuz uçuş aparatı gəmisi Anadolu-dan qalxaraq nümayiş etdirdiyi bu qabiliyyət belə bir pilotsuz uçuş aparatının buraxılış və tutma sistemi olmayan, lakin “Cavour” gəmisində olduğu kimi ön hissəsində yuxarı maili qalxış rampası olan aviadaşıyıcıda effektiv fəaliyyət göstərə biləcəyini sübut edib. Bundan əlavə, fevral ayında Baltik dənizinin sərt iqlim şəraitində də əməliyyat icra edə bildiyini göstərib”.

Yeni imkan axtarışı

Mauri qeyd edib ki, bu ilə qədər İtaliya Hərbi Dəniz Qüvvələrinin 2035-ci ilə qədər uzanan yenilənmə və inkişaf proqramı çərçivəsində kəşfiyyat, müşahidə və izləmə əməliyyatlarını yerinə yetirə biləcək yeni gəmiləri inventara daxil etmək planı olub. TB3-ə maraq isə yeni imkanların əldə olunmasına işarə edir.

O əlavə edib: “Əlavə imkanların əldə olunmasına yönəlmiş bu yeni iradə beynəlxalq təhlükəsizlik mühitindəki dəyişikliklər və Çin kimi bəzi ölkələrin yaxın zamanda suya buraxdığı “Type 076” kimi pilotsuz uçuş aparatı daşıya bilən böyük tonnajlı dəniz platformaları nəzərə alındıqda eyni strateji istiqamətdə qiymətləndirilir”.

Qüvvə artıran təsir

Müdafiə mütəxəssisi və dənizçilik sahəsində ixtisaslaşmış italiyalı jurnalist-yazar Luka Peruzzi də martın 25-də Senatda keçirilən təqdimatda vitse-admiral Berqottonun qüvvənin inkişaf istiqamətlərinə dair geniş baxış təqdim etdiyini xatırladıb.

Peruzzi bildirib ki, İtaliya Hərbi Dəniz Qüvvələri xüsusilə sualtı kritik infrastrukturun qorunması üçün çoxməqsədli sahələrə malik yeni platformaları xidmətə qəbul edir və müxtəlif növ pilotsuz sistemlərə yönəlir.

“Bu sistemlər qüvvə artırıcı rol oynayır və şəxsi heyətin risklərini və iş yükünü azaltmağa imkan verir. Vitse-admiral Berqottonun “Baykar”-“Leonardo” əməkdaşlığı çərçivəsində istehsal olunacaq TB3-lərin “Cavour” aviadaşıyıcısında istifadə oluna biləcəyini bildirməsi bu uçuş qrupunun yerinə yetirəcəyi tapşırıqların spektrini genişləndirəcək. Bu isə həm donanmanın, həm də ordunun birgə əməliyyat imkanlarına töhfə verəcək. “LBA Systems” çərçivəsində istehsal olunacaq TB3-lərin xüsusilə İtaliya və Türkiyə donanmaları üçün mühüm qüvvə artırıcıya çevriləcəyi gözlənilir”, - deyə o qeyd edib.

Türkiyə-İtaliya müdafiə əməkdaşlığı

Romada yerləşən NATO Müdafiə Kolleci Fondunun direktoru və hərbi strategiya üzrə mütəxəssis Alessandro Politi də TB3 sistemlərinin İtaliyada istehsalı və “Cavour” aviadaşıyıcısında istifadəsi ideyasının Ankara ilə Roma arasında möhkəm münasibətlərə əsaslandığını vurğulayıb.

Politi bildirib ki, Baykarın TB3 pilotsuz uçuş aparatı sisteminin İtaliyanın “Leonardo” şirkəti ilə birlikdə inkişaf etdirilməsi və İtaliya Hərbi Dəniz Qüvvələrinin bu sistemə böyük maraq göstərməsi “sənaye əməkdaşlığının məntiqi davamıdır və hər iki hökumət tərəfindən açıq siyasi dəstək alıb. Çünki müdafiə sənayesi əməkdaşlığı açıq şəkildə siyasi məsələdir”.

O əlavə edib ki, Türkiyə və İtaliya uzun müddətdir NATO-nun Kosovodakı Sülh Qüvvələri (KFOR) çərçivəsində əməkdaşlıq edir.

“Türkiyəyə olan diqqət yalnız bu hökumət dövrünə aid deyil, uzun müddətdir mövcuddur. Buna görə də çox güclü ənənəmiz var. Aralıq dənizi hövzəsini bölüşürük və bu regionda eyni narahatlıqları paylaşırıq. Bundan əlavə, Ankara ilə Roma arasında qarşılıqlı anlayışa əsaslanan çox yaxşı münasibətlər qurulub. Üstəlik, NATO daxilində müttəfiqik və Türkiyə hər zaman Avropa İttifaqının potensial tərəfdaşıdır”, - deyə o qeyd edib.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Bayraktar-TB3  


Bizi "telegram"da izləyin