Ukrayna ilə Polşa raketlər və PUA-lar üçün mühərriklərin istehsalında əməkdaşlıq edəcək

2026/06/Ekran-1782535076.jpg
Oxunub: 266     08:37     27 İyun 2026    
Ukrayna və Polşa şirkətləri qanadlı raketlərdə və pilotsuz uçuş aparatlarında istifadə olunan kiçik ölçülü turbojet mühərriklərinin hazırlanması və istehsalı sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın “Unimot” holdinqinin mətbuat xidməti məlumat yayıb.

Bu məqsədlə Ukraynanın “İvçenko-Proqress” Səhmdar Cəmiyyəti Polşanın PZL Defence şirkəti ilə anlaşma memorandumu imzalayıb. Razılaşma mühərriklərlə yanaşı, aviasiya və müdafiə sənayesi üçün digər texnologiyalar üzrə də əməkdaşlığı nəzərdə tutur.

Sənəd 2026-cı il iyunun 25-də Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı (URC2026) çərçivəsində imzalanıb. Layihənin məqsədi Ukrayna konstruktor bürosunun unikal təcrübəsini Avropa İttifaqı və NATO bazarlarına çıxışı olan Polşa şirkətinin sənaye imkanları ilə birləşdirməkdir.

Tərəflər birgə kiçik ölçülü aviasiya güc qurğularını layihələndirməyi və istehsal etməyi planlaşdırırlar. Bundan əlavə, müdafiə sənayesinin yüksək texnologiyalı sahələrində sabit Polşa-Ukrayna təchizat zəncirlərinin yaradılması və yeni mühəndis kadrlarının hazırlanması nəzərdə tutulur.

Unimot bildirib ki, hazırda kiçik turbojet mühərriklərinə bazarda böyük tələbat mövcuddur. Şirkətin açıqlamasında qeyd olunub ki, bu cür həllərə tələbatın artması həm hərbi, həm də mülki təyinatlı pilotsuz sistemlər bazarının sürətlə genişlənməsi ilə bağlıdır. Proqnozlara görə, qarşıdakı on il ərzində bu bazarın həcmi on milyardlarla dollara çatacaq.

Ümumilikdə, Ukrayna və Polşa şirkətləri arasında əməkdaşlığın məqsədi qabaqcıl aviasiya komponentlərinin hazırlanması sahəsində milli bilik və bacarıqları genişləndirməklə Mərkəzi və Şərqi Avropa ölkələrinin müstəqil texnoloji imkanlarını gücləndirməkdir.

Tərəflər öz resurslarından və ali təhsil müəssisələrinin imkanlarından istifadə etməklə aviasiya sənayesi üçün mütəxəssislərin hazırlanması və insan kapitalının inkişafı sahəsində əməkdaşlıq edəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Polşa   Raket   PUA  


Bizi "telegram"da izləyin