STM-nin inşa etdiyi Malayziya gəmisi suya buraxıldı

2026/04/Ekran-1776067116.jpg
Oxunub: 489     11:53     13 Aprel 2026    
LMS B2 çərçivəsində inşa edilən sinfin ilk gəmisi olan “Tunku Laksamana Abdul Jalil” (141) İstanbulda suya buraxılıb.

Ordu.az xəbər verir ki, Malayziyanın müdafiə sənayesi səhifəsi olan “Malaysia Military Review” LMS B2 proqramı çərçivəsində inşa edilən sinfin ilk gəmisi “Tunku Laksamana Abdul Jalil”in suya buraxıldığını açıqlayıb.

STM-nin baş podratçı olduğu layihədə korvetin 2027-ci ilin sonuna qədər Malayziyaya təhvil verilməsi planlaşdırılır.

STM Malayziya Kral Hərbi Dəniz Qüvvələri üçün LMS “Batch-2” proqramı çərçivəsində inşa edəcəyi 3 ədəd korvet üzrə işlərə 2024-cü ilin dekabr ayından etibarən başlayıb. STM-nin baş podratçılığı ilə başlayan layihədə korvetlərin metal kəsmə mərasimi həmin ay “İstanbul Dənizçilik A.Ş.” Gəmiqayırma Zavodunda keçirilib.

Metal kəsmə mərasimindən sonra korvetlərin bloklarının xizəyə qoyulması mərasimi də aprelin 8-də “İstanbul Dənizçilik A.Ş.” Gəmiqayırma Zavodunda baş tutub. Mərasimdə Malayziya Müdafiə Nazirliyinin baş katibi Datuk Lokman Hakim bin Ali, Malayziya Kral Hərbi Dəniz Qüvvələrinin komandanı admiral (ADM) Datuk Zulhelmi bin İthnain və STM Dəniz Sistemləri baş direktorunun müavini Bülent Soydal iştirak edib.

STM LMS “Batch-II” gəmi xüsusiyyətləri

Türkiyə Dəniz Qüvvələri və Türkiyə Respublikasının Prezident Administrasiyası yanında Müdafiə Sənayesi Komitəsinin (MSK) rəhbərliyi ilə həyata keçirilən MİLGEM layihəsi sayəsində öz hərbi gəmisini layihələndirib istehsal edə bilən 10 ölkədən biri olan Türkiyə bu gün MSK-nin ixrac vizyonu ilə həm ölkə iqtisadiyyatına töhfə verir, həm də dost və qardaş ölkələrin müdafiə qabiliyyətlərini gücləndirir. Bu çərçivədə Türkiyə ilə Malayziya arasında “Müdafiə Məhsullarının Təchizatına dair Hökumətlərarası Anlaşma Memorandumunun İmzalanması və Malayziya Kral Hərbi Dəniz Qüvvələri üçün “Sahil Patrul Gəmisi (LMS) “Batch 2” Layihəsi” üzrə qəbul məktubunun (LoA) təqdim edilməsi mərasimi iyunun 10-da Ankarada keçirilib.

Bununla yanaşı, STM tərəfindən Malayziya Kral Hərbi Dəniz Qüvvələrinin tələblərinə uyğun şəkildə layihələndirilmiş və fərdiləşdirilmiş üç korvet LMSB2 layihəsi çərçivəsində Türkiyədə inşa olunur. STM layihənin dizayndan tutmuş performansa, tikintidən gəmilərin təhvilinə qədər bütün mərhələlərinə cavabdeh olan baş podratçı kimi çıxış edir. Bundan əlavə, STM gəmi dizaynı, layihə idarəçiliyi, tikinti idarəçiliyi, material və sistem təchizatı, inteqrasiya dizaynı və montajı, sınaqlar və inteqrasiya olunmuş logistika dəstəyi fəaliyyətləri ilə bağlı bütün sənədlərin hazırlanmasını da üzərinə götürür.

Digər tərəfdən, layihə çərçivəsində gəmilərin inşası və təchizatı Türkiyədə, Türkiyə müdafiə sənayesi şirkətlərinin geniş iştirakı ilə həyata keçiriləcək. STM-nin baş podratçılığı ilə inşa ediləcək gəmilərdə ASELSAN tərəfindən hazırlanan 30 mm MUHAFIZ (Smash) uzaqdan idarə olunan sabitləşdirilmiş top sistemi, CENK 3D axtarış radarı, ARES 2D suüstü radar radioelektron mübarizə sistemi, “Akrep” atışa nəzarət radarı, “chaff” aldatma sistemi, dost-düşmən tanıma sistemi IFF və digər elektron sensorlar, ROKETSAN tərəfindən hazırlanmış ATMACA gəmi əleyhinə raket, HAVELSAN tərəfindən hazırlanmış döyüş idarəetmə sistemi və 76 mm top atış nəzarət sistemi yer alacaq. Uzunluğu 99,56 metr, subasımı qabiliyyəti 2500 ton olan gəmilər maksimum 26 düyün sürətə, helikopter eniş platformasına və 111 nəfərlik heyət tutumuna malik olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   Malayziya  


Bizi "telegram"da izləyin